AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏRDƏ VƏ YEVLAX RAYONLARINA SƏFƏRİ
ULU ÖNDƏRİN ABİDƏSİNİ ZİYARƏT
Bərdə, 2 mart (AZƏRTAC). 2004-2008-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı ölkəmizin bütün bölgələri, o cümlədən Bərdə rayonunun inkişafında mühüm rol oynamışdır. Prezident İlham Əliyev cəbhə bölgəsində yerləşən, Azərbaycanın qədim paytaxtlarından biri olmuş Bərdəyə ötən illərdə bir neçə dəfə səfər etmiş, Qarabağın bu dilbər guşəsində görülən işlərlə tanış olmuşdur. 142 mindən çox əhalisi olan, eləcə də 35 minə qədər qaçqın və məcburi köçkünün məskunlaşdığı Bərdə respublikamızın ən sürətlə inkişaf edən rayonlarından biridir. Ötən 5 ildə rayonda 9337 yeni iş yeri yaradılıb ki, bunlardan da 5568-i daimidir. 2008-ci ildə əvvəlki illə müqayisədə rayonda ümumi məhsul buraxılışı 44,6 faiz artaraq, faktik qiymətlərlə 160,3 milyon manat təşkil etmişdir. Sənayedə artım 34 faiz, kənd təsərrüfatında 35,8 faiz olmuşdur. Bərdə rayonunda infrastrukturun, təhsil və səhiyyənin inkişafı da diqqət mərkəzində saxlanılmışdır. Son 5 ildə rayonda 13 orta məktəb, o cümlədən Heydər Əliyev Fondunun dəstəyi ilə 3 məktəb tikilmiş, onların hamısı kompyuterlərlə və müxtəlif əyani dərs vəsaitləri ilə təmin olunmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ildə regionlara ilk səfərini cəbhə bölgəsində yerləşən Bərdə rayonuna etmişdir.
Azərbaycanın bu qədim şəhərinə gələn dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstələri qoydular.
######
