AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ƏFQANISTAN PREZİDENTİ HƏMİD KƏRZAİ İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İKT-nin üçüncü fövqəladə zirvə toplantısında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Məkkə şəhərində Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzai ilə görüşmüşdür.
Prezident Həmid Kərzai ölkəsinin Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinə böyük önəm verdiyini, ikitərəfli əməkdaşlıqla bağlı konkret istiqamətlərin müəyyənləşdirilməsinin əhəmiyyətini qeyd etdi. Azərbaycanın regionda böyük nüfuza malik olduğunu xüsusi vurğulayan Əfqanıstan rəhbəri dövlətimizin başçısı İlham Əliyevi Əfqanıstana rəsmi səfərə dəvət etdi.
Prezident İlham Əliyev Azərbaycan ilə Əfqanıstan arasında əlaqələrin genişlənəcəyinə əminliyini söylədi.
Dövlət başçıları hər iki tərəfi maraqlandıran bir sıra digər məsələləri də müzakirə etdilər.