AZƏRBAYCAN İLƏ BELARUS ARASINDA PENSİYA TƏMİNATI SAHƏSİNDƏ SAZİŞ LAYİHƏSİ MÜZAKİRƏ EDİLMİŞDİR
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Belarusun sosial sığorta və pensiya orqanının mütəxəssislərindən ibarət ekspert qrupunun Azərbaycana səfəri başa çatmışdır.
Səfər çərçivəsində nümayəndə heyəti DSMF-də olmuş, Azərbaycan və Belarus hökumətləri arasında pensiya təminatı sahəsində saziş layihəsinin hazırlanması ilə bağlı məsləhətləşmələr aparmışlar. Üç gün davam edən müzakirələr nəticəsində saziş layihəsi ilə bağlı bir sıra razılaşmalar əldə edilmişdir.
Xatırladaq ki, bu məsələ ilə əlaqədar Belarus nümayəndə heyətinin Azərbaycana ilk səfəri 2007-ci ilin martında olmuşdur. Tərəflər arasında pensiya təminatı sahəsində qarşılıqlı əlaqələri tənzimləyən saziş layihəsi hazırlanmışdır. Ötən dövrdə bir sıra məsələlər, o cümlədən daimi yaşamaq üçün bu və ya digər ölkənin ərazisinə köçmüş şəxslərə pensiyaların təyin edilməsi və ödənilməsi məsələləri müzakirə olunmuşdur.
Ekspertlərin budəfəki görüşü əvvəlki danışıqlarda yaranmış fikir ayrılıqlarının aradan qaldırılması və saziş layihəsi üzərində işin başa çatdırılması məqsədi daşımışdır.