AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ PREZİDENTİ, AKADEMİK MAHMUD KƏRİMOVUN ÇIXIŞI
Hörmətli mərasim iştirakçıları!
Bu gün biz buraya əlamətdar bir hadisə - Azərbaycan xalqının dahi oğlu, türk dünyasının şöhrətli şəxsiyyəti, ümummilli liderimiz Heydər Əliyevə həsr edilmiş “ Dünyanı heyran qoyan insan” kitabının təqdimatı münasibətilə toplaşmışıq.
Belə bir kitabın hazırlanıb oxuculara çatdırılmasına görə mən, ilk növbədə, nəşrin ideya müəllifi və buraxılışına məsul, fəlsəfə elmləri doktoru, professor, Prezident Administrasiyasının rəhbəri hörmətli Ramiz Mehdiyevi, habelə tərtibçiləri, bu işdə əməyi olanların hamısını təbrik etmək istərdim. Nəfis tərtibatı olan və yüksək poliqrafik səviyyədə çap edilmiş bu kitabın Əliyevşünaslığa layiqli töhfələrdən biri olduğunu desəm, yəqin ki, səhv etmərəm.
Kitabın əvvəlində professor Ramiz Mehdiyevin “Əsl vətəndaş, böyük səxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr” adlı çox geniş və əhatəli məqaləsi verilmişdir. Əslində, bu, ümummilli liderimizin çoxşaxəli fəaliyyətini nəzəri baxımdan təhlil süzgəcindən keçirən fəlsəfi–tarixi səpkili tədqiqat əsəridir. Eyni zamanda, burada müəllifin qoyduğu məsələlər və gəldiyi nəticələr kitabda toplanmış digər materialların ümumi ruhu ilə həmahəng olub, Heydər Əliyev şəxsiyyəti haqqında müxtəlif insanların dilindən səslənən fikirlərin heç də təsadüfi, sözgəlişi deyilmədiyini sübut edir.
Müəllif bu tədqiqatında unudulmaz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq bir dövrdə, eyni zamanda, keçmiş nəhəng sovet dövlətinin ən nüfuzlu rəhbərlərindən biri olduğu illərdə doğma xalqına, vətəninə xidmətlərini və bunun ölkəmizin taleyindəki həlledici nəticələrini aydın və inandırıcı formada, dərin məntiqliklə və konkret faktlarla açıb göstərmişdir. Buna misal olaraq, xalqımızın dahi oğlunun respublikaya rəhbərliyinin hələ birinci dövründə, Moskvada işlədiyi illərdə, 1990-ci ilin Qanlı yanvar hadisələri zamanı, Naxçıvanda yaşadığı vaxtdakı fəaliyyətindən faktlar göstərmək mümkündür.
Lakin mən 1993-cü ilin iyununu – müstəqil Azərbaycanın ən faciəli dövrünü xatırlatmaq istəyirəm. Hörmətli Ramiz Mehdiyev həmin dövrü və Heydər Əliyevin tarixi Qayıdışının Azərbaycanın taleyindəki rolunu belə səciyyələndirir:
“1993-cü ilin iyununda Azərbaycan xalqı müstəqilliyə qovuşmuş dövlətin idarə olunmasını Heydər Əliyevə etibar etdikdə, bu dövlətin taleyi Tanrının ümidinə qalmışdı. Ölkədə hakimiyyətsizlik, qarmaqarışıqlıq və hərc–mərclik baş alıb gedirdi: manatın məzənnəsi sürətlə aşağı düşür, sənaye və kənd təsərrüfatı istehsalının səviyyəsi günbəgün azalır, çörək və digər ən zəruri ərzaq məhsulları üçün alçaldıcı növbələr düzülür, bir sıra bölgələrdə separatçılıq əhval-ruhiyyəsi güclənir, cinayətkar ünsürlər meydan sulayır, insanlar etnik zəmində təqiblərə məruz qalır, şəhər və rayonlarda qətl–qarətlər törədilir, ziyalılar baş götürüb ölkədən qaçır, hakimiyyət iddiasında olan qruplaşmalar arasında silahlı toqquşmalar baş verir, Ermənistan silahlı birləşmələri ilə bəsit özünümüdafiə səviyyəsində müharibə aparılırdı, Xalq Cəhbəsi hökumətinin və ayrı–ayrı şəxslərin yaratdığı silahlı dəstələr arasında cəbhə xəttində adicə hərbi nizam–intizam və tabeçilik yox idi.
Bütün bunların nəticəsi olaraq, Azərbaycanın yaşayış məntəqələri və rayon mərkəzləri bir–birinin ardınca düşmənə təhvil verilir, Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağı və ona bitişik rayonları işğal edirdilər. Adama elə gəlirdi ki, bu ümummilli fəlakətdən, hakimiyyəti zor gücünə ələ keçirən, lakin bu yükün bütün ağırlığını və məsuliyyətini dərk etməyən adamların cinayətkarcasına məsuliyyətsizliyi nəticəsində ölkənin düşdüyü çox ağır vəziyyətdən çıxış yolu yoxdur.
Heydər Əliyev heyrətamiz iradə məqsədyönlülüklə ölkəni bu şəksiz fəlakətdən xilas etməyə girişdi. O, belə bir sadə və eyni zamanda, böyük həqiqəti rəhbər tuturdu: nə qədər ki, insanlar özlərinin həyatı və yaşamaq hüququ uğrunda, müstəqillik və milli dövlətçilik uğrunda mübarizə aparmağa qadirdirlər, onlar üçün ictimai əmin–amanlığın və barışığın bərqərar olmasında, nə də yaranmış siyasi, sosial və iqtisadi böhrandan çıxış yollarının tapılmasında dəfedilməz maneələr yoxdur və ola da bilməz.
Azərbaycan vətəndaşları bu taleyüklü dövrdə də Heydər Əliyevin sadiq müttəfiqləri oldular, ilk növbədə, özlərinə hörməti bərpa etmək üçün bütün iradəsini və həyat enerjisini səfərbər edə bildilər. Məhz Heydər Əliyevin qayıdışı sayəsində Azərbaycan xalqında ruh yüksəkliyi yarandı, xalq sanki ümidsiz olan bir vəziyyətdə perspektivləri gördü, onda öz gələcəyinə inam oyandı. Ölkə dərin ictimai, siyasi və iqtisadi böhranı aradan qaldıra bildi. Azərbaycan təcrid vəziyyətindən çıxdı və dünya birliyinin üzvü oldu, mötəbər beynəlxalq təşkilatlara qəbul edildi”.
Müstəqil Azərbaycanın tarixində böyük dönüşün və yüksəlişin təməlinin qoyulduğu həmin vaxtdan ötən on il ərzində dahi Heydər Əliyevin rəhbərliyi ilə ölkəmiz əsrə bərabər yol keçərək, dünyada öz səsi, öz yeri, öz çəkisi olan, həqiqətən sayılıb–seçilən bir respublikaya, regionun aparıcı dövlətinə çevrildi. Bu, əsl vətəndaş, böyük səxsiyyət, qüdrətli, xarizmatik lider olan Heydər Əliyevin zəng dövlətçilik, idarəetmə təcrübəsinin, diplomatik məharətinin təntənəsi idi.
Bunu təkcə keçmiş SSRİ məkanında deyil, bütün dünyada etiraf və qəbul edirlər. Ona görə də dünyanın ən məşhur siyasi və dövlət xadimləri, müxtəlif sahələri təmsil edən tanınmış şəxsiyyətlər Azərbaycanın son on ildə keçdiyi yola nəzər salarkən əldə olunmuş uğurları bilavasitə Heydər Əliyevin adı ilə bağlayırlar.
Professor Ramiz Mehdiyev xalqımızın dahi oğlunun dünyanın siyasət səhnəsinin liderləri sırasına çıxmasından bəhs edərkən yazır:
“Heydər Əliyev iki əsrin ayrıcında öz ölkəsinin dövlət adlı gəmisini qlobal sarsıntılar dövrünün fırtınalarından sağ-salamat və uğurla keçirərək, ölkənin milli dəyərlərinin, insanların mənəvi sağlamlığının, özlərinə inamının qorunub saxlanmasına müvəffəq olmuşdur. Siyasətin ön səhnəsində olduğu 34 il ərzində o, XX və XXI əsrlərin görkəmli siyasətçilərindən biri kimi, müasir dövrün böyük siyasi lideri kimi bütün dünyada tanınmışdır. Görkəmli siyasi xadim, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə sabiq köməkçisi Zbiqnev Bjezinski dövlətimizin başçısı haqqnıda bu fikirdədir: “ Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət - bir sözlə, şəksiz liderdir”.
Heydər Əliyev fenomeninə dünyada maraq çox böyükdür və bu maraq illər ötdükcə azalmır, əksinə, getdikcə artır. Mən tam cəsarətlə deyə bilərəm ki, Heydər Əliyev son yarım əsrdə dünyada çox az sayda, keçmiş SSRİ məkanında isə yeganə siyasi liderdir ki, onun şəxsiyyətinə bu dərəcədə böyük maraq göstərilsin. Ona görə də Franklin Ruzvelt, Uinston Çörçill, Şarl de Qoll kimi, Heydər Əliyevin də hələ sağlığında canlı əfsanəyə çevrildiyini deyənlər, onu Mərkəzi Asiyanın Corc Vaşinqtonu adlandıranlar tamamilə haqlıdırlar.
Bu gün təqdimatına toplaşdığımız kitabda verilmiş materialları oxuduqca, dediklərimizə neçə-neçə belə misallar gətirə bilərik. Kitabla tanış olarkən qürur, iftixar hissi keçirməmək mümkün deyildir. Hesab edirəm ki, “Dünyanı heyran qoyan insan” kitabı gələcəkdə Heydər Əliyev fenomeninin araşdırılması ilə məşğul olacaq tədqiqatçılar üçün dəyərli mənbə olmaqla yanaşı, ali məktəblərdə humanitar fənlərdən dərs deyən müəllimlər üçün də çox faydalıdır.
Müstəqil Azərbaycan yaşadıqca, xalqımız var olduqca, Heydər Əliyevin ideyaları da yaşayacaq, bugünkü və gələcək nəsillərə yol göstərəcəkdir. Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, miqyasını tanıtmaq işində uğurlu təşəbbüslərdən biri olan bu kitabın nəşrini alqışlayır və diqqətinizə görə hamınıza təşəkkürümü bildirirəm.
Sağ olun.