AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÖZBƏKİSTANA DÖVLƏT SƏFƏRİ
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV SƏMƏRQƏNDƏ GƏLMİŞDİR
Prezident İlham Əliyevi hava limanında Səmərqənd vilayətinin hakimi Rüstəm Xolmuradov dostcasına, mehribanlıqla qarşıladı.
Azərbaycanın Prezidenti əvvəlcə, Uluqbəy rəsədxanasına gəldi. Dövlətimizin başçısına məlumat verildi ki, bu rəsədxana Əmir Teymurun nəvəsi, məşhur özbək astronomu Uluqbəy tərəfindən XV əsrdə yaradılmışdır. Sonrakı dövrlərdə bura uçulub dağılsa da, XX əsrin əvvəllərində bu rəsədxananın qalıqları tapılmış və yenidən bərpa olunmuşdur.
Sonra Prezident İlham Əliyev Səmərqəndin ən qədim abidələrinin yerləşdiyi ərazidəki Əfrasiyab muzeyinə gəldi. 1970-ci ildə yaradılmış bu muzeydə eramızdan əvvəl 5-4-cü və bizim eramızın 7-8-ci əsrlərinə aid arxeoloji tapıntıları, müxtəlif qədim bəzək əşyaları saxlanılır.
Azərbaycan Prezidenti Səmərqəndin qədim mədrəsələrinin binaları ilə də yaxından tanış oldu.
Şəhərlə tanışlıqdan sonra Prezident İlham Əliyev jurnalistlərə müsahibə verdi. O, Özbəkistana dövlət səfərinin çox uğurlu keçdiyini, nəticələrini yüksək qiymətləndirdiyini bildirdi və əminliklə vurğuladı ki, bu səfər Azərbaycan və Özbəkistan xalqları arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə kömək edəcəkdir. Dövlətimizin başçısı dedi ki, biz - mən və Prezident İslam Kərimov Azərbaycan və Özbəkistanın müvafiq hökumət strukturlarına iqtisadi əlaqələrin daha da gücləndirilməsi barədə tapşırıqlar verəcəyik.
X X X
Səmərqənd şəhərinin tarixi-mədəni yerləri ilə tanışlığı davam etdirən Prezident İlham Əliyev Əmir Teymurun dəfn olunduğu Gur-Əmir türbəsinə gəldi. XV əsrdə inşa edilmiş bu türbədə Teymurilər sülaləsindən olan digər hökmdarların da məzarları var. Dövlətimizin başçısına türbənin tikintisi barədə ətraflı məlumat verildi.
Azərbaycan Prezidenti İlham Əliyev Bibixanım məscidinə də gələrək, XVI əsrin yadigarı olan bu memarlıq abidəsinə tamaşa etdi, habelə Səmərqəndin ən böyük ticarət obyekti sayılan “Siab” bazarı ilə tanış oldu.
Şəhərlə tanışlıqdan sonra Səmərqənd vilayəti hakimiyyətinin iqamətgahında şəhərin hakimi Rüstəm Xolmuradovun adından nahar təşkil edildi.