Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
İslamabad, 25 yanvar, АZƏRTAC
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistan-Azərbaycan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının həmsədri, Pakistanın neft və təbii ehtiyatlar naziri Şahid Xaqan Abbasi ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Pakistan arasında münasibətlərin inkişafından, ötən ilin sonlarında Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərifin Azərbaycana uğurlu səfərindən məmnunluq ifadə olunub.
Səfir digər sahələrlə yanaşı, ticari-iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi istiqamətində də işlərin davam etdirildiyini, ölkə rəhbərliyinin tapşırıqları əsasında yaxın aylarda Azərbaycandan Pakistana iqtisadi sahə ilə bağlı nümayəndə heyətinin səfər edəcəyini bildirib.
Görüşdə, həmçinin enerji və nəqliyyat sahəsində əməkdaşlığın inkişafı, müqavilə-hüquq bazasının genişləndirilməsi, iki ölkə arasındakı ticarət dövriyyəsinin daha da yüksəlməsi, Pakistan-Azərbaycan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının iclaslarının nəticələrindən irəli gələn məsələlərin icrası, qarşılıqlı səfərlərin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb.
Ş.X.Abbasi Pakistanın Azərbaycan ilə əlaqələrin daha da inkişafında maraqlı olduğunu bildirib və bu istiqamətdə Komissiyanın böyük rolunu vurğulayıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad