Azərbaycan nümayəndə heyəti İstanbulda “Dənizlərin və okeanların qorunması” mövzusunda iclasda iştirak edib
Bakı, 2 aprel, AZƏRTAC
Aprelin 2-də Türkiyənin İstanbul şəhərində Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) Parlament Assambleyası ilə Baltik Dənizi Parlament Konfransının (BSPC) birgə daimi komitə iclası keçirilib. İclasın əsas hissəsi “Dənizlərin və okeanların qorunması” mövzusuna həsr edilib. İclasa QDİƏT PA-nın sədr müavini, Türkiyə Böyük Millət Məclisinin qurumdakı nümayəndə heyətinin rəhbəri Cəmal Öztürk sədrlik edib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Eldar Quliyev mövzu ətrafında çıxış edib. Natiq çıxışında Xəzər dənizində olan ekoloji vəziyyət haqqında məlumat verib. Eldar Quliyev, həmçinin Azərbaycanın Xəzər dənizinin ölkəmizə aid hissəsində ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün atdığı addımlar haqqında da söhbət açıb.
Görüşdə QDİƏT PA-nın İstanbulda yerləşən Beynəlxalq Katibliyinə aid daxili nizamnaməsində aparılacaq dəyişikliklərlə bağlı müzakirələr aparılıb.