Azərbaycan ilə İtaliyanın fövqəladə hallarla mübarizə üzrə aidiyyəti qurumları arasında əlaqələr genişlənir
Bakı, 15 dekabr, AZƏRTAC
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İtaliyanın ölkəmizdəki səfiri Klaudio Taffuri ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kəmaləddin Heydərov Azərbaycan və İtaliya arasında yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin mövcudluğunu xatırladıb. O, bu çərçivədə iki ölkənin fövqəladə halların idarə edilməsi üzrə məsul qurumları arasında əlaqələrin genişləndirilməsi üçün potensial imkanlardan istifadə edilməsinin əhəmiyyətini vurğulayıb.
Sonra FHN-in fəaliyyəti, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən işlər barədə səfirə məlumat verən nazir iki ölkənin uyğun qurumları arasında ayrı-ayrı istiqamətlər, o cümlədən mülki müdafiə sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün müxtəlif səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin faydalı olacağına diqqət çəkib. Bu istiqamətdə 2011-ci il mayında Romada imzalanmış “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və İtaliya Respublikasının Nazirlər Şurası Sədrliyinin Mülki Müdafiə Departamenti arasında mülki müdafiə sahəsində əməkdaşlıq, fövqəladə hallar zamanı yardım və qarşılıqlı fəaliyyət haqqında Anlaşma Memorandumu” əsasında müvafiq tədbirlərin reallaşdırılmasının əhəmiyyəti qeyd olunub.
Səfir Klaudio Taffuri hər iki ölkə arasında mövcud yüksək səviyyəli əməkdaşlıq münasibətləri çərçivəsində fövqəladə hallarla mübarizə üzrə aidiyyəti qurumların əlaqələrinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Bu sahədə İtaliyanın Bakıdakı səfirliyi tərəfindən dəstəyin davam etdiriləcəyi vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən FHN-in Akademiyasının və İtaliyanın müvafiq tədris müəssisələri arasında ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.