MƏDƏNİYYƏT
Azərbaycan muzeyi Sergey Yeseninin 125 illik yubileyi münasibətilə yaradılacaq klasterə daxil ediləcək
Moskva, 18 fevral, AZƏRTAC
Görkəmli rus şairi Sergey Yeseninin 125 illik yubileyi münasibətilə beynəlxalq klaster yaradılacaq.
AZƏRTAC xəbər verir ki, S.A.Yesenin adına Ryazan Dövlət Universitetində yaradılacaq platforma dahi şairin adını daşıyan muzey, kitabxana və elmi mərkəzləri birləşdirəcək. Klastera S.Yeseninin Mərdəkandakı ev-muzeyi də daxil olacaq. Görkəmli şairin adı ilə bağlı olan müəssisələr platforma çərçivəsində tədqiqatlar, keçirilən tədbirlər, sərgilər barədə informasiya mübadiləsi aparacaqlar.
Qeyd edək ki, Sergey Yesenin 1895-ci ildə Rusiyada, Ryazan yaxınlığındakı Konstantinovo kəndində dünyaya gəlib. 1924-1925-ci illərdə o, Bakıda yaşayıb. Bu dövr ərzində Bakı mətbuatında 51 əsəri, “Əlvida, Bakı” şeiri dərc olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva