AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “ŞÜVƏLAN PARK” TİCARƏT MƏRKƏZİNİN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR
Noyabrın 19-da Bakının Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsində “Şüvəlan Park” ticarət mərkəzinin açılışı olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu münasibətlə keçirilən mərasimdə iştirak etmişlər.
Bakının ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı proqramının icrası nəticəsində müxtəlif obyektlər inşa olunaraq əhalinin istifadəsinə verilir. Bunlar şəhərətrafı qəsəbələrin simasını dəyişməklə yanaşı, yeni iş yerlərinin açılmasına imkan yaradır. Şüvəlanda yeni tikilmiş “Şüvəlan park” ticarət mərkəzi də belə obyektlərdən biridir. Müxtəlif təyinatlı mağaza, restoran və əyləncə mərkəzlərinin cəmləşdiyi kompleksdə qəsəbə əhalisinin həm istirahəti, həm də alış-verişi üçün hər cür şərait yaradılmışdır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva rəmzi açılışı bildirən lenti kəsdikdən sonra mərkəzlə tanış oldular. Dövlətimizin başçısına məlumat verildi ki, “Paşa İnşaat” şirkəti tərəfindən tikilmiş və ümumi sahəsi 15 min kvadratmetr olan mərkəzdə 32 mağaza var və digər obyektlər yerləşir. Bakının mərkəzində fəaliyyət göstərən tanınmış firmalar ilk dəfə paytaxtın qəsəbəsində öz filiallarını açmışdır. Ticarət mərkəzində əsasən xarici ölkələrin tanınmış firmalarının istehsalı olan mallar satılacaqdır.
Mərkəzdə işləyəcək 230 nəfərin 90 faizini yerli sakinlər təşkil edəcəkdir. Burada müştərilərə həm də bank, rabitə, turizm xidmətləri təklif olunacaq, aptek, uşaq əyləncə mərkəzi və s. fəaliyyət göstərəcəkdir. Mərkəzdə yeraltı qaraj da tikilmişdir.
Müxtəlif təyinatlı mağazaların fəaliyyəti ilə tanış olan Prezident İlham Əliyev “McDonalds”ın yeni filialında yaradılan şəraitlə də maraqlandı. Bildirildi ki, bu filialda 80 nəfər işləyəcək və onların hamısı xüsusi məşğələlər keçmişdir. Əyləncə salonundakı şərait də maraq doğurdu. 3-14 yaşlı uşaqlar üçün nəzərdə tutulan salonda istirahət üçün bütün şərait yaradılmışdır.
Dövlət başçısının burada basketbol topunu səbətə atması alqışlarla qarşılandı.
Prezident İlham Əliyev mərkəzin ayrı-ayrı sahələrini gəzdi, paytaxtın kənd və qəsəbələrində bu cür ticarət mərkəzlərinin olmasını yüksək qiymətləndirdi, müasir standartlara cavab verən mərkəzdə insanların alış-veriş etməsi, işləməsi üçün rahat, mədəni şərait yaradılmasından razılığını bildirdi.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |







