Azərbaycan polisinin güclü maddi-texniki bazası və peşəkar kadr heyəti var
Füzuli, 2 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Horadiz şəhərində Azərbaycan polisinin yaranmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin və hüquq mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə əklil və gül dəstəsi düzüblər. Sonra Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, çətin və şərəfli yol keçmiş Azərbaycan polisi müstəqil dövlətçiliyimizin qorunmasında böyük rol oynayıb, vətəndaşlarımızın hüquq və azadlıqlarının keşiyində ayıq-sayıq dayanıb. Polis əməkdaşları Vətənimizin ərazi bütövlüyü uğrunda müharibədə də fəal iştirak edib. Azərbaycan Polisi bu gün güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.
Vurğulanıb ki, respublikamızın polis orqanlarının qabaqcıl dəstəsindən biri olan Füzuli rayon polisi rayonda ictimai asayişin, əmin-amanlığın qorunmasında öhdəsinə düşən müqəddəs vəzifəni ləyaqətlə yerinə yetirir.
Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup polis əməkdaşı fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.