AZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTUNDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİ ANILMIŞDIR
Öncə, institutun müəllim və tələbələri Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoymuş, xatirəsini dərin ehtiramla yad etmişlər.
Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə qızıl güllər düzülmüşdür.
İnstitutun akt zalında keçirilən mərasimdə rektor Aqiyə Naxçıvanlı müdrik və uzaqgörən şəxsiyyət Heydər Əliyevin dahiliyinin hamılıqla qəbul olunduğunu qeyd etmiş, böyük siyasət aləmində, dövlətimizin taleyüklü məsələlərinin çözülməsində həlledici söz deyən ulu öndərin şərəfli ömrünün xalqımızın taleyi ilə sıx bağlılığını nəzərə çarpdırmışdır. Natiq Heydər Əliyev amallarının xalqın gündəlik fəaliyyətində və düşüncəsində yaşadığını bildirərək, bu amalların xalqımızı tərəqqi zirvəsinə doğru inamla aparan, dahi rəhbərimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirildiyini vurğulamışdır.
Mərasimdə digər çıxış edənlər müstəqil dövlətmizin banisi və qurucusu Heydər Əliyevin fəaliyyətini örnək kimi qəbul etdiklərini bildirmiş və Tanrıdan ona rəhmət diləmişlər.
Sonda Yeni Azərbaycan Partiyasına yeni qəbul edilənlərə üzvlük biletləri təqdim olunmuşdur.