AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ RUSİYA PREZİDENTİ VLADİMİR PUTİNİN GÖRÜŞÜ
Fevralın 21-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olmuşdur.
Prezident VLADİMİR PUTİN dövlətimizin başçısını salamlayaraq dedi:
-Hörmətli İlham Heydər oğlu, ilk növbədə, zirvə görüşündə iştirak etmək üçün Moskvaya gəlməyə imkan tapdığınız üçün Sizə təşəkkür etmək istəyirəm. İqtisadi əməkdaşlıq sahəsində xeyli irəliləyiş var. Keçən il əmtəə dövriyyəsinin artımı əvvəlki ildəki kimi nəzərəçarpan olmasa da, hər halda, dinamika çox yaxşıdır.
Biz Rusiya sərmayədarlarının Azərbaycan iqtisadiyyatına getdikcə daha çox vəsait qoymasını məmnunluqla vurğulayırıq. Rusiya şirkətlərinin işləməsi üçün ölkənizin hökumətinin yaratdığı şəraitə görə Sizə təşəkkür edirik. Mən bu şirkətlərin adlarını sadalamayacağam, onlar yaxşı məlumdur. Bütövlükdə, qarşılıqlı əlaqələr inkişaf edir, əməkdaşlıq möhkəmlənir, o cümlədən də energetika sahəsində. Bəzi məsələlər var və mən onları Sizinlə müzakirə etmək istərdim. Sizi Moskvada görməyimdən çox şadam, xoş gəlmisiniz.
Prezident İLHAM ƏLİYEV Rusiya dövlətinin başçısına təşəkkür edərək dedi:
-Vladimir Vladimiroviç, ilk növbədə, Moskvaya gəlmək barədə dəvətinizə və Sizinlə görüşmək, ikitərəfli əlaqələrimizi müzakirə etmək imkanına görə sağ olun. Mən Sizinlə tamamilə razıyam, bizim münasibətlərimizdə heç bir problem yoxdur. Biz bütün istiqamətlərdə - istər siyasi, istərsə də iqtisadi baxımdan, humanitar əməkdaşlıq məsələlərində inamla irəliləyirik. Ölkələrimiz çox səmərəli əməkdaşlıq edir və bizim dostluq, mehriban qonşuluq münasibətləri kimi səciyyələndirdiyimiz münasibətlər ümumən möhkəmlənir.
Siz Azərbaycanda yaxşı investisiya mühitinin olmasını vurğuladınız. Rusiya şirkətləri ölkəmizdə özlərini rahat hiss edir, yerli şirkətlər kimi, onlar da eynilə bütün hüquqlardan istifadə edirlər. Biz Rusiya şirkətlərinin Azərbaycanda sərmayələrinin artmasını alqışlayırıq. Onu da deməliyəm ki, hazırda bir çox şirkətlər tikinti, infrastruktur obyektləri ilə bağlı müxtəlif layihələrdə podratçı kimi iştirak edirlər.
Biz biznes strukturları arasında münasibətlərin səviyyəsindən də çox razıyıq. Biznes strukturları da öz işlərində rəhbərliyə istiqamətlənir və düzgün də edirlər. Buna görə də onlar ölkələrimiz arasında belə fəal siyasi qarşılıqlı əlaqələri gördükdə, özlərini daha inamlı və rahat hiss edirlər. Azərbaycan şirkətləri də Rusiya bazarında işləyir və onlar da bütün hüquqlardan istifadə edirlər. Bir sözlə, mən münasibətlərimizin bu şəkildə inkişaf etməsindən məmnunluğumu bildirmək istərdim. Bugünkü görüşümüzdə, əlbəttə ki, həm ikitərəfli məsələləri, həm də regional əməkdaşlıq məsələlərini, habelə dünyada baş verən və müzakirəsinə ehtiyac duyulan prosesləri müzakirə etmək istərdim.
######
![]() |
![]() |

