İQTİSADİYYAT
Azərbaycan ilə Gürcüstan arasında gömrük sahəsində əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilmişdir
![Azərbaycan ilə Gürcüstan arasında gömrük sahəsində əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilmişdir](/files/2013/3/1200x630/1407145113652141864_1200x630.jpg)
Bakı, 6 noyabr (AZƏRTAC). Noyabrın 6-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev ölkəmizdə səfərdə olan Gürcüstanın kənd təsərrüfatı naziri Şalva Pipiyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
DGK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Aydın Əliyev Azərbaycan və Gürcüstan arasındakı əlaqələrin ildən-ilə dərinləşdiyini və regionda həyata keçirilən birgə layihələrin bunun bariz nümunəsi olduğunu demişdir. Komitə sədri ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranıb formalaşmasındakı müstəsna xidmətlərini xatırlatmış, Prezident İlham Əliyev tərəfindən bu gün ölkədə həyata keçirilən quruculuq və inkişaf proseslərinin önəmindən bəhs etmişdir.
A.Əliyev regionda neft-qaz kəmərlərinin çəkilişi və enerji təhlükəsizliyi məsələlərinin həllinin məhz Azərbaycan və Gürcüstanın birgə səyləri nəticəsində mümkün olduğunu, o cümlədən nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində də böyük işlər görüldüyünü bildirmiş, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsini tarixi hadisə kimi qiymətləndirmişdir.
Komitə sədri daha sonra bildirmişdir ki, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, gömrük müstəvisində də qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir və müsbət məcrada inkişaf edən bu münasibətlərin davamlılığının təmin olunması zəruridir.
Şalva Pipiya Azərbaycana səfərindən və Bakı şəhərinin timsalında ölkədə görülən böyük işlərdən məmnunluğunu diqqətə çatdırmışdır. İki qonşu ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan qonaq yaxın perspektivdə qarşılıqlı əməkdaşlığın daha da genişləndiriləcəyinə əminliyini ifadə etmişdir.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılmışdır. Eyni zamanda tərəflər Azərbaycan və Gürcüstan arasında kənd təsərrüfatı məhsullarının ixracı zamanı sərhəd keçid məntəqələrində yarana biləcək problemlərin yerindəcə həlli, bu istiqamətdə birgə səylərin artırılması, həyata keçiriləcək konkret tədbirlərlə bağlı məsələləri müzakirə etmişlər.
Görüşdə Gürcüstan Respublikası Maliyyə Nazirliyinin gəlirlər idarəsinin rəhbəri Georgi Bubuteşvili və Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze də iştirak etmişlər.