Azərbaycan Mülki Aviasiya Muzeyində Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilən tədbir keçirilib
Bakı, 26 fevral, Gülnar Bəşirova, AZƏRTAC
Fevralın 26-da Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində anım mərasimi keçirilib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli Aviasiya Akademiyasından AZƏRTAC-a bildiriblər ki, muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Firəngiz Hüseynova ermənilərin tarix boyu Azərbaycan xalqına, onun torpaqlarına qarşı həyata keçirdikləri işğalçılıq və soyqırımı siyasəti haqqında ətraflı məlumat verib.
Muzeyin əməkdaşı Rübabə Əbiyeva tədbirdə "Xocalı soyqırımı və aviasiyamız" adlı mühazirə ilə çıxış edərək, bu soyqırımının bütün dəhşətləri, ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddiaları, Xocalı aeroportunun aviasiya tariximizdəki yeri və onun müdafiəsi üçün canlarından keçən milli qəhrəmanlarımızın, Xocalı səmasında hünər göstərmiş igid aviatorlarımızın fədakarlıqları haqqında məlumat verib.
Tədbirin sonunda əsrlər boyu xalqımıza qarşı erməni millətçiləri tərəfindən həyata keçirilmiş etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətini əks etdirən videomaterial, həmçinin “Xocalıya ədalət!” kampaniyasına qoşularaq genişmiqyaslı aksiya keçirən Milli Aviasiya Akademiyasının tələbələrinin hazırladığı videoçarx nümayiş olunub.