“Azərbaycan nəsr antologiyası”nın təqdimatı olmuşdur
Bakı, 19 aprel (AZƏRTAC). Azərbaycan Yazıçılar Birliyində (AYB) rus dilində üçcildlik “Azərbaycan nəsr antologiyası”nın təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, tərtibçi və ön sözün müəllifi, filologiya elmləri doktoru, professor Həsən Quliyev nəşrin hazırlanması ilə bağlı görülmüş işlərdən danışmışdır. Qeyd olunmuşdur ki, antologiya Azərbaycan nəsrinin yaranmasından bu günədək inkişaf prosesini əks etdirir.
Antologiyaya klassiklərin və müasir yazarların əsərləri daxil edilmişdir. Onların sayəsində qismən Azərbaycan ədəbiyyatının, bütövlükdə isə Azərbaycan cəmiyyətinin dövrlərini və təşəkkülünü izləmək olar. Üçcildliyə kiçik formalı ədəbi janrda yazılmış əsərlər-povest, hekayə, novella, oçerk və esselər daxil edilmişdir.
Antologiyanın tərtibi zamanı müasir tələblər nəzərə alınmışdır. Müxtəlif nəslə mənsub yazıçıları bir yerə yığmaq lazım gəlmişdir. Nəşrə M.S.Ordubadinin Qarabağ haqqında hekayəsi, mühacir ədəbiyyatı nümayəndələrinin indiyədək məlum olmayan əsərləri, repressiya qurbanı olmuş, adları gizli saxlanılmış yazıçıların, həmçinin gənc yazarların əsərləri daxil edilmişdir.
H.Quliyev qeyd etmişdir ki, bu cür nəşrə çoxdan tələbat yaranmışdı, çünki analoji nəşr 60 il bundan əvvəl işıq üzü görmüşdür.
Son illər Xalq Yazıçısı Anarın təşəbbüsü ilə iki böyük layihə həyata keçirilmişdir - “Azərbaycan poeziyası antologiyası” və “Azərbaycan nəsr antologiyası”.
Gələcəkdə “Azərbaycan dram antologiyası”nın nəşri planlaşdırılır.
AYB-nin sədri, Xalq Yazıçısı Anar, bu qurumun katibi, Xalq Yazıçısı Çingiz Abdullayev, Milli Məclisin deputatı, publisist Elmira Axundova və təqdimatda çıxış edən digər mədəniyyət xadimləri qeyd etmişlər ki, ədəbiyyatımızın ölkənin hüdudlarından kənarda da oxunması vacibdir. Antologiya rusdilli oxucular üçün nəzərdə tutulmuşdur.
Azərbaycan mədəniyyətinin, o cümlədən ədəbiyyatımızın xaricdə tanınmasında və təbliğində Heydər Əliyev Fondunun böyük rolu vurğulanmışdır.
Nəşrin baş redaktoru Xalq Yazıçısı Anardır.
Redaksiya heyətinə Anar, Çingiz Abdullayev, Kamal Abdulla, Elmira Axundova, Həsən Quliyev, Nazim İbrahimov, Solmaz İbrahimova, Azər Mustafazadə daxildir.
Nəşrin üz qabığında XIX əsr Qazax məktəbinə aid Azərbaycan xalçaları təsvir olunmuşdur.
Antologiya AYB-nin xətti ilə “Nurlan” nəşriyyatında işıq üzü görmüşdür.