Azərbaycan İlahiyyat İnstitutunun tələbələrinə Fələstin probleminin tarixi haqqında məlumat verilib
Bakı, 19 fevral, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Fələstinin ölkəmizdəki səfiri Nasir Əbdülkərim Əbdürrəhman ilə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Ceyhun Məmmədov Fələstin və Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Rektor Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətindən danışıb. Bu istiqaməti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb. Bildirib ki, dövlətimizin başçısı müsəlman ölkələri ilə əməkdaşlığa böyük önəm verir. Azərbaycanda İslam həmrəyliyinə, multikulturalizmə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirilir. Aİİ-nin fəaliyyət istiqamətləri, hədəfləri haqqında bəhs edən rektor institutun xarici təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduğunu söyləyib.
Sonra çıxış edən səfir Nasir Əbdülkərim Əbdürrəhman Azərbaycanın dünyanın sürətlə inkişaf edən ölkələrindən biri olduğunu, nəhəng layihələrə imza atdığını, paytaxtla yanaşı, regionların da gündən-günə inkişaf etdiyini vurğulayıb, müsəlman ölkəsi olaraq bundan məmnunluğunu ifadə edib. Səfir iki ölkə arasında əlaqələrin keçmişə söykəndiyini, 2011-ci ildə Fələstinin Azərbaycanda səfirliyinin açılması ilə bu əlaqələrin daha da möhkəmləndiyini vurğulayıb.
Görüş zamanı səfir Fələstin probleminin qısa tarixinə və Yaxın Şərqdə sülhün perspektivlərinə toxunub. Ölkənin qədim və indiki dövründən bəhs edən Nasir Əbdülkərim Əbdürrəhman Fələstin probleminin tarixi, bir sıra aspektləri və müasir durumu haqqında ətraflı məlumat verib, bu problemə bir sıra beynəlxalq təşkilatların və aparıcı dövlətlərin münasibətindən söhbət açıb.
Sonda müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.