AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ
|
|
2006-cı ildə Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişaf etməkdə davam etmişdir. 2005-ci ildə əldə edilən uğurlar 2006-cı ildə də özünü göstərdi və iqtisadiyyatın ən əsas göstəricisi olan ümumi daxili məhsulun artımına görə Azərbaycan dünyada liderlik mövqelərini saxlaya bilmişdir. 2005-ci ildə iqtisadiyyatımız 26 faiz artmışdı, 2006-cı ildə isə 35 faiz artmışdır. Bu onu göstərir ki, iqtisadiyyatda müsbət dinamika davam edir. Qarşımıza qoyduğumuz bütün proqramlar uğurla icra olunur. Azərbaycanda iqtisadi inkişaf hərtərəflidir, şaxəlidir və bizə imkan verir ki, qarşıya qoyduğumuz bütün vəzifələri yerinə yetirək.
Bununla bərabər, sənaye istehsalı da kəskin şəkildə artmış, təxminən 37 faiz təşkil etmişdir. Əlbəttə ki, bizim sənaye potensialımızın inkişafında bunun çox müsbət rolu vardır və gələcəkdə də olacaqdır. İnflyasiya 8,3 faiz səviyyəsində olmuşdur. Bu da qarşıya qoyduğumuz rəqəmlərə uyğundur. Biz planlaşdırırdıq ki, 2006-cı ildə inflyasiya birrəqəmli olacaqdır. Çox sevindirici haldır ki, 10 faizdən yuxarı qalxmamışdır, əksinə, 2005-ci ilə nisbətən aşağı düşmüşdür. Əhalinin pul gəlirləri 22 faiz təşkil etmişdir. Bu onu göstərir ki, insanların maddi vəziyyəti yaxşılaşır. Əlbəttə, biz bunu iqtisadi göstəricilərdə və insanların gündəlik həyatında görürük.
Azərbaycan 2006-cı ildə xarici və daxili investorlar üçün cəlbedici ölkə kimi özünü bir daha sübut etdi. Xarici və yerli investisiyaların qoyuluşu çox böyük rəqəmlərlə ölçülür. Azərbaycana təxminən 7 milyard dollar sərmayə qoyulmuşdur. Çox sevindirici hal ondan ibarətdir ki, daxili investisiyalar kəskin şəkildə artır. Bu isə onu göstərir ki, Azərbaycanda yerli sahibkarların fəaliyyəti nəticəsində böyük işlər görülür.
Yerli sahibkarlığın hərtərəfli inkişafı üçün dövlət tərəfindən edilən dəstək özünü göstərir və beləliklə, Azərbaycanda çox güclü sahibkarlar sinfi yaranır. Məhz onların hesabına daxili investisiyaların artımı mümkün olmuşdur. Eyni zamanda, Azərbaycan investisiya mühitinə görə, investisiyaların qorunmasına yönəldilmiş addımlara görə xarici investorlar üçün də cəlbedici ölkə kimi özünü göstəribdir. Əminəm ki, gələcəkdə yerli, daxili investisiyalar üstünlük təşkil edəcək və Azərbaycanın yaranan və möhkəmlənən sahibkarlar sinfi ölkə iqtisadiyyatı üçün dəyərli işlər görəcəkdir.
Bütövlükdə, bizim valyuta ehtiyatlarımız 4 milyard dollar səviyyəsinə gəlib çatmışdır. Bu da bizim üçün çox böyük dəstəkdir, bizə əlavə güc verir. Biz öz imkanlarımıza, öz gücümüzə söykənirik. Əlbəttə, 4 milyard dollar valyuta ehtiyatları, iqtisadiyyatın inkişafı üçün də mühüm rol oynayır. Eyni zamanda, bizdə inam hissini daha da gücləndirir. Nəzərə alsaq ki, valyuta ehtiyatlarının əsas mənbəyi neft-qaz əməliyyatlarıdır və 2007-ci ildə Azərbaycanda neft-qaz hasilatı kəskin şəkildə artacaqdır, əlbəttə, deyə bilərik ki, gələcəkdə valyuta ehtiyatlarımız çox böyük rəqəmlərlə ölçüləcəkdir.
2005-ci ilə nisbətən 2006-cı ildə büdcə xərcləri təxminən 80 faiz artmışdır. Bu da, bəlkə də, dünyada analoqu olmayan bir göstəricidir. Bir il ərzində 80 faiz büdcə artımı çox böyük uğurdur, böyük nailiyyətdir. Bizim gördüyümüz işlərin əsas məqsədi məhz bundan ibarətdir. Görülən bütün işlərin - qəbul edilmiş proqramların, həyata keçirilən infrastruktur layihələrinin, sahibkarlara dəstəyin, investisiya mühitinin yaxşılaşdırılmasının əsas məqsədi büdcə gəlirlərini və xərclərini artırmaqdır. Çünki ölkə iqtisadiyyatı, vətəndaşlar, bütün cəmiyyət və ölkədə gedən proseslər iqtisadi sahədə, eyni zamanda, siyasi sahədə məhz bu amilə bağlıdır. Büdcədən maliyyələşən təşkilatların əmək haqlarının qaldırılması, nəhəng investisiya layihələrinin həyata keçirilməsi məhz büdcə hesabına mümkün olmuşdur.
Biz artıq xarici kreditlərdən daha az asılı vəziyyətdəyik və gələcəkdə bundan tamamilə asılı olmayacağıq. Nəyin hesabına? Məhz büdcə gəlirlərinin artımı hesabına. Bu il, 2007-ci ildə bu müsbət meyillər davam edəcək, büdcəmiz yenə də, 2006-cı ilə nisbətən kəskin şəkildə qaldırılacaq və təxminən 6,5 milyard dollar təşkil edəcəkdir. Nəzərə alsaq ki, 2003-cü ildə bu rəqəm 1,5 milyard dollar idi, görərik ki, qısa müddət ərzində maliyyə intizamının möhkəmlənməsi sayəsində, uğurla davam etdirilən neft strategiyasının icrası, aparılan cəsarətli və düşünülmüş iqtisadi islahatların nəticəsində Azərbaycanın büdcəsi çox böyük səviyyəyə qalxmışdır və bundan sonra da artacaqdır. Ölkə qarşısında duran bütün vəzifələr öz həllini tapacaqdır. Bizim iqtisadi imkanlarımız buna şərait yaradır və iqtisadi gücümüz bunu mümkün edir. Bir sözlə, ölkədə gedən iqtisadi proseslər çox müsbət olmuşdur. Bizim iqtisadi siyasətimizin uğurudur, iqtisadi siyasətimizin, deyə bilərəm, təntənəsidir ki, bütün iqtisadi göstəricilər ən yüksək zirvədədir və Azərbaycan bu göstəricilərə görə dünyada birinci yeri tutur.
Bununla bərabər, bizim digər önəmli proqramlarımız uğurla icra edilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı davam edir. 2006-cı ildə 173 min əlavə yeni iş yeri açılmışdır. Bütövlükdə, 2003-cü ilin oktyabr ayından bu günə qədər Azərbaycanda 520 min yeni iş yeri açılmışdır. Bu bir daha onu göstərir ki, bir tərəfdən, bizim qarşımıza qoyduğumuz bütün vəzifələr vaxtlı-vaxtında yerinə yetirilir, digər tərəfdən, ölkə iqtisadiyyatı, insanların işlə təmin olunması üçün bunun əvəzsiz əhəmiyyəti vardır.
İşsizliyin aradan qaldırılması Azəbaycanın qarşısında duran ən prioritet məsələlərdən biridir və demək olar ki, biz bunu artıq həll edə bilmişik. İstisna olunmur ki, gələcəkdə Azərbaycana işçi qüvvələri gələcəkdir. İstisna olunmur ki, ölkəmiz elə sürətlə inkişaf edəcək ki, öz yerli işçi qüvvəmiz kifayət etməyəcəkdir. Bu, gələcəkdə mümkündür və biz indidən buna hazır olmalıyıq. Artıq müvafiq qurumlara göstərişlər vermişəm ki, gələcəkdə xaricdən mümkün olan miqrasiyanı tənzimləmək üçün tədbirləri indidən görməliyik. Biz bunu görürük, bunu bilirik. Çünki Azərbaycan dünyada analoqu olmayan sürətlə inkişaf edən ölkədir. İqtisadi potensial gücləndikcə, Azərbaycana maraq artır. Onsuz da, başqa ölkələrdən Azərbaycana işləmək üçün insanların gəlməsi artıq müşahidə olunur. Nəzərə alsaq ki, regionda ölkəmizin iqtisadi durumu artıq başqa yerlərdən fərqlənir və fərqlənəcəkdir, gələcəkdə bu, kütləvi xarakter ala bilər.
Ona görə işsizliyin aradan qaldırılması prosesi çox sürətlə gedir. Bu da öz növbəsində, yerli istehsalın yaranmasına xidmət göstərir, Azərbaycanda yoxsulluğun aşağı düşməsi üçün şərait yaradır. Mən bir göstəricini də böyük sevinc hissi ilə bildirmək istəyirəm. 2006-cı ilin yekunlarına görə, Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı 20 faizə düşmüşdür. Keçən il Azərbaycan əhalisinin 29 faizi, ondan əvvəlki il 44 faizi, 2003-cü ildə isə 49 faizi yoxsulluq şəraitində yaşayıb, indi isə 20 faizdir. Beynəlxalq maliyyə qurumları ilə birlikdə icra edilən proqram, yoxsulluğun azaldılmasına yönəldilmiş proqram 2015-ci ildə başa çatmalıdır. Mən şübhə etmirəm ki, biz daha da qısa müddət ərzində Azərbaycanda yoxsulluğun tamamilə aradan qaldırılmasına nail olacağıq. Azərbaycanda bir nəfər də yoxsul adam olmamalıdır və olmayacaqdır.
Əlbəttə, sosial məsələlərin həlli diqqət mərkəzində olmuşdur. Bir daha demək istəyirəm ki, bizim əsas məqsədimiz insanların maddi vəziyyətinin yaxşılaşdırılmasıdır. İqtisadi uğurlar və iqtisadi islahatların da məqsədi məhz bundadır. Əmək haqlarının, pensiyaların, minimum əmək haqqının qaldırılması davam etmişdir və 2007-ci ildə də biz bunu edəcəyik. Biz çalışırıq ki, müxtəlif amillərlə insanların həyat səviyyəsini maksimum dərəcədə yaxşılaşdıraq. Özəl sektorda fəaliyyət göstərən insanlar üçün dövlət dəstəyi, sahibkarlığa dəstək, kreditlərin verilməsi, dövlət təşkilatlarında çalışanlar üçün əmək haqlarının qaldırılması - bu proseslər paralel şəkildə gedir. Beləliklə, Azərbaycanda həm minimum əmək haqqı qaldırılır, həm də orta əmək haqqı artıq sürətlə qalxır və gələcəkdə biz nail olacağıq ki, Azərbaycanda minimum və orta əmək haqqı insanların minimum tələbatını ödəyə bilsin.
2006-cı ilin yekunlarına görə, adambaşına düşən ümumi daxili məhsul 2400 dollar təşkil edibdir. 2007-ci ildə bu rəqəm daha da artacaqdır. Bu isə orta səviyyəli ölkənin göstəricisidir. Bizim məqsədimiz isə Azərbaycanı qabaqcıl ölkəyə çevirməkdir, Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir və şübhə etmirəm ki, buna nail olacağıq. Çünki qəbul edilmiş bütün proqramlar uğurla icra edilir. Heç bir səhv addım atılmamışdır, bir dəfə də uğursuzluğa düçar olmamışıq. Görülən bütün işlər, atılan addımlar, qəbul edilmiş qərarlar, onların icrası uğurla nəticələnibdir. Belə olan halda, Azərbaycanı dünya miqyasında iqtisadi, siyasi cəhətdən qabaqcıl ölkəyə çevirmək bizim vəzifəmizdir və buna nail olacağıq.
2006-cı ildə insanların sosial vəziyyətinin yaxşılaşması üçün növbəti addım atılmışdır. Ünvanlı sosial yardım proqramı icra olunmağa başlanmışdır. 50 min ailə artıq bu proqramla əhatə olunur. Təxminən 220 min adam bu proqramdan faydalanır. Bu, bir daha onu göstərir ki, dövlətin niyyəti məhz ondan ibarətdir ki, insanların sosial vəziyyəti daha da yaxşılaşsın.
2006-cı ildə Azərbaycanda iki tarixi hadisə baş vermişdir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi bizim tarixi qələbəmizdir və Heydər Əliyev neft strategiyasının təntənəsidir. Bu layihə həm Azərbaycan üçün, həm bölgə üçün, həm də dünya üçün çox böyük əhəmiyyətə malikdir. Məhz 1994-cü ildə xarici neft şirkətləri ilə başladığımız əməkdaşlıq nəticəsində ölkəyə külli miqdarda sərmayə axını gəlmişdir və davam edir. Biz məhz bunun hesabına ölkənin digər sektorlarının inkişafına nail ola bilmişik. Güclü maddi baza yaratmışıq. Valyuta ehtiyatlarımızın mənbəyi də məhz bunlardır, neft-qaz əməliyyatlarıdır. Bütün çətinliklərə, maneələrə baxmayaraq, süni şəkildə yaradılmış əngəllərə, Azərbaycana qarşı aparılan çirkin kampaniyaya baxmayaraq, biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsinə nail olmuşuq. Bu, bizim qələbəmizdir, Azərbaycan xalqının qələbəsidir, Azərbaycan xalqının iradəsinin təntənəsidir. Biz bunu qürur hissi ilə deyirik, qeyd edirik. Bakı-Tbilisi-Ceyhan neft kəməri artıq istismardadır.
Bəzi şayiələr, təxribatlar, uydurmalar dolaşırdı və süni şəkildə ortaya atılırdı ki, bunun əhəmiyyəti yoxdur, səmərəsi yoxdur, əgər başqa ölkələrdən bu kəmərlə neft nəql edilməsə, bunun iqtisadi səmərəsi yoxdur. Bütün bunlar hamısı alt-üst edildi. Biz sübut etdik və bu gün də sübut edirik ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri yalnız və yalnız Azərbaycan neftinin dünya bazarlarına daşınması üçün tikilibdir. Başqa neftlər olsa, başqa ölkələrin marağı olsa, - və var, - əlbəttə, biz bundan istifadə edəcəyik. Amma Bakı-Tbilisi-Ceyhan neft kəmərini öz neftimizlə təmin edəcəyik.
2007-ci ildə kəmərlə daşınacaq neftin həcmi, demək olar ki, artıq onun bütün imkanlarına kifayət edəcəkdir. 50 milyon ton daşıma qabiliyyəti olan Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə 2007-ci ildə minimum 40 milyon ton neft daşınmalıdır. 2008-ci ildə isə tam, maksimum gücünə çıxacaqdır. Ondan sonra, şübhə etmirəm, biz onu əlavə texniki imkanlarla genişləndirəcəyik. Ona görə bu tarixi hadisə həm bizim iqtisadi potensialımızı möhkəmləndirir, həm Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını müəyyən edir və əlbəttə, həm də regionda, dünyada bizim mövqelərimizi möhkəmləndirir.
Nəzərə alsaq ki, bu gün dünyada enerji təhlükəsizliyi məsələləri gündəliyin bir nömrəli məsələsinə çevrilibdir, onda görərik ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi Azərbaycana nə qədər böyük həm siyasi, həm iqtisadi, həm də bütün başqa dividendlər gətirəcəkdir.
Bununla bərabər, Azərbaycan qazının dünya bazarlarına çatdırılması üçün Bakı-Tbilisi-Ərzurum qaz kəməri də tikilibdir və yaxın zamanlarda fəaliyyətə başlayacaqdır. Bununla Azərbaycan Heydər Əliyev neft strategiyasının əsas mərhələsinin həyata keçirilməsinə nail olmuşdur. Əlbəttə, bundan sonrakı məsələlər böyük əhəmiyyət kəsb edir. Çünki bölgədə gedən proseslər, enerji təhlükəsizliyi məsələləri, regional əməkdaşlıq, bizim qonşu ölkələrlə apardığımız əməkdaşlıq və məsləhətləşmələr, əlbəttə, yeni nailiyyətlərə gətirib çıxaracaqdır. Ancaq biz minimum proqramı artıq həll etmişik. Əgər bunu minimum adlandırmaq mümkündürsə. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri Azərbaycanın müasir tarixində ən böyük hadisələrdir. Mən bir də demək istəyirəm ki, bütün bunlar ulu öndər Heydər Əliyevin müdrikliyi, qətiyyəti, siyasəti nəticəsində, ağır, çətin şəraitdə mümkün olmuşdur. Çox çətin coğrafi-siyasi durumda buna nail olmaq böyük nailiyyətdir və Azərbaycan xalqı qarşısında çox böyük xidmətdir.
Bütövlükdə, 2006-cı ildə energetika sektorunda işlər müsbət getmişdir. 2006-cı ildə Azərbaycanda 4 yeni elektrik stansiyası tikilib istismara verilmişdir. Bu da rekord göstəricidir - bir ildə 4 stansiya. Onlar artıq səmərəli işləyir. Bu meyil 2007-ci ildə də davam edəcəkdir. Astara, Şəki, Xaçmaz, Naxçıvan modul elektrik stansiyalarının istismara verilməsi nəticəsində bu bölgələrdə enerjiyə olan tələbat artıq ödənilir və keyfiyyətli enerji verilir. Bundan sonra başqa yerlərdə tikiləcək stansiyalar da, əlbəttə, Azərbaycanın energetika kompleksini möhkəmləndirəcəkdir. Bu, iqtisadiyyatın əsasıdır. Biz buna çox böyük diqqət göstəririk. Enerji təhlükəsizliyi məsələləri bizim üçün də aktualdır. Gələcəkdə Azərbaycan neft və qazla yanaşı, eyni zamanda, elektrik enerjisini də ixrac edə bilər və biz bu məsələlər üzərində işləyirik.
Mən hesab edirəm ki, 2006-cı ildə bütün başqa sahələrdə böyük nailiyyətlər əldə edilmişdir. O cümlədən ordu quruculuğu sahəsində. Biz ordumuzu, onun potensialını gücləndiririk, orduya ayrılan büdcə xərcləri artır və 2007-ci ildə 1 milyard dollar səviyyəsində olacaqdır. Bu da iki il bundan əvvəl verilmiş bəyanatın əsasında baş vermişdir. Mən iki il bundan əvvəl belə bəyanatla çıxış etdim və bu gün biz buna nail oluruq, gələcəkdə daha da böyük rəqəmlərə çatacağıq.
Eyni zamanda, 2006-cı ildə Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Bu da çox önəmli addım olmuşdur. Artıq 2007-ci il üçün Müdafiə Sənayesi Nazirliyinin formalaşması və maddi-texniki bazasının möhkəmlənməsi üçün büdcə xərcləri nəzərdə tutulubdur. Əminəm ki, 2007-ci ildə onlardan səmərəli istifadə olunacaq və Azərbaycanda güclü müdafiə sənayesi yaradılacaqdır. Sirr deyil ki, biz ordumuzun güclənməsi üçün müxtəlif yerlərdən texnika, silah-sursat alırıq, ən müasir döyüş vasitələri alırıq və alacağıq. Amma bununla bərabər, Azərbaycanda istehsal oluna bilən texnikanı biz özümüz istehsal etməliyik. Buna vəsait qoyulmalıdır. Bu sənaye inkişaf etməlidir ki, biz özümüzü təmin edə bilək və bu istiqamətdə böyük uğurlar əldə edəcəyik.
Əfsuslar olsun ki, Dağlıq Qarabağ münaqişəsinin həlli işində 2006-cı ildə praktik nəticələr əldə edilmədi. Bunun da səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi olmuşdur. 2006-cı ildə Ermənistan və Azərbaycan prezidentlərinin bir neçə görüşü olmuşdur. Deyə bilərəm ki, bu görüşlərin praktik nəticəsi olmamışdır. Ermənistan tərəfi bəzi hallarda bu görüşləri pozaraq, sadəcə olaraq, görüşdən imtina etmişdir, bəzi hallarda vaxt uzatmaqla məşğul olurdu. Hər halda, həm bizim üçün, həm də bu məsələ ilə məşğul olan Minsk qrupunun həmsədrləri üçün və bütün dünya ictimaiyyəti üçün artıq aydındır ki, bu məsələnin həllinə əsas maneə, əsas əngəl Ermənistanın, Ermənistan rəhbərliyinın qeyri-konstruktiv mövqeyi və onların qeyri-səmimi siyasətidir.
Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Biz danışıqlar prosesinə sadiqik. Danışıqları Praqa prosesi çərçivəsində aparırıq və bu format çox məqbuldur. Azərbaycanın maraqlarını, haqq-ədalətin bərpa olunmasını təmin edə biləcək formatdır. Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti deyil, olmayıb və heç vaxt olmayacaqdır. Azərbaycan bu məsələni beynəlxalq hüquq normaları əsasında həll etməyə çalışır və artıq bütün beynəlxalq təşkilatlar bu mövqeyi dəstəkləyir. Son zamanlar beynəlxalq təşkilatlar tərəfindən, əlbəttə, Minsk qrupu və eyni zamanda, başqa təşkilatlar tərəfindən verilmiş bəyanatlar, ölkələr tərəfindən olan addımlar bizim mövqeyimizi daha da möhkəmləndirir.
2006-cı ildə Dağlıq Qarabağda qanunsuz “referendum” keçirilmişdir. Heç bir beynəlxalq təşkilat bunu tanımamışdır. Əksinə, bütün beynəlxalq təşkilatlar və aparıcı ölkələr bunu pisləmişdir. ATƏT, ATƏT-in Minsk qrupunun həmsədrləri Amerika, Fransa, Rusiya, Avropa İttifaqı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, GUAM dövlətləri, - Ukrayna, Gürcüstan, Moldova, - Türkiyə, bütün beynəlxalq təşkilatlar bunu tanımadılar. Nə üçün? Çünki etnik təmizləmə aparan, azərbaycanlıları öz doğma torpaqlarından, Dağlıq Qarabağdan qovan separatçılar indi etnik təmizləmə siyasəti nəticəsində yaranmış vəziyyətdən istifadə edib, birtərəfli şəkildə referendum keçirdilər. Heç kim buna razılıq verə bilməz, bunu heç kim tanımayacaqdır.
Dağlıq Qarabağın müstəqil ölkə kimi tanınması heç vaxt mümkün deyildir.
Ona görə bizim mövqeyimiz möhkəmlənir. Onsuz da möhkəm idi, onsuz da bəzi hallarda, əvvəlki illərdə bəzi ölkələr, beynəlxalq təşkilatlar tərəfindən ədalətsiz mövqeyi görəndə də öz yolumuzdan dönməmişdik. Bəzi hallarda bizə təzyiqlər ediləndə də iradəmizdən dönməmişdik. Heç kim və heç nə bizi bu yoldan döndərə bilməz. Ona görə istənilən halda, biz bu mövqedə qalacağıq və öz mövqeyimizi müdafiə edəcəyik. Ancaq son müddət ərzində, xüsusilə 2005-ci ildə, 2006-cı ildə məsələyə münasibətin dəyişməsinin ilkin əlamətlərini biz gördük. Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilat tərəfindən çox dəyərli qətnamə qəbul edilmişdir və ilk dəfə olaraq, Ermənistanı işğalçı dövlət kimi tanımışdır. Ondan sonra gedən proseslər, Azərbaycanın diplomatik addımları, Birləşmiş Millətlər Təşkilatında bu məsələnin gündəliyə salınması, GUAM təşkilatı çərçivəsində vahid mövqedən çıxış edilməsi və postsovet məkanında separatçılıq meyilləri nəticəsində baş vermiş bütün münaqişələrin bir paketə salınması nəticəsində və başqa addımlar nəticəsində bu gün biz nail ola bilmişik ki, bütün aparıcı ölkələr Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıyırlar, bunu bəyan edirlər. Həmçinin beynəlxalq təşkilatlar da bunu bəyan edirlər və belə olan halda, Ermənistanın mövqeyi təbii olaraq zəiflədi.
Azərbaycanın siyasi çəkisi, iqtisadi potensialı artır. Biz dünya ilə, dünyanın aparıcı ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq edirik. Avropa üçün önəmli ölkəyə çevrilirik. Keçən ilin noyabr ayında Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalanmışdır. Bu, birinci addımdır. Ondan sonra, çox güman ki, geniş saziş imzalanacaqdır. Azərbaycan qazı bu il Avropa İttifaqının bazarına çıxmalıdır və çıxacaqdır. Bütün çətinliklərə baxmayaraq, biz bu yoldan dönməyəcəyik. Yənu bu faktdır və təbii ki, bunu hamı görür. Azərbaycanın iqtisadi, siyasi çəkisi artır. Biz regionda gedən proseslərdə fəal iştirak edirik və bir çox hallarda proseslərin gedişatına təsir göstəririk. Əlbəttə, beynəlxalq təşkilatlarla bizim uğurlu əməkdaşlığımız daha da möhkəmlənəcək və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bu amil də mühüm rol oynayır.
Bir sözlə, iqtisadi potensial, ordumuzun gücləndirilməsi, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq, bizim fəallığımız, enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın fəal rolu və önəmi və başqa amillər, əlbəttə, bizim mövqelərimizi möhkəmləndirir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün gözəl şərait yaradır. Nə qədər ki, gec deyil, Ermənistan rəhbərliyi bunu başa düşməlidir, öz işğalçı siyasətindən əl çəkməlidir, işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. Belə olan halda, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapa bilər.
2006-cı ildə bir önəmli hadisə də baş vermişdir. Mən onu da qeyd etmək istəyirəm. 2006-cı ildə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi üçün əməli, praktik addımlar atılmışdır. Bilirsiniz ki, bu layihə uzun illərdir müzakirə olunurdu. Bəlkə də, 10 il ərzində müzakirə olunurdu və məsləhətləşmələr gedirdi. Bunu həyata keçirmək üçün maliyyə mənbələri axtarılırdı. Sadəcə olaraq, bir layihə kimi yaşayırdı. Belə layihələr çoxdur, onlar haqqında on illərlə danışıqlar aparılır, vaxtaşırı görüşlər keçirilir, amma nəticə əldə olunmur. Amma 2006-cı ildə bu işdə əməli, praktik addımlar atılmışdır. Üç ölkə - Azərbaycan, Türkiyə və Gürcüstan bu məsələyə çox ciddi yanaşdı və deyə bilərəm ki, bunun nəticəsində 2006-cı ildə çox önəmli razılaşmalar əldə edilmişdir. Əsas məsələlərdən biri, əlbəttə, bunun maliyyə mənbələri olmuşdur. Bu baxımdan da Azərbaycan, hesab edirəm ki, çox düzgün addım atmışdır və Gürcüstan ərazisində tikiləcək dəmir yolunun maliyyə məsələlərini öz üzərinə götürmüşdür.
Bilirsiniz ki, Amerika Konqresində ermənipərəst konqresmenlər tərəfindən bu layihəyə çox mənfi münasibət var. Bu da təbiidir. Çünki biz xatırlayırıq ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə qərar veriləndə və o tikiləndə də onlar eyni hərəkətlər etmişdilər. Hətta Bakı-Tbilisi-Ceyhan əleyhinə bir kampaniya başlanmışdı, o vaxt internet saytı da açılmışdı. Müxtəlif bəhanələrlə, xüsusilə ekoloji məsələlərin qabardılması ilə çalışırdılar ki, buna problem yaratsınlar. Müəyyən mərhələdə buna nail oldular. Beynəlxalq maliyyə qurumları bir az tərəddüd də etdilər. Mən bunu yaxşı xatırlayıram. O vaxt bu məsələyə maliyyə ayıran təşkilatlar buna bir ara verdilər, məsələ bir neçə ay uzandı. Amma ondan sonra Azərbaycanın mövqeyi, təkidi və əlbəttə, bizimlə bərabər çalışan beynəlxalq şirkətlərin fəaliyyəti nəticəsində bütün bu çətinliklər aradan qaldırıldı. Yəni o vaxtda onların, Ermənistanın və erməni lobbisinin fəaliyyəti iflasa uğramışdı. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişində də eyni hərəkətlər etmişdilər ki, nə üçün bu, Ermənistandan yan keçir. Ona görə yan keçir ki, Ermənistan Azərbaycan torpaqlarını zəbt edibdir, işğalçı siyasət aparır. Belə olan halda, bizim aramızda heç bir əməkdaşlıq ola bilməz. Bütün yollar Ermənistandan yan keçəcəkdir.
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə də onların müdaxiləsi heç bir səmərə verməyəcəkdir. Maliyyə mənbələrini biz özümüz müəyyən etmişik. Bizə heç kimdən kreditlər lazım deyil, heç kimin siyasi və maddi dəstəyi də lazım deyildir. Ermənipərəst konqresmenlər də bilməlidirlər, Azərbaycan elə ölkə deyil ki, kiminsə puluna möhtac olsun. Biz özümüz bu məsələnin həlli üçün kredit veririk, özümüz bu məsələni həll edirik və Azərbaycan, Türkiyə, Gürcüstan rəhbərliyinin və xalqlarının birliyi, iradəsi bunu da mümkün edəcəkdir.
Bu layihənin də çox böyük tarixi əhəmiyyəti var. Avropanı Asiya ilə birləşdirən, Azərbaycanı Türkiyə ilə dəmir yolu ilə birləşdirən layihə bizim həm iqtisadi, həm də siyasi gələcəyimiz üçün böyük əhəmiyyət kəsb edir. Əminəm ki, 2007-ci ildə artıq əməli, praktik işlər, tikinti başlanacaq və qısa müddət ərzində biz Bakı-Tbilisi-Qars dəmir yolunu inşa edəcəyik. Beləliklə, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars. Mən hesab edirəm və sizə də deyirəm ki, məhz biz bunu Bakı-Tbilisi-Qars adlandırmalıyıq ki, tam şəkildə bütün coğrafi nöqtələr burada öz əksini tapsın.
2006-cı ildə çox işlər görülübdür. Bu işləri ancaq sadalamaq üçün saatlarla vaxt lazımdır. Bunu biz hamımız bilirik. Mən humanitar sahədə görülən işlər haqqında da danışmaq istəyirəm. 2006-cı ildə bu sahədə də böyük işlər görülübdür. Humanitar sahənin inkişafı üçün əməli, praktik addımlar atılıbdır. Təhsil, səhiyyə, mədəniyyət sahələrində böyük işlər görülübdür. Ən yüksək səviyyədə, ən müasir səviyyədə 200-dən artıq məktəb tikilibdir, ən gözəl avadanlıqla təchiz olunmuşlar. Xəstəxanaların tikintisi başlanmışdır və ən qabaqcıl şirkətlərin avadanlığı da orada quraşdırılmışdır. Lənkəran xəstəxanasında açıq ürək üzərində əməliyyat keçirilmişdir. Bu da tarixi hadisədir, onu göstərir ki, biz hər şeyə qadirik. Bu onu göstərir ki, Azərbaycanda bölgələrin inkişafı, sözün əsl mənasında, sürətlə gedir. Bölgələrin inkişafı yalnız oraya yolun çəkilməsi, yaxud da hansısa müəssisənin yaradılması ilə ölçülmür. Əlbəttə, bu lazımdır və vacibdir. Eyni zamanda, insanları ən çox narahat edən, ən çox təmasda olan məsələlər də öz həllini tapmalıdır.
Hər bir ailədə uşaq var və o uşaq məktəbə gedir. Məktəbə gedəndə gərək yaxşı məktəbdə oxusun. Onun istilik sistemi də olsun, yaxşı avadanlığı, oxumaq üçün yaxşı şəraiti olsun. Müəllimlər yaxşı şəraitdə işləməlidirlər. Müəllimlər Azərbaycanda çoxdur və onların da əməyi qiymətləndirilməlidir. Onlar çox böyük işlər görürlər. Azərbaycanın gələcək inkişafı məhz təhsillə bağlıdır. Bilikli, savadlı uşaqlar, gənclər gələcəkdə Azərbaycanı idarə edəcəklər. Ona görə məktəblərdə kompyuter sinifləri yaradılır, internetə qoşulur ki, uşaqlar gənc yaşlarından bunu öyrənsinlər və dünyada gedən proseslərdən xəbərdar olsunlar.
Səhiyyə, təhsil sistemlərində islahatlar, əminəm ki, qısa müddət ərzində daha da sürətlə gedəcəkdir. Biz 2007-ci ildə də bu məqsədlərə kifayət qədər vəsait ayırmışıq. İndi mədəniyyət sahəsində çoxlu işlər görülür, bizim muzeylərimiz bərpa olunur, teatrlarımız bərpa olunacaqdır. 2007-ci ildə bu işlərə böyük diqqət göstəriləcəkdir.
Bir sözlə, bütövlükdə 2006-cı ilin yekunları çox müsbət olmuşdur. Deyə bilərəm ki, 2006-cı il ən uğurlu illərdən biri olmuşdur. Şübhə etmirəm ki, bu müsbət meyillər 2007-ci ildə də davam edəcək, biz səmərəli işləyəcək, Azərbaycanı daha da möhkəmləndirəcək və 2007-ci ildə qarşıda duran bütün vəzifələri yerinə yetirəcəyik.
X X X
Maliyyə naziri SAMİR ŞƏRİFOV Azərbaycanın 2006-cı ildə sosial-iqtisadi sahədə qazandığı uğurların məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsi olduğunu vurğuladı və konkret faktlar əsasında görülən işləri xarakterizə etdi:
-Hesabat ilində əhalinin sosial müdafiəsinin, xüsusilə aztəminatlı təbəqənin maddi təminatının yaxşılaşdırılması üçün yaşa görə əmək pensiyalarının, minimum əmək haqqının baza hissəsinin həddi 40 manata çatdırılmış,15 min şəhid ailəsinin hər birinə 100 manat, 20 Yanvar şəhidlərinin ailələri üçün 300 manat məbləğində, habelə dövlət qarşısında böyük xidmətləri olan daha 47 nəfərə ölkə Prezidentinin fərdi təqaüdləri təsis edilmiş, elm, mədəniyyət və incəsənət xadimlərinə, rəssamlara, müəllimlərə və digər şəxslərə fəxri adlar verilmiş, qaçqın və məcburi köçkünlərə ödənilən yemək xərcinin məbləği 50 faiz artırılmışdır.
Ötən il minimum aylıq əmək haqqının artımı prosesində dövlət büdcəsindən maliyyələşdirilən bütün təşkilatlarda çalışan işçilərin vahid tarif cədvəlinə əsasən müəyyən edilmiş vəzifə maaşlarının orta hesabla 30 faiz çoxaldılması ilə yanaşı, aylıq vəzifə maaşları səhiyyə sahəsində 30 faiz, təhsil, mədəniyyət və sosial təminat sahələrində 25 faiz, hərbi qulluqçuların hərbi rütbə və aylıq vəzifə maaşları 100 faiz, dövlət qayğısının təzahürü olaraq bəzi yaradıcı kollektivlərin əmək haqları 3 dəfə qaldırılmışdır.
Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən yuxarı yüksəklikdə yerləşən müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əmək haqlarına, yüksəklikdən asılı olaraq, 10-30 faiz arasında artım əmsalları, kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlb edilməsi prosesində həvəsləndirmə tədbirləri olaraq əlavələr müəyyənləşdirilmişdir. Böyük Vətən Müharibəsi iştirakçılarına, həlak olmuş və sonradan vəfat etmiş döyüşçülərin dul qalmış arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik müavinətin ödənilməsinə ölkə Prezidentinin ehtiyat fondundan 3,5 milyon manat vəsait ayrılmışdır. Bütövlükdə, 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamları ilə əhalinin sosial güzəranının yaxşılaşdırılması sahəsində həyata keçirilən bu tədbirlər bilavasitə 2 milyon nəfərdən artıq adama şamil edilmişdir.
Xarici dövlət borclarının idarə edilməsi ənənəvi olaraq diqqətdə saxlanılmış, 2006-cı ilin sonuna güzəştli şərtlərlə 2,2 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalanmışdır ki, bu da ötən il istehsal edilən ümumi daxili məhsulun 11 faizi səviyyəsində olmaqla, çox məqbul bir göstəricidir.
2006-cı ildə iqtisadi inkişafı stimullaşdıran vergi sisteminin, büdcə prosesinin daha da təkmilləşdirilməsi istiqamətində məqsədyönlü işin davamı olaraq, “Büdcə sistemi haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarına, Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilmiş, ilk dəfə olaraq, əhalinin yaşayış səviyyəsinin müəyyən edilməsində xüsusi əhəmiyyət kəsb edən “Azərbaycan Respublikasında 2007-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Qısa da olsa, demək istəyirəm ki, bu təkmilləşdirmələr dövlət və icmal büdcələrinə əlavə gəlirlərin cəlb edilməsinə, xərclərin daha şəffaf idarə olunmasına, respublikamız müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə olaraq dövlət büdcəsinin sərbəst vəsait qalığının idarə olunması və ya idarəetməyə verilməsinə, gəlirlərin xarici valyutada olan hissəsinin konvertasiya edilmədən xərclənməsinə, birdəfəlik təyinatlı xərclər üzrə yaranmış qənaətdən səmərəli istifadə olunmasına hüquqi baza yaratmışdır.
2006-cı ildə ölkədə pensiya islahatları sürətləndirilmiş, ünvanlı dövlət sosial yardımının tətbiqinə başlanılmış, dövlətin maliyyə vəsaitlərindən istifadəyə nəzarət mexanizminin daha da təkmilləşdirilməsinə imkan verən xəzinədarlığın informasiya-idarəetmə sisteminin yaradılması üçün mühüm işlər görülmüşdür.
Möhtərəm cənab Prezident, ötən ili səciyyələndirən xüsusiyyətlərdən biri də Sizin xüsusi diqqətiniz nəticəsində 2006-cı ildə dövlət büdcəsinin və icmal büdcənin sosial və investisiya yönümlü olması, inkişaf və quruculuq büdcələrinə çevrilməsi, həyata keçirilən iqtisadi islahatların, bir çox dövlət proqramlarının maliyyələşmə mənbələrini əsasən dövlət büdcəsində tapması olmuşdur.
2006-cı ildə ölkə iqtisadiyyatına dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən 881 milyon manat, Dövlət Neft Fondunun vəsaitlərindən 395 milyon manat, hökumət zəmanəti ilə xaricdən cəlb edilən kreditlər hesabına 480 milyon ABŞ dolları məbləğində vəsait yönəldilmişdir. 2005-ci illə müqayisədə bu göstərici manat ifadəsi ilə 1,3 milyard manat və ya 3,4 dəfə çox olmuşdur.
Ötən ildə investisiya xərclərinə, sosial təyinatlı layihələrə 205,3 milyon manat, o cümlədən Dövlət Neft Fondunun vəsaiti hesabına qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına 109,4 milyon manat vəsait sərf edilmiş, təhsil sahəsində 30 min 296 şagird yerlik 77 yeni məktəb, 42 mövcud məktəbdə isə 15 min 480 şagird yerlik 774 əlavə sinif otaqları, 200 yerlik 5 uşaq bağçası tikilərək istifadəyə verilmişdir.
Səhiyyə obyektlərinin tikintisinin davamı olaraq şəhər və rayonlarda 470 çarpayılıq 6 xəstəxana və 250 nəfərə tibb xidməti göstərən 1 poliklinika tikilmiş, 8 rayon mərkəzi xəstəxanasında, Kliniki Tibb Mərkəzində, akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftalmologiya İnstitutunda tikinti işlərinə başlanılmış, Dövlət Neft Fondunun vəsaiti hesabına 1 xəstəxana, 6 tibb məntəqəsi və həkim ambulatoriyası tikilib istifadəyə verilmişdir.
Mədəniyyət və turizm obyektlərinin tikintisi və təmirinə ayrılmış 11,6 milyon manat vəsait hesabına Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Dövlət Rus Dram Teatrında, Azərbaycan Dövlət Kukla Teatrında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, incəsənət muzeyində, Üzeyir Hacıbəyovun ev-muzeyində, Dövlət Film Fondunda, Bakı Dövlət sirkində və digər obyektlərdə təmir-bərpa işləri həyata keçirilmişdir.
Gənclər və idman obyektlərinin tikintisinə və təmirinə yönəldilmiş 14,1 milyon manat vəsait hesabına Heydər Əliyev adına İdman-Konsert Kompleksinin və Respublika Olimpiya Mərkəzinin əsaslı təmirinə, Sumqayıt, Kürdəmir, Sabirabad, Ağdaş, İsmayıllı, Ağdam, Tovuz, Göyçay, Biləsuvarda idman komplekslərinin tikintisinə, Tofiq Bəhramov adına Respublika stadionunda, Salyan, Lerik, Kürdəmir rayonlarının stadionlarında yenidənqurma işlərinə başlanılmışdır.
2006-cı ildə infrastruktur təyinatlı layihələrin maliyyələşdirilməsinə Dövlət Neft Fondundan cəlb edilən 120 milyon manat da daxil olmaqla 694 milyon manat vəsait ayrılmışdır. Bu hesaba dövlət nəqliyyat müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların yük və sərnişin dövriyyəsinə dəstək vermək üçün bu məqsədlə nizamnamə kapitalının artırılması, su təminatı sisteminin yaxşılaşdırılması ön plana çəkilmişdir. 2006-cı ildə ölkədə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması geniş vüsət almış, bu məqsədə 162,5 milyon manat vəsait ayrılmaqla müxtəlif rayonların ərazisində körpülərin inşasına başlanılmış, 800 kilometrə qədər respublika əhəmiyyətli şəhərdaxili və kəndarası avtomobil yollarının tikintisi və əsaslı təmiri həyata keçirilmişdir.
2006-cı ildə digər işlərə çəkilən xərclərin geniş təhlilini verən maliyyə naziri daha sonra 2007-ci ildə qarşıda duran vəzifələrə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadi inkişafın möhkəmləndirilməsi üçün həyata keçiriləcək tədbirlərə toxundu.
İqtisadi inkişaf naziri HEYDƏR BABAYEV ulu öndər Heydər Əliyevin bünövrəsini qoyduğu ölkənin uğurlu sosial-iqtisadi inkişafı dinamikasını şərtləndirən məsələlərin geniş təhlilini verdi:
-İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarından, digər normativ sənədlərdən irəli gələn vəzifələrin həlli məqsədi ilə iqtisadiyyatda struktur islahatların davam etdirilməsi, antiinflyasiya tədbirlərinin həyata keçirilməsi, maliyyə intizamının gücləndirilməsi, kommunal islahatların gücləndirilməsi, infrastruktur və xidmət sahələrinin inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və digər sahələrdə mühüm tədbirlər həyata keçirilmişdir. Ötən il ölkəmizin həyatında ən əlamətdar hadisə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin istifadəyə verilməsi, eləcə də “Şahdəniz” yatağından qazın hasilatına başlanması olmuşdur. Sözsüz ki, indi başlıca vəzifəmiz artan maliyyə imkanlarından maksimum səmərəli istifadə etməkdən ibarətdir. Bu baxımdan ölkəmizin inkişafının ən mühüm və həlledici şərti investisiya qoyuluşlarının artırılmasından, onun strukturunun təkmilləşdirilməsindən ibarətdir. Ötən il investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi sahəsində ciddi uğurlar əldə edilmiş, investisiya qoyuluşunun həcmi 14,8 faiz artmışdır.
Bildiyiniz kimi, 2005-ci ildə “Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini 2 b səviyyəsində qiymətləndirmişdir. Ötən il digər beynəlxalq reytinq agentliyi “Moodys” ölkəmizin reytinqini “Fitch” agentliyinin nəticəsi ilə müqayisədə daha yüksək qiymətləndirərək Ba 1 səviyyəsində müəyyənləşdirmişdir. Bu isə ölkəmizin iqtisadiyyatına investisiya qoyuluşunu artırmaq üçün potensial investorlara müsbət siqnal olmaqla bərabər, beynəlxalq maliyyə bazarlarına əlverişli şərtlərlə çıxmağa şərait yaradır.
Ölkəmizin başçısının investisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında 2006-cı il 30 mart tarixli Sərəncamı ilə yaradılmış Azərbaycan İnvestisiya Şirkəti artıq fəal şəkildə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşısına qoyulmuş vəzifələrin icrasına başlamışdır. İlk belə layihə ölkənin neft-kimya məhsulları istehsal edən müəssisəsinin yaradılması ilə bağlı idi. Həmin layihə əmək tutumlu olduğundan və onun gerçəkləşdirilməsi üçün külli miqdarda maliyyə vəsaitinə ehtiyac duyulduğundan onun perspektivlərinin araşdırılması, maliyyə təhlilindən keçirilməsi və potensial investorlarla danışıqların aparılması üçün böyük təcrübəyə malik olan məsləhətçinin cəlb edilməsi barədə qərar qəbul olunmuşdur. Layihənin təhlili şərti olaraq 3 mərhələyə bölünmüş və onun birinci mərhələsi artıq başa çatmışdır.
Ölkədə aparılan inşaat işlərinin miqyasının son illər ərzində genişlənməsi sementə olan tələbatın xeyli artmasına təsir göstərmişdir. Bu tələbatın tam ödənilməsi, habelə məhsulun keyfiyyətinin və qiymətinin açıq bazar rəqabəti şəraitində formalaşdırılması məqsədi ilə yeni sement zavodunun inşası məsələsi aktual olmuşdur. Bunları nəzərə alaraq, şirkət bu barədə Fransanın “Lafarj” şirkəti ilə danışıqlar aparmışdır və onunla razılşama memorandumu artıq imzalanmışdır.
Eyni zamanda bildirmək istərdim ki, “Qaradağ Sement” Səhmdar Cəmiyyətinin səhmlərinin bir hissəsinin alınması ilə bağlı İsveçrənin “Holsim” şirkəti ilə razılıq əldə edilmiş və bu günlərdə müvafiq sənəd imzalanacaqdır.
Azərbaycanda neft hasilatının artması onun nəqli ilə məşğul olan “Gəmiçilik” şirkətinin yaradılması məsələsinə baxılmasına əsas vermişdir. Bu məqsədlə hazırlanmış layihəyə görə, yaradılması planlaşdırılan “Gəmiçilik” şirkəti ilk növbədə Azərbaycan neftinin Batumi, Supsa və Ceyhan limanlarından əsasən Qara dəniz və Aralıq dənizi hövzəsi, eləcə də Qərbi Avropa ölkələrinə daşıyacaqdır.
Son illər ərzində ölkədə insulinə daim artan tələbatı və bu məsələnin dövlət səviyyəsində həll edilməsi zərurəti ilə əlaqədar olaraq şirkət insulin zavodunun inşasına dair xarici şirkətlərlə, o cümlədən bu sahədə dünya lideri olan Danimarkanın “Nordisk” şirkəti ilə danışıqlara başlamışdır. Layihənin baş tutması ölkədə insulinə olan tələbatın yüksək keyfiyyətli daxili istehsal hesabına ödənilməsinə, habelə insulinin ixrac olunmasına imkan verəcəkdir. Layihənin təxmini dəyəri 12 milyon ABŞ dolları təşkil edir.
Ümumiyyətlə, 2006-cı ildə şirkət tərəfindən 50-dən artıq investisiya layihəsinə baxılmışdır və onlar iqtisadiyyatın strukturunun təkmilləşdirilməsinə, neft sektorundan əldə edilən gəlirlərin qeyri-neft sektoruna yönəldilməsinə xidmət edir.
Hörmətli müşavirə iştirakçıları!
Məlum olduğu kimi, ölkə başçısının iqtisadi doktrinasının ən mühüm istiqamətlərindən biri infrastruktur təminatının yaxşılaşdırılmasından, kommunal xidmət sahəsində islahatların davam etdirilməsindən ibarətdir. Belə ki, ölkənin iqtisadi inkişafının davamlılığı, əhalinin həyat səviyyəsinin dönmədən yüksəldilməsi məhz bu sferanın normal fəaliyyətindən birbaşa asılıdır.
Ötən il yol-nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, elektrik enerjisi istehsalının artırılması, istilik, qaz, su təminatının yaxşılaşdırılması məqsədi ilə əhəmiyyətli layihələr həyata keçirilmişdir. Dünya təcrübəsi göstərir ki, kommunal sahənin islahatı olduqca mürəkkəb və həssas bir prosesdir. Bu islahatların uğurlu nəticəsini təmin edəcək əsas şərtlər bazar mexanizmlərinin tətbiqi, şəffaflığın təmin olunması, maliyyə intizamının gücləndirilməsidir. Hazırda bütün kommunal xidmət sahələrində bu istiqamətlər üzrə zəruri işlər aparılır.
Bununla əlaqədar xatırlatmaq istərdim ki, biz 2006-cı ildə elektroenergetika sektorundan verilən elektrik enerjisinin keyfiyyətinin və etibarlılığının artırılması üçün bir sıra sərt addımlar atmaq məcburiyyətində qaldıq. Belə ki, müqavilə öhdəliklərini yerinə yetirmədiklərinə görə paylayıcı şəbəkələri idarəetməyə götürmüş Türkiyənin “Barmek” Holdinq və Azərbaycanın “Bayva” şirkətləri ilə müqavilələrə xitam verdik. Bununla yanaşı, islahatların mühüm tərkib hissəsi kimi, enerji və digər sahələrdə iqtisadi cəhətdən əsaslandırılmış qiymət və tariflərin müəyyənləşməsi işi davam etdirilmişdir.
Qeyd etmək istərdim ki, Tarif Şurasının son qərarı ölkədə aparılan iqtisadi islahatların, o cümlədən kommunal sektorda həyata keçirilən islahatların davamıdır. Bu tədbirlərin əsas məqsədi əhaliyə göstərilən xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsi, etibarlılığının artırılması, iqtisadi inkişafda dinamizmin təmin etdirilməsidir. Qərar qəbul edilərkən aidiyyəti təşkilatlardan daxil olan təkliflər hərtərəfli təhlil edilmiş, hesablamalar aparılmışdır.
Digər sahələrdə olduğu kimi, tariflərinə baxılmış müəssisələr də bazar iqtisadiyyatı prinsipləri ilə işləməli, normal fəaliyyət göstərməlidir. Dövlət tənzimlənməsində olan bu müəssisələrin sonsuz olaraq subsidiyalaşdırılmasına göz yummaq olmaz. Bu, ilk növbədə istehlakçıların marağına ziddir. Məsələn, təkcə 2007-ci ildə enerji sektoru üzrə alınan yanacaq üçün ödənilməyən məbləğə görə dövlət büdcəsi hesabına bu sektora 330 milyon manat məbləğində dolayı subsidiya nəzərdə tutulmuşdur. Halbuki, bu vəsait vətəndaşların sosial və digər ehtiyaclarının ödənilməsinə yönəldilə bilər.
Digər tərəfdən, topdansatış qiymətlərinin olduqca aşağı olması bu sahəyə sərmayə qoyuluşuna heç bir stimul vermir, əksinə, investisiya maraqlarını aşağı salırdı. Eləcə də satış qiymətlərinin aşağı olması həm də israfçılığa gətirib çıxarmışdı ki, bu isə bütövlükdə istehsal və paylanma sisteminin fəaliyyətinin səmərəliliyinin azalmasına, yanacaq və enerji itkilərinin artmasına rəvac vermişdir. Enerji sektoru ilə bağlı söylədiyim fikirlər həm də digər kommunal xidmətlər üçün də xarakterikdir.
Yanacağa gəldikdə, unutmaq olmaz ki, Dövlət Neft Şirkəti ən böyük vergi ödəyicisidir və onun maliyyə fəaliyyətinin sağlamlaşdırılması, bu sahədə şəffaflığın təmin olunması dövlət büdcəsinin gəlirlərinin və müvafiq olaraq sosial xərclərin artırılmasında xüsusi əhəmiyyət kəsb edir.
Qiymət artımının inflyasiyaya təsiri ilə bağlı bildirməliyəm ki, ölkədə istehsal olunan istehlak mallarının əksəriyyətinin maya dəyərində enerji daşıyıcılarının və yanacağın xüsusi çəkisi azdır. Bəzi malların və xidmətlərin qiymətlərinin süni şəkildə qaldırılmasını enerji daşıyıcılarının qiyməti ilə bağlamaq düzgün deyildir. Məhz belə sui-istifadə hallarını aradan qaldırmaq məqsədi ilə cənab Prezidentin Sərəncamına əsasən istehlak bazarına nəzarət üzrə dövlət xidməti yaradılmışdır. Biz çalışacağıq ki, Azərbaycanda heç bir ticarət obyektinin qeyri-qanuni addımı nəzarətdən kənarda qalmasın və sahibkarlar anlasınlar ki, ən yaxşı yol azad və haqlı rəqabətin inkişaf etdirilməsi, bazarın tam liberallaşmasıdır. Bu baxımdan bazarda haqlı rəqabətin təmin olunması və istehlakçıların hüquqlarının qorunması 2006-cı ildə bizim fəaliyyətimizin əsas istiqamətlərindən biri olmuşdur.
Ötən il ərzaq, o cümlədən un, ət, uşaq qidası, sərinləşdirici içkilərin, həmçinin sement və digər inşaat materiallarının, ətriyyat, kişi və qadın geyimlərinin və digər məhsulların satışı üzrə monitorinqlər aparılmış, qanunvericiliyin pozulması halları ilə bağlı 300-dən çox şirkətə qarşı cəza tədbirləri görülmüşdür. Bununla yanaşı, süni şəkildə bahalaşmanın qarşısını almaq məqsədi ilə Bakı və digər şəhərlərdə müntəzəm olaraq kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil olunmuş, oradakı qiymətlərin monitorinqi aparılmışdır. Ümumiyyətlə, bildirməliyəm ki, cənab Prezidentin Sərəncamı ilə təsdiq olunmuş antiinflyasiya tədbirləri istehlak bazarına öz müsbət təsirini göstərmiş, ötən il inflyasiyanın səviyyəsi 8,3 faiz olmuşdur.
İqtisadi inkişaf naziri ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi, sahibkarlığın, regionların sosial-iqtisadi inkişafı, respublikanın sənaye potensialının möhkəmləndirilməsi, əhalinin maddi rifah halının yaxşılaşdırılması və bir sıra digər sahələrdə görülən silsilə tədbirləri diqqətə çatdırdı.
Vergilər naziri FAZİL MƏMMƏDOV ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində bütün sahələrdə olduğu kimi, vergi sistemində də çox böyük uğurlar qazanıldığını qeyd etdi:
-Hesabat ilində Vergilər Nazirliyi tərəfindən 2 milyard 631 milyon manat proqnoza qarşı dövlət büdcəsinə 2 milyard 716,6 milyon manat vəsait daxil olması təmin edilmiş, proqnoza 103,3 faiz əməl edilmişdir. 2005-ci illə müqayisədə vergi daxilolmalarının həcmi 90,3 faiz və ya 1 milyard 288,9 milyon manat çox olmuşdur. Büdcə daxilolmalarında vergi daxilolmalarının da xüsusi çəkisi artmışdır. Bu göstərici 2005-ci ildə 69,5 faiz olduğu halda, 2006-cı ildə 70,8 faiz təşkil etmişdir. Eyni zamanda, vergi daxilolmalarının ümumi daxili məhsula nisbəti 2005-ci illə müqayisədə üç bənd artaraq 15 faiz təşkil etmişdir.
Ötən il neft sektoru üzrə vergi daxilolmalarının həcmi artmışdır. Neft sektoru üzrə büdcəyə 1 milyard 673,7 milyon manat vəsait daxil olmuş, proqnoza 108 faiz əməl edilmişdir. Neft sektoru üzrə vergi daxilolmalarında belə yüksək artıma əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən neft strategiyasının reallaşmasının müsbət nəticələri və cənab Prezident, Sizin rəhbərliyiniz altında iqtisadiyyatın dinamik inkişafı hesabına nail olunmuşdu. Belə ki, artıq 2006-cı ildən başlayaraq Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında sazişdə iştirak edən podratçı təşkilatlar mənfəət əldə etmiş və onlar tərəfindən 972,9 milyon manat mənfəət vergisi hesablanaraq ödənilmişdir.
Neft gəlirlərinin sürətli artımı vergi orqanları qarşısında bu gəlirlərə nəzarəti təkmilləşdirmək, xüsusilə xarici şirkətlərin gəlirləri üzərinə səmərəli və müasir texnologiyaların tətbiqi ilə nəzarət mexanizmini işləyib hazırlamaq tələblərini qoymuşdur. Təkcə 2006-cı ildə aparılmış yoxlamalarla neft sektorunda çalışan xarici şirkətlərin vergilərinin heç də həmişə düzgün hesablanmaması faktları aşkara çıxarılmış və həmin şirkətlərə 35 milyon ABŞ dolları məbləğində əlavə vəsait hesablanmışdır. Bununla yanaşı, görülmüş tədbirlər nəticəsində qeyri-neft sektorunda vergi intizamının artırılmasına nail olunmuş və hesabat dövründə qeyri-neft sektoru üzrə ümumi daxili məhsulun 12 faiz, konsorsiumda fəaliyyət göstərən xarici subpodratçılar tərəfindən həyata keçirilən ödənişlər nəzərə alınmazsa, vergi daxilolmaları 28,1 faiz, bu sektor üzrə büdcəyə 638,8 milyon manat vəsait daxil olmuşdur ki, bu da 2005-ci ilin müvafiq göstəricisindən 149,9 milyon manat artıqdır.
Vergi daxilolmalarının həcmi dövlət sektoru üzrə 25,9 faiz, qeyri-dövlət sektoru üzrə 146 faiz artmışdır.
Möhtərəm cənab Prezident, Sizin bilavasitə rəhbərliyiniz altında həyata keçirilən uğurlu iqtisadi-siyasət nəticəsində ölkə iqtisadiyyatına sərmayə qoyuluşuna maraq artmışdır. Belə ki, 2005-ci illə müqayisədə hesabat ilində ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi bütün maliyyə mənbələri hesabına 14,4 faiz, o cümlədən daxili mənbələr hesabına 49 faiz artmışdır. Bu amil qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayında da özünü göstərmiş, onların sayı 45,2 faiz, o cümlədən hüquqi şəxslərin sayı 15,5 faiz, fərdi sahibkarların sayı isə 57,1 faiz çoxalmışdır.
2006-cı ildə 5302 vergi ödəyicisində aparılan səyyar vergi yoxlamaları nəticəsində 297,6 milyon manat əlavə vəsait hesablanmışdır. Səyyar vergi yoxlamaları faktiki fəaliyyət göstərən vergi ödəyicilərinin cəmi 4 faizini əhatə etmişdir. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” 2005-ci il 31 may tarixli Fərmanında vergi orqanları qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədi ilə nəğd pul hesablaşmaları aparan obyektlərin fəaliyyətinə nəzarət işləri daha da gücləndirilmiş, qanun pozuntularına yol vermiş vergi ödəyicilərinə 5 milyon manatdan çox inzibati cərimə tətbiq edilmişdir. Qanun pozuntularına yol verilməsində dırnaqarası xüsusi fəallıq göstərmiş bir sıra vergi ödəyiciləri Vergilər Nazirliyinin aidiyyəti strukturları tərəfindən nəzarətə götürülmüş, külli miqdarda vergidən yayınanlar barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 321 cinayət işi başlanmış, 64 nəfər haqqında məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilmiş, iqtisadi sahədə cinayətkarlığa görə 62 nəfər tapılaraq məhkəmə orqanlarına təhvil verilmişdir.
Həyata keçirilən nəzarət tədbirləri nəticəsində vergi daxilolmalarının həcmi tikinti sektorunda 92 faiz, Bakı şəhərində fəaliyyət göstərən şadlıq evlərində 100 faiz, ticarət, iaşə və nəzarət-kassa aparatları tətbiq edən digər obyektlərdə 85 faiz olmuşdur.
Nazir vergi daxilolmalarındakı artımın qanun pozuntularına yol verənlərə qarşı mübarizənin gücləndirilməsi, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər, vergilərin inzibati metodlarla deyil, könüllülük prinsipi əsasında yığılmasına üstünlük verilməsi, avtomatlaşdırılmış vergi informasiya sisteminin imkanlarından səmərəli istifadə, rayonlarda kompyuter terminallarının yaradılması və digər çoxsaylı tədbirlər nəticəsində mümkün olduğunu bildirdi, qarşıda duran vəzifələrdən danışdı.
Əmək və əhalinin sosial müdafiəsi naziri FÜZULİ ƏLƏKBƏROV 2006-cı ilin əhalinin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluğun təmin edilməsi baxımından da uğurlu il olduğunu vurğuladı:
- 2006-cı ilin yekun məlumatlarına əsasən, respublika üzrə 50 minə yaxın ailəyə təyinat aparılmış və ödənişin orta aylıq məbləği 44 manat 28 qəpik təşkil etmişdir. Diqqətinizə çatdırmaq istərdim ki, həmin ailələrin 60 faizi sosial proqramlar çərçivəsində bu günədək dövlətdən heç bir yardım almamışdır. Bu isə yeni sistemin səmərəliliyini bir daha sübut edir. Ümumiyyətlə, layihə qarşımızda bir çox imkanlar açır. Müraciət edən və qeydiyyata alınan ailələrin yoxsulluq səbəblərinin araşdırılması, onların tədricən bu vəziyyətdən çıxarılması məqsədi ilə aztəminatlı ailələrin sosial reabilitasiya proqramı hazırlanır. Formalaşan geniş informasiya bazası əsasında fərdi reabilitasiya proqramları həyata keçiriləcəkdir. Digər tərəfdən isə əhalinin sosial müdafiəsinin gücləndirilməsində fəal məşğulluq tədbirləri də böyük əhəmiyyət kəsb etmişdir. 2006-cı ildə məşğulluq xidməti orqanları tərəfindən 35 min 918 nəfər işlə təmin olunmuşdur ki, bu da 2005-ci illə müqayisədə 11 faiz çoxdur.
Cənab Prezident, hesabat dövrü ərzində tibbi sosial ekspertizanın təşkili, əlillərin tibbi sosial və peşə reabilitasiyası, bərpa vasitələri ilə təchizatı və protez ortopedik xidmətlərinin göstərilməsi istiqamətində mühüm işlər görülmüşdür. Belə ki, əlil arabaları, eşitmə aparatları və protez ortopedik məmulatlara olan tələbat tam ödənilmiş, bu sahədəki gərginlik aradan qaldırılmışdır. Respublikada əvvəlki illərlə müqayisədə əlilliyin artım dinamikası da aşağı düşmüşdür. Əgər əlillərin sayı 2005-ci ildə 19 min 988 nəfər artmışdırsa, ötən il bu göstərici iki dəfə azalmışdır. 2006-cı ildə 9 min 467 əlil tam reabilitasiya olunmuşdur ki, bu da 2005-ci illə müqayisədə 53 faiz artım deməkdir. Əlavə olaraq 6800 əlil hissəvi reabilitasiya edilmişdir. Bu isə 2005-ci ildə reabilitasiya olunmuş əlillərdən 56 faiz çoxdur. Təbii ki, səhiyyə sisteminin inkişafı, bu sahədəki yeniliklər prosesin effektivliyinə böyük təsir göstərmişdir. Müsbət tendensiyalara baxmayaraq, hələ də bu sahədə problemlər mövcuddur.
Nazirlik tərəfindən şəhər və rayon mərkəzlərində xüsusi layihəli yaşayış binaları, kənd yerlərində isə fərdi evlərin tikintisi davam etdirilir. Bu günədək 29 yaşayış binası, 194 fərdi ev, ümumilikdə 1118 mənzil inşa olunaraq şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilmişdir. Tikilən mənzillərin sayı 2006-cı ildə artırılaraq 302-yə çatdırılmışdır. Bu il isə daha 400 əlil və şəhid ailəsinin yeni mənzillə təmin olunması nəzərdə tutulmuşdur. Qeyd etmək istərdim ki, Sizin tapşırığınıza əsasən, yaşayış binaları yeni üslubda, müasir dizaynda inşa ediləcəkdir.
Cənab Prezident, Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli haqqında müvafiq sərəncamınıza əsasən miqrasiya problemlərinin həlli məqsədi ilə 2006-cı il dekabr ayında Moskva şəhərinə işgüzar səfər olmuşdur. Nümayəndə heyəti Rusiya Federasiyasının Səhiyyə və Sosial İnkişaf Nazirliyi, Federal Miqrasiya Xidmətinin rəhbərləri ilə görüşlər keçirmişdir. Danışıqlarda Rusiya rəsmiləri ulu öndər Heydər Əliyevin qarşılıqlı faydalı əməkdaşlığa söykənən Rusiya-Azərbaycan münasibətlərindəki əvəzsiz rolunu xüsusi vurğulamış və hazırda bu münasibətlərin hər iki ölkənin prezidentləri tərəfindən səmimi dostluq şəraitində inkişaf etdirildiyini məmnunluqla qeyd etmişlər. Bunun nəticəsində mövcud problemlərin həlli istiqamətlərində qarşılıqlı razılaşma əldə olunmuşdur və bu sahədə işlər davam etdirilməkdədir.
Füzuli Ələkbərov rəhbərlik etdiyi nazirliyin bir sıra beynəlxalq təşkilatlarla da uğurla əməkdaşlıq etdiyini bildirdi.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ötən il üzrə proqnozlara artıqlaması ilə əməl olunduğunu söylədi:
- Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş uğurlu dövlətçilik konsepsiyasının, iqtisadi inkişaf strategiyasının, xarici siyasət kursunun son illər ərzində dövrün tələblərinə uyğun olaraq inamla davam etdirilməsi nəticəsində ölkəmizin həm regionda, həm də beynəlxalq miqyasda yüksələn xətt üzrə formalaşan imici artıq bütövlükdə dünya birliyi tərəfindən birmənalı şəkildə qəbul edilməkdədir. Bu baxımdan yola saldığımız 2006-cı il daha səciyyəvi olmaqla, ulu öndərimizin layiqli davamçısı kimi cənab Prezident, məhz Sizin bilavasitə rəhbərliyiniz sayəsində qlobal transmilli enerji və nəqliyyat kommunikasiya layihələrinin reallaşması ilə yanaşı, balanslaşdırılmış daxili və xarici siyasətin, genişmiqyaslı islahatların həyata keçirilməsi, nəhayət, yüksək iqtsadi göstəricilərin əldə olunması ilə yadda qalacaqdır.
Ölkə iqtisadiyyatının inkişafında özünəməxsus yeri olan gömrük orqanları əvvəlki illərdə olduğu kimi, ötən hesabat ilində də dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanunu ilə gömrük vergi və rüsumları üzrə müəyyən edilmiş proqnozun yerinə yetirilməsini təmin etmişdir. Belə ki, xarici ticarətin ümumi dövriyyəsinin 11 milyard 637 milyon ABŞ dolları, o cümlədən ixracın 6 milyard 372 milyon ABŞ dolları, idxalın isə 5 milyard 265 milyon ABŞ dolları təşkil edildiyi və bununla da 1 milyard 107 milyon ABŞ dolları müsbət saldo əldə edildiyi 2006-cı ildə Dövlət Gömrük Komitəsi tərəfindən 505,4 milyon manat proqnoza qarşı 515,9 milyon manat məbləğdə vəsait toplanaraq dövlət büdcəsinə köçürülməklə illik tapşırığa 102,1 faiz əməl olunmuşdur ki, bu da 2005-ci ilə nisbətən 139,8 milyon manat, yaxud 37,2 faiz çoxdur.
2006-cı ildə Dövlət Gömrük Komitəsi eyni zamanda, hüquq-mühafizə orqanı olaraq, qaçaqmalçılıq və digər hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi, onların aşkar edilərək aradan qaldırılması, ən başlıcası isə, bu cür halların profilaktikası, qaçaqmalçılıq kanallarının ləğvi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər nəticəsində hesabat dövründə 5326 hüquqpozma faktı aşkar edilmiş, 877 hüquqi və 4268 fiziki şəxs inzibati məsuliyyətə cəlb edilmişdir. Bu faktlar üzrə göstərilən şəxslərə qarşı 570 min manat cərimə tətbiq edilmiş, habelə 467,7 min manat dəyərində mallar müsadirə edilmişdir.
Daha sonra komitənin sədri yaxın beş il üçün ölkənin gömrük strategiyasının müəyyənləşdirən Dövlət proqramı, sahibkarlığın inkişafına dəstək, inhisarçılığın aradan qaldırılması məqsədi ilə Koordinasiya Şurasının fəaliyyəti, gömrük orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işlər və gələcək tədbirlər barədə məlumat verdi.
Dövlət Sosial Müdafiə Fondunun sədri SƏLİM MÜSLÜMOV pensiya islahatı konsepsiyası və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində 2006-cı ildə reallaşdırılan kompleks siyasətin mahiyyətini hərtərəfli diqqətə çatdıraraq dedi:
- Bu gün biz qürur hissi ilə söyləyə bilərik ki, məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycanda beynəlxalq normalara uyğun sığorta-pensiya sisteminin qurulması Heydər Əliyevin pensiya islahatı konsepsiyasının Azərbaycanda tam reallaşdırılması deməkdir. İlkin məlumata görə, 2006-cı ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 590 milyon manat təşkil etmiş və əvvəlki ilə nisbətən 17,4 faiz çox olmuşdur. Sosial sığorta haqları proqnozu 100 faiz, o cümlədən qeyri-büdcə təşkilatları üzrə 108 faiz icra edilmişdir. 2006-cı ildə sosial sığorta haqları üzrə daxilolmalar 2005-ci ilə nisbətən 34 faiz artaraq 423 milyon manat təşkil etmişdir ki, bunun da 66 faizi qeyri-büdcə təşkilatlarının payına düşür. Bu təşkilatlardan daxilolmalar il ərzində 39 faiz artmışdır.
Sosial sığorta daxilolmalarının artımının 20 faizi ölkə üzrə orta aylıq əmək haqqının artımı, 14 faizi isə 100 mindən çox daimi iş yerinin yaradılması, sığortaedənlərin qeydiyyatının gücləndirilməsi və əmək haqlarının leqallaşdırılması dərəcəsinin yüksəldilməsi hesabına təmin olunmuşdur. İlkin məlumatlara görə, ötən il ərzində qeydiyyata alınmış sığortaedənlərin sayı 25 mindən çox artmış, kənd əhalisinin sosial sığortaya cəlb edilməsi üzrə xüsusi tədbirlər proqramının reallaşması yolu ilə 10 min nəfərdən çox torpaq payı mülkiyyətçisi qeydiyyata alınmışdır. Sosial sığorta haqlarının vaxtında və tam yığılması üzrə tədbirlər borcların artmasının qarşısını almışdır.
Möhtərəm cənab Prezident, Sizin müvafiq Fərmanınızın icrası olaraq, dövlət müəssisə və təşkilatlarının vaxtı keçmiş borclarının 2006-2008-ci illər ərzində mərhələlərlə qaytarılmasını təmin etmək məqsədi ilə ötən il 775 dövlət müəssisə və təşkilatı ilə ümumilikdə 50 milyon manat məbləğində müqavilələr bağlanılmışdır və bu müqavilələr üzrə fondun yerli orqanlarına 3 milyon manatdan çox vaxtı keçmiş borc ödənilmişdir. Göstərilən tədbirlər büdcə xərclərinin vaxtında maliyyələşdirilməsinə imkan vermiş və 1 yanvar 2007-cı il vəziyyətinə fondun xəzinə hesabında 40 milyon manatdan artıq profisit yaranmışdır. Fondun 2006-cı ildəki 562 milyon manat xərclərinin 94 faizi əhaliyə ödənişlərə yönəldilmişdir. Bu ödənişlərin maliyyələşdirilməsində sosial sığorta haqlarının payı əvvəlki ilə nisbətən 12,4 bənd artaraq 80 faizə çatmışdır. Əhali ödənişlərin 97,5 fazini əmək pensiyaları üzrə xərclər təşkil etmişdir və il ərzində dövlət qulluqçularına 13 milyon manatdan çox pensiya ödənilmişdir.
İlkin məlumatlara görə, ölkə üzrə əmək pensiyaçılarının sayı 2006-cı ilin sonuna 1 milyon 189 min nəfərə çatmış və ya ilin əvvəlinə nisbətən cəmi 7325 nəfər artmışdır. Bu, son 5 ildə ən aşağı artım tempidir və belə azalma əsasən əlilliyin təyin edilməsinə nəzarətin gücləndirilməsi və şəffaflığın artırılması hesabına əldə olunmuşdur.
Cənab Prezident, əgər 2003-cü ildə əlilliyə görə pensiya alanların sayı 30 min 500 nəfər artmışdısa, 2006-cı ildə bu, cəmi 8 min 240 nəfərə düşmüşdür. Bu da Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyinin birgə apardığı tədbirlərin bilavasitə nəticəsidir.
Bir pensiyaçıya düşən əmək pensiyasının orta aylıq məbləği 2006-cı ilin sonuna 48 manata çatmışdır ki, bu da ilin əvvəlinə nisbətən 61 faiz çoxdur.
Möhtərəm cənab Prezident, hazırda pensiyaçılar sırasından 7 min 530 nəfər dövlət qulluqçusu kimi pensiya alır və onların orta aylıq pensiyası 180 manatdır ki, bu da ölkə üzrə orta aylıq əmək haqqından xeyli yüksəkdir. Bundan başqa, yeni qanuna görə, 6 min 600 nəfər I qrup gözdən əlilin və 3 min 600 nəfər yaşa görə pensiya alan müharibə əlilinin - cəmi 10 min 200 nəfərin pensiyalarının baza hissəsi ikiqat ödənildiyindən sığorta hissəsi ilə birlikdə onların pensiyasının aylıq məbləği 100 manatı ötmüşdür.
2006-cı ildən ölkəmizdə tətbiq olunan sığorta pensiya sistemi pensiyaçıların sosial müdafisənin gücləndirilməsinə həm dövlətin, həm də bazar iqtisadiyyatının imkanlarının cəlb olunmasına imkan vermişdir. Belə ki, pensiyaların artırılması mexanizminin dəyişdirilməsi mövcud maliyyə resurslarının bütün pensiyaçılar arasında ədalətli bölgüsünü təmin etmişdir.
Cənab Prezident, Sizin il ərzindəki üç Sərəncamınızla əmək pensiyalarının baza hissəsinin 25 manatdan 40 manata qaldırılması əvvəlki illərdən fərqli olaraq artımların bütün əmək pensiyaçılarına eyni vaxtda şamil olunmasına imkan yaratmışdır. Bu Sərəncamların tətbiqi il ərzində pensiyaçılara 2005-ci ilə nisbətən təqribən 100 milyon manat və ya 24 faiz çox vəsaitin ödənilməsinə gətirib çıxarmışdır. Sizin əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı Fərmanınızla verilmiş tapşırığa əsasən əvvəlki pensiya sistemi ilə əhatə olunmuş şəxslərin pensiya təminatı yeni normalara nəinki uyğunlaşdırılmış, hətta yeni sistemin tətbiqinin ilk günündən 210 min nəfərdən çox güzəştli kontingentin - I qrup əlillərin, o cümlədən gözdən əlillərin, Azərbaycan Respublikası Milli Qəhrəmanlarının və şəhid ailələrinin üzvlərinin, siyasi represiyaya məruz qalaraq sonradan bəraət almış şəxslərin, döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının, müharibə əlillərinin pensiyalarına artımlar tətbiq edilmişdir.
Möhtərəm cənab Prezident, Sizin tapşırığınızla 2006-cı ildə mövcud qanunvericiliyə vahid sığorta pensiya sisteminin yaradılması və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı bir sıra dəyişikliklər edilmişdir. Belə ki, şəhid ailələrinin hər bir üzvünə verilən əmək pensiyasının baza hissəsinə əlavənin həcmi 30 faizdən 80 faizə qaldırılmış, yeni sistemlə pensiyaya çıxan şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına qoyulan məhdudiyyət götürülmüş, işləyən pensiyaçılara əmək pensiyasının tam məbləğdə ödənilməsi müəyyənləşdirilmişdir. Bütün bu xərclərə 2007-ci ildə əlavə olaraq, 30 milyon manatdan artıq vəsait yönəldiləcəkdir.
Fondun sədri Azərbaycanda beynəlxalq standartlara müvafiq sosial sığorta sisteminin tətbiqinin gedişi, fondun maddi-texniki bazasının möhkəmləndirilməsi, fərdi uçot sisteminə keçid, pensiyaların plastik kartlarla verilməsi prosesinin genişləndirilməsi məsələlərindən geniş bəhs etdi, mötəbər beynəlxalq qurumların başçılarının Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatları yüksək dəyərləndirdiklərini vurğuladı.
O dedi ki, cənab Prezident, Sizin rəhbərliyinizlə ölkəmizdə qurulmuş yeni sığorta pensiya sisteminə bu günlərdə Azərbaycanda səfərdə olmuş Beynəlxalq Sosial Təminat Assosiasiyasının prezidenti xanım Korazon de la Paz belə qiymət vermişdir: “Gənc və müstəqil Azərbaycan dövlətinin sığorta pensiya sahəsində nail olduğu uğurlar həqiqətən təqdirəlayiqdir. Biz beynəlxalq assosiasiya olaraq, Azərbaycanın təcrübəsini sosial sferada köklü islahatlara hazırlaşan digər ölkələrin müvafiq qurumlarına təklif edəcək və nümunə göstərəcəyik”.
Səlim Müslümov başçılıq etdiyi kollektivin 2007-ci ildə də üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün səylərini əsirgəməyəcəyini bildirdi.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə yekun nitqi söylədi.
