AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİN YAYILMASINDA İCTİMAİYYƏTİN ROLU ƏVƏZSİZDİR
Bakı, 23 fevral (AZƏRTAC). Fevralın 23-də Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) birgə təşkilatçılığı ilə “Vətənpərvərlik tərbiyəsinin formalaşmasında və Azərbaycan həqiqətlərinin yayılmasında ictimaiyyətin rolu” mövzusunda respublika konfransı keçirilmişdir.
Konfransı giriş sözü ilə açan AMİ-nin rektoru, professor Aqiyə Naxçıvanlı tədbirin əhəmiyyətini qeyd etmişdir. Bildirmişdir ki, məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilər tərəfindən törədilmiş soyqırımı, etnik təmizləmə, terror və digər antibəşəri cinayətlər, o cümlədən əsir və girovlarla münasibətdə beynəlxalq hüquq normalarının vəhşicəsinə pozulması ilə bağlı faktların ictimaiyyətin, xüsusən tələbə gənclərin diqqətinə çatdırılmasıdır.
AMİ-nin dekanı Telman Haqverdiyev Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin tarixi və xarakteri barədə məlumat vermişdir.
Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri Firudin Sadıqov Azərbaycanda 4 min 133 nəfərin itkin düşmüş şəxs kimi qeydiyyatda olduğunu bildirmişdir. F.Sadıqov demişdir ki, Xocalı soyqırımı zamanı 190 nəfərdən artıq itkin düşmüş şəxs kimi qeydə alınmışdır. Lakin bu, onların dəqiq sayı deyildir. Hazırda Dövlət Komissiyası müxtəlif mənbələrdən məlumatlar toplayaraq itkin düşmüş vətəndaşlarımızın axtarışı istiqamətində ardıcıl fəaliyyət göstərir.
Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin, Respublika Prokurorluğunun birgə istintaq-əməliyyat qrupunun rəhbəri Mehman Poladov bildirmişdir ki, ermənilərin Azərbaycanın Xocalı şəhərində, Qaradağlı, Meşəli, Bağanıs Ayrım və digər kəndlərimizdə törətdikləri vəhşiliklərlə bağlı 286 nəfərin insanlıq əleyhinə cinayətlərdə günahkar bilinərək, təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması üçün qərar qəbul edilmişdir.
İstintaq qrupunun rəhbəri demişdir ki, Xocalı soyqırımı ilə bağlı 38 şəxs barəsində həbs qərarı çıxarılmış və onlar beynəlxalq axtarışa verilmişdir. Hazırda bu istiqamətdə əməliyyat işləri davam etdirilir.
Tədbirdə ermənilərə qarşı igidliklə döyüşmüş, yağı düşmən tərəfindən ağlasığmaz işgəncələrlə qətlə yetirilmiş Fərhad Atakişiyevə həsr olunmuş “Qarabağdır Azərbaycan” filmi nümayiş etdirilmişdir.
######
