Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

        -Beləliklə, 2006-cı ilin yekunlarının müzakirəsi bir daha onu göstərir ki, ötən il üçün nəzərdə tutulmuş bütün proqramlar yerinə yetirilibdir. Həm iqtisadi inkişaf baxımından, həm əhalinin sosial məsələlərinin həlli, həm də infrastruktur layihələrinin həyata keçirilməsi baxımından, demək olar ki, 2006-cı ildə qarşıda duran bütün vəzifələr icra olunubdur.
2007-ci ildə də bizi böyük işlər gözləyir. Azərbaycanın iqtisadiyyatı 2007-ci ildə yüksək sürətlə inkişaf etməkdə davam edəcək, ilkin proqnozlara görə, ümumi daxili məhsul haradasa, 25-30 faiz artacaq, orta əmək haqqı artacaq, minimum əmək haqqı qaldırılacaq, adambaşına düşən ümumi daxili məhsulun həcmi kəskin şəkildə artacaq, Azərbaycanda böyük infrastruktur layihələri həyata keçiriləcəkdir. Bunları etmək üçün bütün imkanlar var, 2007-ci ilin büdcəsi təsdiq edilibdir. 2006-cı illə müqayisədə kəskin şəkildə artım nəzərdə tutulubdur. 2007-ci ildə büdcəmiz 6,5 milyard dollar təşkil edəcək və bu məbləğ bütün büdcədə nəzərdə tutulan məsələlərin həlli üçün kifayət edəcəkdir. Bunu və Azərbaycanın sürətli iqtisadi inkişafını nəzərə alaraq, əlbəttə ki, biz 2007-ci ildə ən əsas diqqəti makroiqtisadi sabitliyə yönəltməliyik. Həm neft-qaz əməliyyatlarından əldə ediləcək gəlirlər, həm də büdcə xərclərinin artırılması, əmək haqları və pensiyaların qaldırılması, əlbəttə ki, makroiqtisadi sabitliyə mənfi təsir göstərə, inflyasiyanı sürətləndirə bilər. Ona görə əsas səylərimizi bu istiqamətə yönəltməliyik. Makroiqtisadi sabitlik hər bir ölkənin iqtisadi inkişafı üçün başlıca şərtdir, xüsusilə yüksək sürətlə inkişaf edən ölkələr üçün. O ölkələrdə ki, iqtisadi artım 5-10 faiz təşkil edir, bəlkə də, buna o qədər də böyük əhəmiyyət verilmir. Bizim ölkəmizdə isə iki il iqtisadi artım 26-35 faizdir və üçüncü il haradasa, 30 faiz səviyyəsində olacaq, əlbəttə ki, bütün səyləri biz buna yönəltməliyik. 2006-cı ildə bu sahədə görülən işlər təqdirəlayiqdir. Bir də qeyd eləmək istəyirəm ki, inflyasiya 8,3 faiz təşkil etmişdir və bunda bütün qurumların - Milli Bankın, bütün başqa aidiyyəti qurumların rolu olmuşdur. Əminəm ki, 2007-ci ildə də bu müsbət meyillər davam edəcək və inflyasiyanı normal çərçivələrdə saxlaya biləcəyik.
Eyni zamanda, 2007-ci ildə əlavə büdcə xərclərinin artımı nəticəsində çoxsaylı layihələr həyata keçiriləcəkdir. Bu layihələr səmərəli şəkildə həyata keçirilməli, maliyyə intizamı möhkəmlənməlidir. Bizim büdcəmiz artıq çox böyük həcmdə artır, xərclər artır və əlbəttə ki, nəzarət də artmalıdır. Çünki bu olmasa, bizim qarşıya qoyduğumuz məsələlərin həlli işində problemlər yarana bilər. Ona görə bütün ayrılan xərclərdən maksimum dərəcədə səmərəli şəkildə istifadə olunmalıdır və ciddi, çoxpilləli nəzarət mexanizmi də tətbiq edilməlidir. Bu, bizim üçün, Azərbaycan üçün yeni vəziyyətdir. Əvvəlki illərdə, Azərbaycanın müstəqilliyinin ilk illərində bizim əsas səylərimiz əlavə mənbələrin axtarılmasına, vəsaitin toplanmasına yönəldilmişdi.
        Əlbəttə ki, bu məqsəd indi də öz aktuallığını itirməyibdir. Ancaq indi yeni vəziyyət də yaranıbdır. Bir tərəfdən, çox böyük məbləğdə olan xərcləri səmərəli idarə etmək, onların həcmini artırmaq, digər tərəfdən, onlardan səmərəli istifadə etmək və iqtisadiyyatın ümumi meyillərinə mənfi təsirini azaltmaq lazımdır. Hər bir ölkə üçün bu, əlbəttə ki, əlavə problemlər yaradır və Azərbaycan da buna hazır olmalıdır.
Bununla bərabər, böyük planlarımız, böyük layihələrimiz var. Onlar da icra olunmalıdır. Regionların sosial-iqtisadi inkişafı proqramı davam etməlidir. Artıq bir neçə ildir ki, biz bu proqramı uğurla icra edirik və bölgələrdə vəziyyət tamamilə dəyişilmişdir. Yeni müəssisələr, fabriklər yaradılır, abadlıq işləri sürətlə gedir, ən yüksək səviyyədə, infrastruktur layihələri həyata keçirilir. Biz bunu dünyada mövcud olan ən yüksək səviyyədə edirik və əlbəttə ki, bu da əlavə xərc tələb edir.
Bölgələrin inkişafı nəticəsində Azərbaycanın hərtərəfli inkişafı da təmin olunur. Qeyri-neft sektorunun inkişafı təmin edilir. Bilirsiniz ki, bu, bizim üçün əsas məsələdir. Qeyri-neft sektorunun inkişafı, yerli istehsalın möhkəmlənməsi, idxaldan asılılığın azaldılması və yerli sahibkarlığın inkişafı məsələləridir. Bütün bunlar regionların inkişafı proqramı ilə birbaşa bağlı olan məsələlərdir.
Əlbəttə dövlət tərəfindən dəstək veriləcəkdir. Bilirsiniz ki, sahibkarların fəaliyyətinin yaxşılaşması üçün dövlət tərəfindən kreditlər ayrılır, ondan səmərəli istifadə olunur. Yəqin ki, bir neçə ildən sonra artıq o kreditlərin qaytarılması prosesi başlanacaq və belə olan halda, o qaytarılan məbləğin hesabına yeni kreditlər veriləcəkdir. Mən bunu bir dəfə qeyd eləmişəm, bir də demək istəyirəm. Bu kreditlərin verilməsi kommersiya xarakteri daşımır. Məqsəd ondan ibarət deyil ki, bu kreditlərin faizindən dövlət əlavə qazanc götürsün. Məqsəd, sadəcə olaraq, sahibkarlara kömək göstərmək, yerli sahibkarları dəstəkləmək və onların ilkin kapitalının formalaşmasında iştirak etməkdir. Bu siyasət uğurla davam edir və bölgələrdə işlərin böyük əksəriyyəti məhz bunun nəticəsində görülmüşdür.
Bizim büdcəmiz və siyasətimiz sosialyönümlüdür. Azərbaycanda həm bazar iqtisadiyyatı prinsipinə sadiqlik özünü göstərir, eyni zamanda, sosial məsələlərin həllinə də böyük diqqət yetirilir. Bizim ölkəmizin siyasətini səciyyələndirən də məhz bu amillərdir. Əgər Azərbaycanda sırf bazar iqtisadiyyatı prinsipi tətbiq olunarsa, əhalinin bir hissəsi böyük çətinliklərlə üzləşə bilər. Xüsusilə, keçid dövründə yaşayan ölkələr üçün bu, adi haldır və tarixdən də biz bunu görürük. Ona görə iqtisadi yönümlü, investisiya yönümlü, bazar iqtisadiyyatı prinsiplərinə sadiq olan siyasətimiz, eyni zamanda, sosial proqramlar ilə də tamamlanmalıdır. Bu məqsədlə də böyük işlər görülür və görüləcəkdir. Əhalinin sosial müdafiəsi məsələləri ön planda olmalıdır. Müxtəlif sosial proqramların həyata keçirilməsi, müxtəlif təşəbbüslərin başlanması bu məqsədi daşıyır. Azərbaycanda ildən-ilə minimum əmək haqqı, minimum pensiyalar qaldırılır, orta əmək haqqı artır. Amma hələ ki, bu bizi tam, qane edə bilməz, ancaq dinamika və sürətli dinamika, əlbəttə ki, çox sevindiricidir.
        2007-ci ildə də bu proses davam edəcək və daha da sürətlə gedəcəkdir, bütün müvafiq tapşırıqlar verilmişdir. Xüsusilə nəzərə alsaq ki, 2007-ci ilin əvvəlində elektrik enerjisinin qiymətlərində artım olmuşdur, biz mütləq və mütləq sosial siyasətimizi daha da sürətlə aparmalıyıq və elə etməliyik ki, əhali enerjinin qiymətinin artımından əziyyət çəkməsin. Bunu etmək üçün, əlbəttə ki, ilk növbədə, maaşların artırılması nəzərdə tutulubdur. Demək istəyirəm ki, fevralın 1-dən minimum əmək haqqını 50 manata qaldıracağıq. Nəzərə alsaq ki, 2006-cı ilin sonuna qədər Azərbaycanda minimum əmək haqqı 30 manat idi. Bu, çox böyük artımdır. Biz fevralın 1-dən bunu 50 manata çatdıracağıq və bu artım bütün insanlara şamil ediləcək, hər bir vətəndaş, hər bir ailə öz gündəlik həyatında bunu hiss edəcəkdir. Amma mən hesab edirəm ki, baxmayaraq, bu, çox böyük məbləğ tələb edən bir addım olacaq və xüsusilə aztəminatlı ailələrin həyat səviyyəsinin yaxşılaşması üçün çox önəmli addım olacaq, ancaq biz bununla da kifayətlənə bilmərik. Eyni zamanda, büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqları da fevralın 1-dən qaldırılmalıdır. Təhsil, səhiyyə, mədəniyyət, sosial təminat, elm, idman müəssisələrində və digər sahələrdə çalışan insanların əmək haqqı fevralın 1-dən 25 faiz qaldırılacaqdır.
Bütün bu addımlar onu göstərir ki, Azərbaycanda sosial məsələlərin həllinə çox böyük diqqət göstərilir. Biz imkan verə bilmərik ki, insanlar bazar iqtisadiyyatına xas olan prinsiplərin Azərbaycanda tətbiqindən əziyyət çəksinlər. Biz adada yaşamırıq. Xüsusilə son illər ərzində Azərbaycanın uğurlu iqtisadi inkişafı ona gətirib çıxarıb ki, biz artıq dünya iqtisadiyyatının bir hissəsiyik. Bizim iqtisadiyyatımız dünya iqtisadiyyatına xas olan qanunlarla idarə olunur. Başqa yol yoxdur. Bəlkə də var, amma o ölkələrdə ki, onlar həm siyasi cəhətdən, həm iqtisadi cəhətdən özlərini dünyadan təcrid ediblər. O ölkələrin uğurları müvəqqəti xarakter daşıyır və yalnız süni amillərlə tənzimlənir.
Biz isə dünya iqtisadiyyatına inteqrasiya edirik. Azərbaycan həm siyasi, iqtisadi, həm də geosiyasi cəhətdən dünya üçün çox önəmli ölkəyə çevrilir və əlbəttə ki, bazar iqtisadiyyatı prinsiplərinin Azərbaycanda tətbiqi labüddür, mümkündür və vacibdir. Ona görə bütün bu amilləri nəzərə alaraq, eyni zamanda, insanların sosial cəhətdən müdafiəsi üçün atılan addımlar da vacibdir və biz bunu edirik. Maaşların, minimum əmək haqqının artırılması ilə yanaşı, eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, yaşa görə pensiyanın baza hissəsini də 50 manat səviyyəsinə qaldıracağıq və bu, çoxsaylı pensiyaçılar üçün böyük dəstək olacaqdır. Mən əminəm ki, biz bu sosial islahatların aparılmasını davam etdirəcəyik.
Qiymətlərin qaldırılması qaçılmaz idi. Azərbaycanda elektrik enerjisinin qiymətlərinin qaldırılması, bəlkə də, son, ən azı 5 il ərzində geniş müzakirə olunub və bildiyiniz kimi, ötən 10 il ərzində bu qiymətlər sabit olaraq qalmışdır. Baxmayaraq ki, dünyada neftin, bütün enerji daşıyıcılarının qiyməti qalxmışdır və şübhəsiz ki, Azərbaycanda insanların həyat səviyyəsi də kəskin şəkildə qalxmışdır. Ona görə elektrik enerjisinin qiymətlərinin qaldırılması qaçılmaz bir məsələ idi.
        Sadəcə olaraq, mən hesab edirdim ki, biz, ilk növbədə, insanların həyat səviyyəsini yaxşılaşdırmalıyıq. O vaxt ki, Azərbaycanda əhalinin 49 faizi yoxsulluq şəraitində yaşayırdı, biz bunu edə bilməzdik. O vaxt ki, Azərbaycanda 44 faiz yoxsulluq mövcud idi, edə bilməzdik. Amma indi yoxsulluq şəraitində yaşayanların sayı kəskin şəkildə aşağı düşübdür. Məhz bizim iqtisadi siyasətimiz nəticəsində, Azərbaycanda aparılan iqtisadi islahatlar nəticəsində buna nail ola bilmişik. Minimum əmək haqqı artıq 50 manatdır, haradasa, 60 dollara bərabər olacaqdır. Orta əmək haqqı kəskin şəkildə artır. Onu da qeyd etmək istəyirəm ki, elektrik enerjisinin qiymətinin qaldırılmasından və bəzi növ yanacağın qiymətinin qaldırılmasından ölkə xəzinəsinə daxil ediləcək məbləğ təxminən 200 milyon manat, bəlkə də, ondan bir az çox olacaqdır. Sosial paketin həlli üçün sadaladığım kateqoriya insanların əmək haqlarının qaldırılması üçün, minimum əmək haqqının və minimum pensiyanın qaldırılması üçün dövlət büdcəsindən, haradasa, 700 milyon manat vəsait ayrılması nəzərdə tutulubdur. Yəni 800 milyon dollar. Bu, bir daha onu göstərir ki, elektrik enerjisinin qiymətinin qaldırılması, onun məqsədi əlavə qazanc əldə etmək deyildir. Əksinə, dövlət büdcəsinə əlavə yükdür. Çünki nəzərə alsaq ki, bu qiymətlər qalxmasaydı, bəlkə də, indiki mərhələdə maaşların qaldırılmasına da ehtiyac olmazdı. Çünki bilirsiniz ki, hər dəfə maaşların qaldırılması həm dövlət büdcəsi üçün əlavə yükdür, eyni zamanda, iqtisadiyyata əlavə yükdür. İqtisadi vəziyyəti gərginləşdirə, inflyasiyanı sürətləndirə bilər. Biz bütün bu amilləri nəzərə almalıyıq. Onu demək istəyirəm ki, enerjinin qiymətlərinin qaldırılması dövlət büdcəsinə əlavə yükdür, əlavə xərclərdir. Amma biz bunu edirik. Maksimum 200-300 milyon dolların müqabilində dövlətdən 800 milyon dollar veriləcəkdir. Ancaq kimə? Ehtiyacı olan insanlara. “Mercedes” maşını sürən, villada yaşayan, bir neçə evi olan, mülkü olan insanlara dövlət nə üçün subsidiya verməlidir?! Qoy, varlı adamların sayı artsın. Mən də bunun tərəfdarıyam və gündəlik həyatda biz bunu görürük. Azərbaycanda sahibkarlar sinfinin möhkəmlənməsi məhz bunun əlamətidir. Mən istəyirəm ki, Azərbaycanda hamı zəngin, varlı olsun, hamının imkanı geniş olsun. Qoy, yaxşı pul qazanan, daha da çox pul qazansın. Amma belə olan halda, dövlət maya dəyərindən aşağı qiymətə ona enerji verməməlidir. Nə üçün xarici firmada işləyən, yüksək maaş alan, yaxud da ki, yerli firmada yüksək maaş alan adam dövlətdən subsidiya almalıdır? Nə üçün maya dəyəri 5 qəpik olan elektrik enerjisi bu kateqoriyadan olan insanlara 2 qəpiyə satılmalıdır? Qoy, onlar normal qiymət ödəsinlər və dövlət o pulu versin yoxsullara, kasıblara, ehtiyacı olanlara, sosial cəhətdən ən az müdafiə olunanlara, müəllimlərə, həkimlərə, mədəniyyət işçilərinə, bütün dövlət təşkilatlarında işləyənlərə. Bu, sosial ədalət prinsipidir. Biz bunu tətbiq edirik.
Əlbəttə, qiymətlərin artımı insanlarda müəyyən fikirlər yaradır, bu, təbiidir. Ancaq hamı görəcək ki, bunun müsbət nəticələri olacaqdır. Azərbaycan vətəndaşları bundan əziyyət çəkməyəcəklər, onların maddi vəziyyəti pisləşməyəcəkdir.
        Əksinə, 25 faiz maaşların qaldırılması və minimum əmək haqqının 30 manatdan 50 manata qaldırılması bütün kommunal xərclərə veriləcək məbləği üstələyəcəkdir. Özü də nəzərə alsaq ki, açıq danışaq, bizdə elektrik enerjisinin pulunu əhalinin cəmi 50 faizi ödəyir, qalanları ödəmirlər. Mən demək istəmirəm ki, ödəməsinlər, ödəsinlər, amma bu, reallıqdır. Ona görə bütün bu amillər birlikdə bir daha onu göstərir ki, atılan addım düzgün addım idi.
Bəzi müxalifət mətbuatında bunu siyasiləşdirmək, bundan siyasi dividendlər əldə etmək istəyirlər. Guya ki, Tarif Şurası heç kimdən soruşmadan bunu edibdir. Hamısı boş şeylərdir. Tarif Şurası özbaşına deyildir. Bir daha deyirəm ki, bu məsələ artıq son 5 il ərzində müzakirə edilirdi və gec-tez bu, olmalı idi. Sadəcə olaraq, gözləyirdik ki, insanların maddi imkanları artsın, yaxşılaşsın, ödəniş qabiliyyəti artsın. Eyni zamanda, gözləyirdik ki, sayğaclaşma prosesi də davam etsin. Artıq sayğacların quraşdırılması başa çatır. O vaxt ki, sayğaclar yox idi, biz istəmirdik bunu edək. Eyni zamanda, gözləyirdik ki, Azərbaycanda bir müddət bundan əvvəl yaradılmış “Azəristiliktəchizat” Səhmdar Cəmiyyəti də fəaliyyətə başlasın və artıq istilik sistemini bərpa etməyə başlasın. Enerji məsələlərinə aid olan son müşavirədə o təşkilatın sədri məruzə etmişdir ki, Bakıda böyük işlər görülübdür və yüksəkmərtəbəli evlərdə istilik sisteminin bərpası prosesi sürətlə gedir. Belə olan halda, təbii ki,enerjiyə tələbat azalacaqdır. Bütün bunları biz nəzərə alırdıq. Mən hesab edirəm ki, bu qərarın qəbulunda heç bir səhvə yol verilməyib və Azərbaycan iqtisadiyyatı, Azərbaycan xalqı bunun nəticəsini görəcəkdir.
Bizim iqtisadiyyatımız sürətlə inkişaf edir. Amma enerjiyə olan süni qiymətlərlə iqtisadiyyat inkişaf edə bilməzdi. Bizim enerji sahəsindəki şirkətlər inkişaf edə bilməzdi və nəticədə nəyə gətirib çıxaracaqdı? Bəlkə, bu gün, sabah yox, 5 ildən sonra enerji sektoru tamamilə dağıla bilərdi. Onda nə edəcəkdik? Biz indi bu qədər böyük vəsait ayırırıq, elektrik stansiyaları tikirik. Bundan sonra, “Bakıelektrikşəbəkə” və “Sumqayıtelektrikşəbəkə”də sağlamlaşdırma prosesi gedəndən sonra ötürücü xətlərin bərpasına böyük vəsait qoyulacaqdır. Ötürücü xətlər bərbad vəziyyətdədir. Biz stansiyaları tikirik, çox gözəl və 2007-ci ildə də, tikəcəyik. Amma ötürücü xətlər olmadığına və yaxud da ki, köhnə olduğuna görə, “Barmek” şirkəti Azərbaycanın energetika sisteminə vurduğu zərbəyə görə, bəzi hallarda bunun səmərəsi olmur. Bunu etmək üçün vəsait lazımdır. Haradan o vəsait əldə olunacaqdır? Bütün şirkətlər sağlamlaşmalıdır. Süni şəkildə yaranmış bütün problemlər aradan qaldırılmalıdır. Ödəməmələr problemi Azərbaycanda 15 ildir ki, mövcuddur. Biri buna borcludur, o biri ona borcludur, nəticədə belə bir zəncirvari vəziyyət yaranır ki, hamı hamıya borcludur. Elə bil ki, hamı da zərərlə işləyir. Buna son qoyulmalıdır. Ona görə bu qərar düzgündür, eyni zamanda, bu qərar insanların sosial müdafiəsini təmin edir. Maaşların qaldırılması, minimum əmək haqqının, minimum pensiyanın qaldırılması kommunal xərclərə ödəniləcək məbləği artıqlaması ilə təmin edəcək və ondan da çox olacaqdır.
        Nəzərə alsaq ki, gələcək illərdə maaşlar, pensiyalar yenə qalxacaq, əminəm ki, bu qərarın ciddi təsiri olmayacaqdır.
O ki qaldı bundan sui-istifadə etmək istəyənlərə, onların, bütövlükdə, müxalifətin siyasəti Azərbaycanda iflasa uğrayıb və bu, artıq ictimai-siyasi həyatın amili deyildir. Yəni müxalifətin mövcudluğu bütövlükdə sual altındadır və bunun səbəbkarları biz deyilik. Bunun səbəbkarları özünü müxalifət adlandıran partiyaların naftalin qoxusu gələn liderləridir. Onlar 15 ildir bu partiyaların başında duraraq, faktik olaraq, o partiyaların inkişafına imkan vermirlər. Öz siyasi ambisiyalarını təmin etmək üçün. Halbuki, o ambisiyalardan da bir şey qalmayıbdır. Onların Azərbaycan xalqına etdiyi “xidmətlər” hamıya bəllidir. Son prezident və parlament seçkilərindən sonra, ümumiyyətcə, onlar kabinetdən çıxmırlar. İndi onlar guya ki, xalqın qeydinə qalırlar. Xalqı hərəkətə çağırırlar və xalqı da günahlandırırlar. Gör, bunlarda vicdansızlıq hissləri nə qədər güclüdür ki, xalqı günahlandırırlar ki, onları dəstəkləmir, yaxud da Azərbaycan iqtidarı əleyhinə hərəkət etmir. Özlərinin bütün günahlarını, eybəcərliklərini xalqın üstünə yıxmaq istəyirlər ki, xalq passivdir. Azərbaycanda xalq passiv deyildir. Bütün bu görülən işlər Azərbaycan xalqının nailiyyətləridir. Son illər ərzindəki bütün uğurlar, nailiyyətlər, Azərbaycanın uğurlu inkişafı, bölgədəki mövqelərinin möhkəmlənməsi, iqtisadi potensialının güclənməsi, siyasi proseslərin müsbət istiqamətdə inkişaf etməsi - bütün bunların təməlində xalqın iradəsi dayanır. Əgər bu olmasaydı, hansı məsələni biz həll edə bilərdik? Əgər xalqın dəstəyi olmasaydı, biz hansı proqramı həyata keçirə bilərdik? Ona görə Azərbaycan xalqını tənbeh etmək, yaxud da ki, günahlandırmaq, ona irad tutmaq heç kimə şərəf gətirməz. Ona görə onların indiki uğursuz cəhdləri də elə uğursuz oldu. Faktik olaraq, bəzi hallarda onlara yazığım da gəlir. Çünki bilirsiniz, Azərbaycanın uğurları hər bir vətənpərvər insanı sevindirir və sevindirməlidir. Hər bir azərbaycanlı fəxr edir ki, azərbaycanlıdır, fəxr edir ki, Azərbaycan vətəndaşıdır. Bu gün Azərbaycan dünyada ən yüksək sürətlə inkişaf edir. Bunu görəndə hər bir azərbaycanlının ürəyi sevinir. Ancaq bu kateqoriya insanlar buna sevinmirlər. Əksinə, qeyd etdiyim kimi, bir məqamda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisində yubanma oldu, sevinməyə başlamışdılar. Kim sevinirdi buna? Ermənistan, erməni lobbisi, bir də bizim müxalifət. Çox belə canfəşanlıqla öz qəzetlərində, müsahibələrində bildirirdilər ki, nəhayət, Bakı-Tbilisi-Ceyhan dayandı, deməli, iqtidar iflasa uğradı. Axı, bu, iqtidarın layihəsi deyil, Azərbaycan xalqının layihəsidir və Azərbaycan xalqı bunun səmərəsini görür. Bizim 6,5 milyard səviyyəsində büdcəmiz haradan qaynaqlanır? Bundan qaynaqlanır, neft strategiyasından, neftdən əldə edilən gəlirlərdən, Neft Fondunda yığılan vəsaitlərdən, Neft Fondundan transfertlərdən. Bu məsələ onları açmır. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də onları açmır. İndi “Şahdəniz” qaz yatağında bir quyuda qəza baş verdi, onu bərpa etməyə çalışdılar, alınmadı. Hələ ki orada bərpa işləri yenə də aparılır. Sevinirlər buna. Axı, bu qaz ucuz qiymətə Azərbaycan xalqına veriləcək, Azərbaycan tərəfindən satılacaq Avropaya, Avropa İttifaqına. Azərbaycanın mövqeləri, siyasi dayaqları möhkəmlənəcəkdir. Bu, Qarabağ məsələsinin həlli üçün çox önəmli bir addım olacaqdır. Yəni bunu görməmək mümkündürmü? Ona görə mən deyirəm ki, bu insanlar, elə bil, özləri tərəfindən yaradılmış dünyada yaşayırlar. Azərbaycandadırlar, eyni zamanda, Azərbaycanda deyillər. Çünki hər bir uğurumuza onlar məyus olurlar.
        Körpü tikilir, sevinirlər, yazırlar ki, körpü dağıldı, uçdu. Bu, bir tərəfdən yalan, - biz onların yalanlarına öyrəşmişik, xalq da buna öyrəşib, - digər tərəfdən, onların niyyətidir. Yəni istəyirlər ki, körpü uçsun, dağılsın. Axı öz millətinə, öz torpağına belə düşməncəsinə münasibət heç cür qəbul edilmir və belə hallar çoxdur. Sadəcə olaraq istəmirəm onların haqqında danışmaqla vaxtınızı alım. Amma məcburam, çünki, bizim qərarımızın düzgün olması artıq hamı üçün bəllidir. Ancaq onlar bundan sui-istifadə etmək və özləri üçün bir fürsət əldə etmək istəyirlər ki, hə, indi qiymət qaldırıldı, xalq narazı olacaq, gəlin düşək meydanlara. Düşün meydanlara, haradasız siz? Yoxdurlar! Kabinetdən çıxmırlar. Hansı üzlə xalqa müraciət edəcəklər? Ancaq seçkilərdən seçkilərə! 2003-cü ildə prezident seçkiləri ərəfəsində çıxmışdılar bölgələrə, mitinqlər edirdilər. 2005-ci ildə parlament seçkilərinə bir ay qalmış çıxmışdılar, özlərini tərif etmək üçün. Yaxşı, haradadırlar, 2005-ci ildən iki il keçir. Bir dəfə hansısa bölgədə olublar? Bir dəfə hansısa vətəndaşın problemi ilə məşğul olublar, kömək ediblər? Yox! Ancaq gözləyirlər ki, Azərbaycanda nəsə olacaq ki, bundan fayda götürsünlər. Ay, Azərbaycanın münasibətləri filan ölkə ilə korlandı, o ölkə ilə korlandı, bu ölkə Azərbaycanı dəstəkləmir. Onların fikri özlərinə getməsin. Mən heç vaxt imkan verə bilmərəm ki, Azərbaycan, müstəqil dövlət hansısa başqa ölkənin dəstəyindən asılı olsun. Yenə deyirəm, onların fikri özlərinə getməsin, vaxtilə demişdilər ki, bizim hakimiyyətə gəlməyimiz 11 ölkədə razılaşdırılıb. Onun nəticəsində idi ki, Azərbaycan böhrana düşdü, faktik olaraq parçalanma ərəfəsində idi və parçalanırdı. Heydər Əliyev onların xahişi, yalvar-yaxarı ilə Azərbaycana rəhbərliyə gəlməsəydi, ölürdülər, boğulurdular. Neçə dəfə Naxçıvana təyyarə göndərmişdilər ki, Heydər Əliyev gəl, bizi qurtar, öldürürlər bizi. Məhz 11 ölkənin dəstəyi ilə hakimiyyətə gələn o insanların fəaliyyəti nəticəsində belə olmuşdu.
Biz heç bir ölkədən dəstək istəmirik, heç bir ölkədən asılı deyilik və bizim siyasətimiz onu göstərir ki, Azərbaycan müstəqil ölkədir, müstəqil dövlətdir. Bütün ölkələrlə, o cümlədən böyük dövlətlərlə, qonşu ölkələrlə qarşılıqlı hörmət, qarşılıqlı maraq çərçivəsində və əsasında münasibətlərimizi qururuq. Bundan başqa heç bir münasibətlər ola bilməz. Sadəcə, fikrimi söyləmək istəyirəm, öz xalqına nə dərəcədə hörmətsizlik edəsən ki, Azərbaycan xalqı haqqında belə fikirdə olasan.
Bir də demək istəyirəm ki, sosial paketin tətbiqindən sonra Azərbaycanda insanların vəziyyəti daha da yaxşılaşacaqdır. Biz çalışmalıyıq ki, maksimum dərəcədə bütün imkanlardan istifadə edək ki, Azərbaycanda yaranan sahibkarlar sinfi daha da möhkəmlənsin, orta təbəqə inkişaf etsin, yoxsulluğun səviyyəsi aşağı düşsün. Məni çox sevindirir ki, artıq Azərbaycanda yoxsulluq 20 faiz səviyyəsinə enibdir. Əminəm ki, 2007-ci ildə görüləcək tədbirlər nəticəsində daha da kəskin şəkildə enəcəkdir.
        Bununla bərabər, hesab edirəm ki, kənd təsərrüfatında çalışan insanları da biz dəstəkləməliyik. Azərbaycan əhalisinin, demək olar, yarısı kənd təsərrüfatı ilə məşğuldur, bölgələrdə yaşayır. Kənd təsərrüfatının inkişafı üçün əlavə tədbirlər görməliyik, onu dəstəkləməliyik. Bu məqsədlə kənd təsərrüfatına təxminən 80 milyon manat həcmində subsidiya veriləcəkdir ki, kəndlilər gübrə, yanacaq ala bilsinlər və elektrik enerjisinin qiymətindən əziyyət çəkməsinlər. Bütövlükdə, gələcəkdə bu sahəyə biz daha böyük dəstək verməliyik. Biz son illər ərzində müəyyən işlər görmüşük, “Aqrolizinq” yaratmışıq və onun xətti ilə Azərbaycana texnika gətirilir. İndi inkişafın yeni mərhələsi başlayır, biz artıq Azərbaycanda kənd təsərrüfatı texnikasının istehsalı üçün əməli, praktik tədbirlər görmüşük. Yəqin ki, bu yaxınlarda Azərbaycanda traktorlar istehsal olunmağa başlayacaqdır. Yəni “Aqrolizinq”in yaradılması kənd təsərrüfatına dəstək verir.
Amma bu, kifayət deyil, mən hesab edirəm ki, birbaşa subsidiyalar verilməlidir. Kənd təsərrüfatı ilə məşğul olan insanlara Sahibkarlığa Kömək Milli Fondu xətti ilə kreditlər verilməlidir. Onsuz da, onların böyük hissəsi bölgələrə, kənd təsərrüfatı ilə məşğul olan şirkətlərə verilir. Bu proses davam etməlidir.
Eyni zamanda, 2007-ci ildə çalışmalıyıq ki, Azərbaycana investisiyaları daha da böyük həcmdə cəlb edək ki, iri emal müəssisələri yaradılsın. Məsələn 2006-cı ildə İmişlidə böyük şəkər zavodu tikilmişdir. Deyə bilərəm ki, MDB məkanında analoqu olmayan bir müəssisədir. Bəlkə də, bu bölgədə ən müasir, ən qabaqcıl sənaye müəssisəsidir və ondan on minlərlə insan fayda götürürlər. İndi Azərbaycanda çuğundur əkini çox geniş vüsət alıbdır və onu da deyə bilərəm ki, kənd təsərrüfatında mövcud olan artımın müəyyən hissəsi, əhəmiyyətli hissəsi məhz çuğundur istehsalının inkişafı hesabına baş verir. Ona görə kənd təsərrüfatına veriləcək dəstək, əminəm ki, kəndlərdə yaşayan insanların da həyat səviyyəsini yaxşılaşdıracaqdır.
İstəyirəm, qiymətlərlə bağlı bir məsələni də qeyd edim. Meyillər ola bilər. Belə məlumatlar gəlir ki, bazarlarda istehlak mallarının qiyməti süni şəkildə artırılır. Halbuki, onların enerji qiymətləri ilə birbaşa əlaqəsi ola bilməz. Çünki biz qiyməti, sadəcə olaraq, bir-iki həftə bundan əvvəl qaldırmışıq. Necə ola bilər indidən qiymət qalxır? İkincisi, iqtisadi inkişaf naziri qeyd elədi və təhlil də onu göstərmişdir ki, istehlak mallarının qiymətində elektrik enerjisinin payı çox cüzi faiz təşkil edir. Ona görə bazarda bəzi natəmiz adamlar, möhtəkirlər tərəfindən qiymətlərin süni şəkildə qaldırılması təxribatdır və bunu biz təxribat kimi qiymətləndirməliyik. Təbii ki, dünyada neftin qiymətinin artımı nəticəsində və başqa qida məhsullarının, xaricdən gətirilən qida məhsullarının qiymət artımı nəticəsində, istər-istəməz, qiymətlər qalxır. Bu, təbii prosesdir, hər bir ölkədə var.
        Amma bir var təbii proses, bir də var ki, süni şəkildə kimsə bu vəziyyətdən istifadə etmək, əlavə qazanc əldə etmək istəyir. Buna, mən bir daha demək istəyirəm, təxribat kimi baxmalıyıq və bunu edən adamlara qarşı ən ciddi tədbirlər görülməlidir. Onlar cəzalandırılmalıdırlar ki, bu vəziyyətdən Azərbaycan xalqının əleyhinə heç kim istifadə etməsin. Məsələ ilə çox ciddi məşğul olun. Yarmarkalar da özünü doğrultdu. Bu da çox gözəl təşəbbüs olmuşdur. Yarmarkalar davam edir və insanlar orada məqbul qiymətlərlə məhsul alırlar.
2007-ci ildə energetika sektoruna yenə də böyük diqqət göstərməliyik. Nəzərdə tutulmuş proqramlar icra olunacaq, yanvar ayında yəqin ki, Bakıda yeni modul stansiyanın tikintisi başa çatacaqdır. Ondan sonra Sumqayıt şəhərində 500 meqavat gücündə olan elektrik stansiyasının tikintisi başa çatmalıdır. Eyni zamanda, “Şimal-2” elektrik stansiyasında artıq işlər başlanmalıdır. Mingəçevirdə yenidənqurma, bərpa işləri aparılır. Bir sözlə, 2007-ci ildə enerji təhlükəsizliyi baxımından biz öz mövqelərimizi daha da möhkəmləndirəcəyik. Yenə də qeyd etmək istəyirəm ki, gələcəkdə ola bilər ki, biz elektrik enerjisinin ixracı ilə də məşğul olmalıyıq. Amma, ilk növbədə, öz tələbatımızı, artan tələbatı ödəməliyik. Çünki biz stansiyaları ona görə tikirik ki, Azərbaycan iqtisadiyyatı tələb edir. Əhali artır, həyat səviyyəsi yaxşılaşır, çoxlu fərdi tikintilər aparılır, müəssisələr açılır. 3 il ərzində 520 min yeni iş yeri açılıbdır. Bu iş yerləri müəssisə, fabrik deməkdir. Onun əlbəttə ki, əlavə enerjiyə tələbatı var. Ona görə elektrik stansiyalarının tikintisi davam edəcək, ötürücü xətlərə ən ciddi diqqət verilməlidir. “Barmek”dən qalan, yararsız vəziyyətdə olan, dağıdılmış bütün o təsərrüfata yenidən baxılmalıdır. Qeyd olundu, Prezident fondundan vəsait də ayrılıbdır. İndi şəbəkələrin öz vəsaiti olacaqdır və qısa müddət ərzində bu işləri görməliyik.
Azərbaycan Dövlət Neft Şirkəti 2007-ci ildə öz vəzifələrini bilir. Mən bir müddət bundan əvvəl onlara göstəriş vermişəm və bunu icra etməyə başlayıblar. İlk və əsas səyləri qaz hasilatının artırılmasına yönəltməliyik. Əlbəttə ki, Dövlət Neft Şirkətinin neft hasilatı da artır. Ancaq nəzərə alsaq ki, artıq “Azəri”, “Çıraq”, “Günəşli” yatalarından böyük həcmdə neft alırıq, ən əsas diqqəti qazın hasilatına yönəltməliyik. Qaz indi enerji təhlükəsizliyinin əsas komponentidir və biz elə etməliyik ki, özümüzü qazla tam şəkildə təmin edək. Bilirsiniz ki, Rusiya tərəfindən təklif edilən qiymətə biz razı olmadıq. 230 dollar çox yüksək qiymətdir və biz əlbəttə ki, bundan imtina etdik. Biz gözləyirdik ki, danışıqlar əsnasında “Qazprom” tərəfindən verilən yeni təklif daha aşağı olacaq, əfsuslar olsun ki, əksinə daha da artdı - 235 dollar. Bu, ümumiyyətlə, başa düşülən addım deyildir. Onlar bununla nə demək istəyirdilər, biz bunu başa düşmədik. Amma öz tədbirlərimizi gördük, öz siyasətimizi apardıq. Bir daha göstərdik ki, heç kimdən asılı deyilik. Rusiyadan gələn qazsız yaşamışıq, yaşayaq. Ona görə, ilk növbədə, öz qazımızın hasilatını artırmalıyıq və artırırıq. Artıq Neft Şirkəti bu il öz hasilatını artırıbdır. Gələn il əsaslı vəsait qoyulacaqdır.
Eyni zamanda, “Azəri-Çıraq”dan çıxarılan səmt qazını tam şəkildə biz götürməliyik və bu məsələ ilə əlaqədar bp ilə və konsorsiumla danışıqları gedir. “Şahdəniz” yatağından çıxarılacaq qazı da gözləyirik. Əfsuslar olsun ki, orada qəza baş veribdir. Ancaq belə hadisələr neft sənayesində olur. Hər halda, Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən hasil edilən neftin Rusiyaya, Novorossiysk limanına nəqlinin dayandırılması, o neftin emal zavodlarına ötürülməsi və mazuta çevrilməsi, eyni zamanda, qaz hasilatını artırmağımız - bütün bu amillər göstərir ki, biz o çətin vəziyyətdən çıxış yolunu tapa bilmişik. Mən nə üçün çətin vəziyyət deyirəm, çünki bizim “Qazprom” ilə uzunmüddətli müqaviləmiz vardı. Əgər birillik müqavilə imzalansaydı, o vaxt biz vəziyyətin istənilən şəkildə dəyişməsinə hazır ola bilərdik. Ancaq biz beynəlxalq, nüfuzlu, böyük şirkətlə - “Qazprom”la beşillik müqavilə imzalamışdıq. Əlbəttə ki, biz hesab edirdik, özünə hörmət edən hər bir şirkət öz beynəlxalq öhdəliklərini yerinə yetirməlidir. Biz heç ağlımıza gətirə bilməzdik ki, birtərəfli şəkildə o müqavilədən imtina olunacaq və Azərbaycana onu qane etməyən, heç bir məntiqə sığmayan və başqa MDB ölkələrinə verilən qiymətdən qat-qat üstün qiymət Azərbaycana elan olunacaqdır. Biz bunu gözləmirdik. Ona görə vəziyyət bir qədər çətinləşmişdi. Ancaq qısa müddət ərzində, operativ şəkildə buna baxdıq, bütün tədbirləri gördük. Artıq yanvar ayının sonudur, heç kəs də hiss etmir ki, Rusiyadan 4,5 milyard qaz gəlmir. Bir daha sübut elədik, bir daha göstərdik ki, heç kimin qarşısında baş əyən deyilik, əyilən deyilik, biz dövlətik, suveren dövlətik, ancaq qarşılıqlı maraq əsasında istənilən tərəflə əməkdaşlığımızı davam etdirə bilərik.
2007-ci ildə sənaye proqramlarının icrası başlanmalıdır. Mən bilirəm ki, hazırlıq işləri görülübdür. Həm Sənaye və Energetika Nazirliyi tərəfindən təkliflər hazırlanıbdır və indi Nazirlər Kabinetində baxılır. İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanıbdır. 2007-ci ildə Dövlət İnvestisiya Şirkətinin əməli, praktik fəaliyyəti başlanmalıdır. Yəni bəzi layihələrin hazırlıq işləri ilin birinci rübündə başa çatmalıdır və artıq praktik tikintilər başlanmalıdır. Biz böyük layihələrdən danışırıq, onların tikintisi minimum iki il vaxt aparacaqdır. Ona görə yubanmaq olmaz, nəzərə alsaq ki, vəsaitimiz də var, qısa müddət ərzində başlamalıyıq. Büdcədən keçən il də olmuşdur, bu il də nəzərdə tutulub, sadəcə olaraq, bu vəsaitdən səmərəli istifadə etmək lazımdır.
Nəqliyyat sektorunda 2007-ci ildə böyük işlər görüləcəkdir. Lənkəran və Zaqatala şəhərlərində yeni aeroportlar tikiləcəkdir, magistral yolların tikintisi gedir. Şəhərlərarası yolların, Bakı dairəvi yolunun tikintisi başlanmışdır. Kənd yollarının tikintisi davam etməlidir, Bakıda körpülərin tikintisi davam edir. Mənə nəqliyyat naziri tərəfindən verilən məlumata görə, biz nəzərdə tutduğumuz tikintilərdən başqa, yeni körpülər və yol ötürücüləri tikməliyik. İndi bu 9 yerdə nəzərdə tutulub, gələcəkdə yəqin ki, başqa yerlərdə də olmalıdır.
Elə etməliyik ki, tam şəkildə Bakının nəqliyyat problemini həll edək, insanların canını tıxaclardan qurtaraq. Bu məsələ təkcə körpülərin, yol ötürücülərinin tikintisi ilə məhdudlaşmır. Bütövlükdə, Bakının nəqliyyat sistemi yeniləşməlidir, ən müasir səviyyəyə çatmalıdır. Nəqliyyat naziri müxtəlif ölkələrdə olmuşdur. Bu yaxınlarda Koreyada olmuş, onların təcrübəsi ilə maraqlanmışdır. Biz ən müasir sistemi burada tətbiq etməliyik. Yeni yollar, yol ötürücüləri, işıqforlar, nəzarət sistemi, tənzimləmə sistemi, şəhər nəqliyyatı sisteminin tənzimlənməsi - bütün bunlar vahid bir mexanizmdir. Əgər biz sadəcə yolları, körpüləri tiksək, bu, məsələnin həlli deyildir. Ona görə biz bu məsələyə əsaslı yanaşmalıyıq və dünyada mövcud olan ən müsbət praktikanı Azərbaycanda tətbiq eləməliyik. 2007-ci ildə bu işlər başlanmalıdır.
Digər sahələrdə də 2007-ci ildə böyük işlər görüləcəkdir. Bir daha qeyd etmək istəyirəm ki, qeyri-neft sektorunun inkişafına diqqət azalmamalıdır və azalmır. Əlbəttə ki, 2007-ci ildə iqtisadiyyatın ümumi çəkisində qeyri-neft sektorunun həcmi istər-istəməz azalacaqdır. Ona görə ki, neft, qaz hasilatının artımı gözlənilir. Biz qeyri-neft sektorunu nə qədər inkişaf etdirsək, yenə də ona çata bilməz. Çünki Azərbaycanda gələn il təxminən 45-50 milyon ton neft hasilatı gözlənilir və iqtisadiyyatımızın ümumi göstəricilərinə baxanda, əlbəttə, görəcəyik ki, qeyri-neft sektorunun payı aşağı düşübdür. Ancaq həcmi artacaq və kəskin şəkildə artmalıdır. Neft gəlirlərindən elə səmərəli istifadə etməliyik ki, qeyri-neft sektoru daha da çiçəklənsin. Bu meyil artıq var və növbəti illərdə daha da sürətlə davam edəcəkdir.
2007-ci ildə ekoloji proqramlar həyata keçiriləcəkdir. Keçən il biz geniş ekoloji proqram qəbul etdik. Orada bütün vəzifələr öz əksini tapıbdır. Maliyyə mənbələri də mövcuddur. Sadəcə olaraq, qısa müddət ərzində ekoloji vəziyyətin yaxşılaşması istiqamətində işlər görülməlidir. Xüsusilə Bakıda və Abşeron yarımadasında. Çünki ən ağır ekoloji vəziyyət məhz buradadır. Azərbaycanın bölgələrində ekoloji vəziyyət çox yaxşıdır. Siz də, hamımız bölgələrdə olanda görürük ki, oranın havası da təmizdir, adam rahat nəfəs alır. Amma Bakıya qayıdanda görürük ki, havası ağırdır. Bu da təbiidir. Çünki böyük şəhərdir, həm neft-qaz mədənləri, həm tıxaclar, maşınların sayının artması havanı korlayır. Ona görə ilk və əsas diqqət Bakı və Abşerona yönəldilməlidir və biz burada nə lazımdırsa, onu da etməliyik. Heç bir vəsaitin ayrılmasında məhdudiyyət olmamalıdır, əksinə, mən sizə deyirəm və tələb edirəm ki, ekoloji vəziyyətin sürətlə, maksimum dərəcədə yaxşılaşması üçün tədbirlər görün.
Bununla bərabər, Bakını içməli su ilə təmin etmək üçün 2007-ci ildə Oğuz-Qəbələ-Bakı su kəməri tikilməyə başlanacaqdır. Bu da çox böyük infrastruktur layihəsidir, böyük sosial layihədir. Çünki bu kəmərin tikintisinə sərf olunan vəsait heç vaxt büdcəyə qayıtmayacaqdır. Heç vaxt! Sadəcə olaraq, bu, bizim borcumuzdur ki, Bakı sakinləri içməli su ilə təmin olunsunlar, fasilələr aradan götürülsün. Bu, çox təmiz sudur və onun kimyəvi analizi də keçirilmişdir.
                                                       İnsanın sağlamlığı üçün çox yararlı sudur. 2007-ci ildə tikintiyə başlayırıq və 2008-ci ildə tamamlamalıyıq. Mən dekabr ayında Sumqayıtda borular istehsal edən zavodda da olmuşam, görmüşəm, çox böyük nəhəng müəssisədir. Ancaq yenə də deyirəm, biz bunu, sadəcə olaraq, insanların sosial problemlərinin həlli üçün, içməli su ilə təmin etmək üçün nəzərdə tutmuşduq. Amma çox yaxşı ki, bizim iş adamlarımız dərhal bunu görərək, gözəl müəssisə yaradıblar və mənə verilən məlumata görə, 15 milyon dollar vəsait qoyublar. İndi Azərbaycanda plastik borular istehsal olunur və pul Azərbaycandan getməyəcək, yerli istehsal bundan fayda götürəcəkdir. Gələcəkdə buna bənzər başqa layihələr də olacaq, o müəssisə yaşayacaq, başqa ölkələrdə iş görəcəkdir. Yəni baxın, Azərbaycanda bizim bu layihəmizin nəticəsi olan artıq yeni istehsal sahəsi yaradılır.
Bununla bərabər, Samur-Abşeron kanalının tikintisi davam etməlidir, Taxtakörpü su anbarının tikintisi yəqin ki, başlanmalıdır. Bunun da Azərbaycanın su ehtiyatlarının səmərəli istifadəsində çox mühüm rolu vardır. Bu layihə də böyük vəsait tələb edir. Bir hissəsini biz öz hesabımıza edirik, bir hissəsini kreditlər hesabına. Ancaq onu da demək istəyirəm ki, bu vəsait də qayıtmayacaqdır. Körpülərə, yolların salınmasına ayrılan vəsait də qayıtmayacaqdır. Yəni bütün bunları biz edirik ki, Azərbaycan vətəndaşları rahat yaşasınlar, onların bütün tələbatları ödənilsin və Azərbaycanda yaradılan infrastruktur dünyanın ən yüksək standartlarına cavab versin.
2007-ci ildə mədəniyyət sahəsində çox böyük işlər görüləcəkdir. Verilən göstərişlərə əsasən, bir sıra mədəniyyət ocaqlarının yenidən qurulması, təmiri, tikintisi nəzərdə tutulur. Güman edirəm ki, 2007-ci ildə Tarix və Ədəbiyyat muzeylərinin təmir-bərpa işləri ən yüksək səviyyədə başa çatacaqdır. Eyni zamanda, İncəsənət Muzeyində, Muzey Mərkəzində təmir işləri başlanacaqdır. İstiqlal Muzeyi yaradılması haqqında mən Sərəncam imzalamışam. Artıq variantın ilkin təklifləri verilməlidir. Azərbaycanda xalça muzeyi tikiləcəkdir. Bu vaxta qədər olmamışdır. Bizim xalça muzeyimiz Muzey Mərkəzində, keçmiş Lenin Muzeyində yerləşir. Mən oraya gedəndə çox ürəkağrısı ilə baxırdım, çünki bizim milli sərvətimiz olan xalçalar elə vəziyyətdə saxlanılır. Ona görə qərar qəbul edilmişdir ki, Muğam Mərkəzi ilə üzbəüz, Bakının gözəl yerində ən müasir, gözəl xalça muzeyi tikilsin. Onun ilkin layihəsi hazırdır, 2007-ci ildə işlər başlanmalıdır. Teatrların bərpası nəzərdə tutulubdur. Bizim teatrlarımızda da çoxdandır ki, təmir işləri aparılmır, aparılsa da, aşağı səviyyədə idi. Mən istəyirəm ki, teatrlarımız ən yüksək səviyyədə olsun. Bu məqsədlə Azərbaycan Dövlət Dram Teatrı, Opera və Balet Teatrı, Heydər Əliyev adına Saray, Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Kukla Teatrı ən yüksək səviyyədə təmir olunacaqdır. Uzun illər fəaliyyətsiz qalan Yaşıl teatr da 2007-ci ildə öz fəaliyyətini bərpa edəcəkdir. Mən keçən il vəziyyətlə tanış oldum, müvafiq göstərişlər verdim, indi orada təmir-bərpa işləri aparılır. Uzun illər bakılıların ən sevimli yerlərindən biri olan Yaşıl teatr yararsız vəziyyətdə idi. Biz gərək onu ən yüksək səviyyədə, faktik olaraq, yenidən yaradaq və yay mövsümünə qədər Yaşıl teatr işə başlamalıdır.
İdman sahəsində yeni komplekslərin tikintisi davam edəcəkdir. 2007-ci ildə 17 rayonda idman kompleksinin tikintisi aparılmalıdır. Eyni zamanda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində ən yüksək səviyyədə təmir-bərpa işlərinə başlanıb, ilin ortalarında başa çatacaqdır. Biz bu il nəhayət ki, Mingəçevir avarçəkmə bazasının bərpasına da başlayırıq.
Əlbəttə ki, bunlar görüləcək işlərin çox cüzi bir hissəsidir. Nə qədər məktəb, xəstəxana tikiləcəkdir. Məktəb tikintisi, bütün bölgələrdə Neft Şirkəti tərəfindən müasir xəstəxanalar tikintisi davam edəcəkdir. Bütün bunları, görülən və görüləcək işləri sadalamaq üçün, yenə də deyirəm ki, bəlkə saatlarla vaxt lazımdır. Başlıca məsələ ondan ibarətdir ki, bütün bunların əsasında düşünülmüş hesablamalar, proqramlar var, vəsait mənbəyi var. Sadəcə olaraq, sizdən asılıdır ki, bunları vaxtlı-vaxtında, yüksək səviyyədə təmin edəsiniz və 2007-ci ildə qarşımıza qoyduğumuz bütün vəzifələr həyatda öz əksini tapmalıdır. Mən əminəm ki, 2007-ci ildə Azərbaycanın iqtisadiyyatı daha da sürətlə inkişaf edəcək, siyasi proseslər müsbət istiqamətdə davam edəcəkdir. Azərbaycan dünyadakı mövqelərini möhkəmləndirəcək və Azərbaycan xalqı yaxşı, firavan yaşayacaqdır. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NYT: ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir

Belçikanın Baş naziri Fransa və Almaniyanı Avropa döyüş təyyarəsi layihəsinə görə tənqid edib

Ayxan Abbasov: Nəticə bizim üçün önəmli idi

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır

Dioqo Balau “Turan Tovuz”a keçib

Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib

“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb

“Diplomatic World Sweden” SSANA-nın təşkil etdiyi İsveç İnstitutunun məzunlar görüşü barədə yazıb

Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var

“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib

AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm

Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir

Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

Pilotsuz qayıq Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin ekipajını xilas edib

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mavritaniya sahillərində 10 gün ərzində mindən çox qeyri-qanuni miqrant xilas edilib

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən çox müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub  FOTO  VİDEO

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO VİDEO

AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir

Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH

Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib

Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib

“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib

Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır

Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb

MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb

Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır

Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür

Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur

Braziliya Ciu-citsu İctimai Birliyi Silahlı Qüvvələr Gününə həsr olunmuş seminar təşkil edib

Təhsil eksperti: Yeni hüquqi tənzimləmələr gənclərin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək

Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Hacı Əliyev: Azərbaycan güləşində uğurlu yolumu artıq məşqçi kimi davam etdirəcəyəm

Emin Əmrullayev Azərbaycan və Qazaxıstanın təhsil sahəsində əməkdaşlığını yüksək qiymətləndirib

Uşaqların erkən yaşlarda sosial şəbəkələrdən istifadə etməsi özünəinam problemlərini dərinləşdirə bilər - MÜSAHİBƏ

®  “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

® “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO