AZƏRBAYCAN HÜQUQ ELMİNİN SANBALLI NƏŞRİ
Kitabda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi və xüsusi hissələrinin hər bir normasının mənbəyi Konstitusiyanın maddələrindən çıxarışlar formasında verilmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin isə adının çəkilməsi ilə kifayətlənilmişdir. Azərbaycan Respublikası qanunlarının, normativ-hüquqi və normativ aktlarının tam mətninin, yaxud mahiyyəti üzrə çıxarışların CM-in maddəsinin şərhindən sonra xatırladılması, həmin normanın mühafizə etdiyi ictimai münasibətlərə dair istifadəçinin biliklərinin zənginləşməsinə, normanın tövsifində anlanması çətinlik doğuran hallara dəqiqlik gətirilməsinə imkan verir. Konstitusiya Məhkəməsi qərarlarının aidiyyəti normaya tam mətnlə, Ali Məhkəmə Plenumu qərarlarının isə, özünəməxsusluğu nəzərə alınmaqla, bəndlərlə CM-in müvafiq maddələrinin və ya həmin maddələrin hissələrinin məzmununa uyğun surətdə əlavələr qismində verilməsi, habelə əməlin inzibati məsuliyyətə xas olan əlamətlərinin İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarına istinadən fərqləndirilməsi vəsaitin dəyərliliyinə müsbət təsir edən amillərdəndir. CM-in hər bir maddəsi və onun hissələri üzrə əməlin tərkibinin quruluşuna görə müvafiq bölgüsünün aparılması, cinayətin predmetinin müəyyənləşdirilməsi, cinayətin başa çatmasını bildirən hərəkət və ya hərəkətsizliyin dəqiqləşdirilməsi - bir sıra ədəbiyyatlarda araşdırılmasından yan keçilən və yaxud obyektiv gerçəkliyə uyğun gəlməyən tərzdə izah edilən bu məsələlərin hamısı E.Əfəndiyevin yeni kitabında heç bir istisna olmadan tədqiq edilmiş, mövqe isə qəti və konkret formada bildirilmişdir.
Məsələlərin həll olunmasının konkretliyinə və məzmununun səciyyəviliyinə görə diqqəti cəlb edən bu dərslik nəinki respublikamızda, hətta xarici dövlətlərin hüquq ədəbiyyatı təcrübəsində yeganə olmaqla, orijinallığı ilə fərqlənir.
Cinayət Məcəlləsinin istər Ümumi, istər də Xüsusi hissələrinin normalarının tərtibində yol verilmiş məna anlaşılmazlıqlarının, normadaxili və yaxud normalararası ziddiyyətlərin aradan qaldırılması, düşünülən mənanın tam anlanmasına imkan verməyən ifadə tərzlərinin dəqiqləşdirilməsi üçün, müəllif tərəfindən, yeri gəldikcə maddələrin yeni variantı barədə təkliflər irəli sürülür ki, bu da, istifadədə olan Cinayət Məcəlləsinin təkmilləşdirilməsində əhəmiyyətli rol oynamaqla, nəşrin dəyərinin artmasına öz müsbət təsirini göstərir.
Yeddi il ərzində nəhayətsiz çəkilən zəhmətin yekunu olan bu kitabın istifadəçilərin tələbatını bəyənilən səviyyədə ödəyəcəyi, problemlərə yanaşma üsulları və həlli metodlarının qənaətbəxş qiymətləndiriləcəyi şübhəsizdir. Hər bir hüquqşünasın kitab rəfinin bəzəyinə çevrilə biləcək beşcildlik bu kitab Azərbaycanda müasir hüquq elminin nailiyyətlərindəndir.