Azərbaycan ilə Yaponiyanın “Shinyei Kaisha” şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Tokio, 31 avqust, AZƏRTAC
Azərbaycan ilə Yaponiyanın “Shinyei Kaisha” şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə keçirilən görüşdə səfir Gürsel İsmayılzadə “Shinyei Kaisha” şirkətinin prezidenti Hideo Akazavaya ölkəmizin hazırkı iqtisadi vəziyyəti, qeyri-neft sektorunun, o cümlədən, kənd təsərrüfatı, turizm, nəqliyyat, yüksək texnologiyalar və digər sahələrin inkişafına verilən yüksək önəm haqqında geniş məlumat verib, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün həyata keçirilən tədbirlər, iqtisadi sabitliyi qorumaq istiqamətində atılan vacib addımlardan danışıb. Dövlətimizin başçısının pandemiya zamanı, ilk növbədə, xalqın həyatı və sağlamlığına prioritet əhəmiyyət verdiyini vurğulayıb.
H.Akazava koronavirus epidemiyasının Yaponiya iqtisadiyyatına da güclü zərər vurduğunu qeyd edib. Pandemiyanın “Shinyei Kaisha” şirkətinin fəaliyyətinə mənfi təsirindən danışıb.
Görüş zamanı G.İsmayılzadə “Shinyei Kaisha” şirkətinin ölkəmizlə sıx əməkdaşlığını nəzərə alaraq, H.Akazavanı Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının üzvü olmağa dəvət edib.
Qeyd edək ki, “Shinyei Kaisha” şirkəti 1887-ci ildə Yaponiyanın Kobe şəhərində yaradılıb və hazırda da şirkətin baş ofisi həmin şəhərdə yerləşir. Şirkətin Yaponiyada və xarici ölkələrdə, o cümlədən Azərbaycanda nümayəndəliyi var. “Shinyei Kaisha” digər sahələrlə yanaşı, təbii fəlakətlərin qarşısının alınması texnologiyalarının, infrastruktur və təbii sərvətlərin mənimsənilməsi üzrə texnikanın, metal məhsulların, sınaq maşınlarının təchizatçısı və qurucusu kimi dünyada ilk sıralarda yer alır. “Shinyei Kaisha” şirkəti, həmçinin Azərbaycanda təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması və bir sıra layihələrin texniki təminatında fəal iştirak edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio