Azərbaycan karateçisi Yaponiyada gümüş medal qazanıb
Bakı, 30 noyabr, AZƏRTAC
Karate üzrə Azərbaycan milli komandasının kapitanı Şahin Atamov (+84 kq) Yaponiyada Premyer Liqanın gümüş medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, idmançımız finalda İran milli komandasının favoritlərindən Səyad Gənczadə ilə (fərdi yarışlarda son dünya ikincisi və komanda yarışlarında çempion) üz-üzə gəlib. Görüşün əsas vaxtı heç-heçə bitsə də, beş hakimdən 3-ü qələbəni (xante ilə) rəqibə verib. Azərbaycan karateçisi isə fəxri kürsünün ikincisi olub. Bu medal Ş. Atamovun (şəxsi məşqçisi Şahin Xudaverdiyev, milli komandada məşqçisi Rəhman Hətəmov) 2015-ci il Premyer Liqalarında 3-cü gümüş mükafatıdır.
Yanvarda Parisdə 2-ci yeri tutan Ş. Atamov fevralda Hollandiyanın Almere şəhərində analoji turniri də eyni nəticə ilə başa vurub. Bundan başqa, dünya reytinqində 5-ci olan karateçi Yaponiyada qazandığı gümüş medalla 3-cü pilləyə yüksəlib.
Qeyd edək ki, Okinavada Dünya Karate Federasiyasının (WKF) Premyer Liqa seriyasından ilin son nüfuzlu yarışında 38 ölkədən 207 idmançı iştirak edib. Turnirdə Azərbaycanı yalnız Şahin Atamov təmsil edib. Azərbaycan karateçilərinin növbəti Premyer Liqa turniri 2016-cı ilin yanvarında Parisdə keçirilməsi nəzərdə tutulur.