Azərbaycan İlahiyyat İnstitutu: “İslam iqtisadiyyatı” dərsliyi nəşr olunub
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Mübariz Camalovun “İslam iqtisadiyyatı” dərsliyi nəşr olunub. İnstitutdan AZƏRTAC-a bildirilib ki, beş fəsildən ibarət dərslik İslamın iqtisadi məsələlərə, xüsusilə müasir dövrdə aktual olan problemlərə münasibəti haqqındadır. Kitab İslam iqtisadiyyatının əsas prinsipləri, mali ibadətlər, miras hüququ, müasir məsələlər və əlavələr bölmələrini əhatə edir.
Birinci fəsildə İslam iqtisadiyyatının ümumi prinsiplərindən bəhs olunur. Burada halal qazancın yolları, mülkiyyət anlayışı və müqavilə nəzəriyyələrindən danışılır. İkinci fəsil zəkat, xüms və sədəqə kimi ibadətlərə həsr olunub. Üçüncü fəsildə İslam hüququnda mühüm yer tutan miras məsələlərinə geniş yer verilib. Dərsliyin dördüncü fəsli isə İslam hüququnun müasir məsələlərini əhatə edir. Bu fəsildə İslam bank sistemi və sığorta haqqında faydalı məlumatlar var. Əlavələr bölümündə isə mehr və nəfəqə haqqında məlumat verildikdən sonra İslam iqtisadiyyatı ilə bağlı ayə və hadisələr qeyd edilir. Sonda isə İslam iqtisadiyyatı haqqında qısa terminlər lüğəti təqdim olunur.
Kitab ilahiyyat sahəsində təhsil alan tələbələr üçün nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” layihəsinə institut müəllimlərinin və bu sahədə çalışan mütəxəssislərin kitablarının nəşri daxildir. Ali təhsil müəssisəsinin qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.