Azərbaycan Ordusu öz suveren hüququndan istifadə edərək torpaqlarımızı işğaldan azad edir
Bakı, 6 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC
Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad edir və Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Prezident İlham Əliyevin xalqa müraciəti, əslində, işğalçı Ermənistana növbəti xəbərdarlıq idi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
Deputat deyib ki, düşmən anlamalıdır ki, eskalasiyanın şiddətlənməsinin başlıca səbəbkarı Ermənistan özüdür. Otuz ilə qədər sülh danışıqlarının nəticəsiz davam etməsinin də əsas səbəbkarı işğalçı ölkə və onu dəstəkləyən xarici dairələrdir. Ermənistan münaqişənin mərhələli şəkildə həlli ilə bağlı baza prinsiplərindən geri çəkilərək, status-kvonun möhkəmlənməsinə, münaqişənin dondurulmasına çalışırdı. Lakin təbii ki, Azərbaycan bu vəziyyətlə barışa bilməzdi, istər sərhəddə, istərsə də təmas xəttində erməni təxribatları fonunda “status-kvo” sonsuza qədər davam edə bilməzdi.
Könül Nurullayeva deyib ki, bu gün Azərbaycan Ordusu öz suveren hüququndan istifadə edir, Azərbaycan əsgəri öz tarixi torpaqlarında antiterror əməliyyatı aparır. Əslində, Böyük Qayıdış 4 il əvvəl Aprel döyüşləri zamanı Cocuq Mərcanlının azad olunması ilə başladı. Cocuq Mərcanlının qısa müddətdə abad yaşayış məntəqəsinə çevrilməsi düşmən ölkədə psixoloji sarsıntıya səbəb oldu. İndi isə ordumuz Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad edib. İşğalçı ölkənin rəhbərliyi dərk edir ki, işğaldan azad etdiyimiz ərazilərdə Cocuq Mərcanlıda olduğu kimi böyük quruculuq işləri aparılacaq. Azərbaycan məhz öz daxili imkanları hesabına bu əraziləri bərpa edəcək, tarixi torpaqlarımızda həyat yenidən öz axarına qayıdacaq. Dini abidələrimiz, məscidlərimiz yenidən bərpa olunacaq və Azərbaycan ərazilərinin işğaldan azad edilən hissəsi regionun ən münbit və ən inkişaf etmiş zonasına çevriləcək.