Azərbaycan nümayəndə heyəti Avropa Ədalətli Oyunlar Hərəkatının Assambleyasında iştirak edib
Bakı, 7 iyun, AZƏRTAC
Belçikanın paytaxtı Brüsseldə Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) Baş Assambleyası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri (AzƏOK), AƏOH-un İcraiyyə Komitəsinin üzvü Xəzər İsayev və AzƏOK-un məsul katibi Aysel Sultanova təmsil ediblər.
Assambleyada Avropa Parlamentinin üzvü Mark Tarabella, Belçikanın gənclər, idman və inkişaf naziri Valeri Qlatınyi, Belçika Olimpiya Komitəsinin prezidenti Jan Mişel, Belçika Pentatlon Federasiyasının prezidenti Evelin Hyutebruk və digər rəsmi qonaqlar iştirak ediblər.
Tədbirin açılışında çıxış edən AƏOH-un yeni prezidenti Filip Üzyo qurumun mənzil qərargahının Avstriyadan Belçikaya köçürüldüyünü və bunun strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb. O qeyd edib ki, Hərəkatın yeni rəhbərliyi və üzvlərinin birgə fəaliyyəti nəticəsində müəyyənləşdirilmiş strategiyaya əsasən, qurum bundan sonra da ədalətli oyun və Olimpiya dəyərlərini qarşılıqlı şəkildə təbliğ edəcək.
Sonra Avropa Olimpiya Komitəsinin Prezidenti Spiros Kapralosun videomüraciəti səsləndirilib.
Tədbirdə AOƏH-un nəzdində fəaliyyət göstərən müxtəlif komissiyalara üzvlərin namizədlikləri təsdiqlənib. AzƏOK-un məsul katibi Aysel Sultanova AƏOH-un Kommunikasiya Komissiyasının üzvü seçilib.
Qeyd edək ki, Avropa Ədalətli Oyunlar Hərəkatı 28 ildir fəaliyyət göstərir. Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası 1998-ci ildən bu qurumun fəal üzvü olaraq uğurlu əməkdaşlığını davam etdirir.