Azərbaycan Prezidentinin Litvaya səfəri əlaqələrimizin genişlənməsinə mühüm təkan verəcək
Bakı, 22 may, AZƏRTAC
Azərbaycanın 44 günlük Vətən müharibəsində Zəfərindən sonra dünya miqyasında nüfuzu daha da artıb. Cənubi Qafqaz regionunda söz sahibi olan ölkəmizin beynəlxalq əlaqələri genişlənməkdə davam edir. Prezident İlham Əliyevin müxtəlif ölkələrə ardıcıl səfərləri də bunu bir daha təsdiqləyir. Həmçinin ayrı-ayrı ölkələrin dövlət və hökumət başçılarının respublikamıza mütəmadi səfərləri beynəlxalq arenada nüfuzumuzun daha da artdığını göstərir.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Litva Respublikasına rəsmi səfəri ölkəmizin xarici əlaqələrinin coğrafiyasının genişlənməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirilib, ölkələrimiz arasında gənclər, idman, ekologiya və prokurorluq sahələri üzrə bir sıra mühüm sənədlər imzalanıb.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
O bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı layihələr ölkəmizə marağı getdikcə artırır. Bərpaolunan enerji layihələri də bunlardan biridir. Dövlətimizin başçısının Litvaya rəsmi səfəri çərçivəsində Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə bağlı fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, ölkəmizin müasir infrastruktura malik olması ərazilərimizdən keçən tranzit yüklərin həcmini ildən-ilə artırmağa imkan verir. Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da ölkələrimiz arasındakı əməkdaşlığı genişləndirməyə imkan verir. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Azərbaycan və Litva birgə səylərlə bu birləşmə layihələrini həyata keçirməklə uğurlu əməkdaşlığı artırmaq imkanına malikdir.
Strateji tərəfdaşlar olan Azərbaycan və Litva arasında indiyədək 40-dan çox sənəd imzalandığını qeyd edən A.Hüseynov bildirib ki, həmin sənədlər içərisində 2007-ci il sentyabrın 13-də Vilnüsdə imzalanmış “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannamə” xüsusi əhəmiyyətə malikdir.
“Prezident İlham Əliyev Litvaya dördüncü səfəri zamanı həmkarı Gitanas Nauseda, həmçinin bu ölkənin Baş naziri İnqrida Şimonite ilə mühüm görüşlər keçirdi, Azərbaycan-Litva biznes forumunda iştirak etdi. İki ölkənin rəhbəri mətbuata bəyanatlarla çıxış etdilər. Ümumiyyətlə, səfərin proqramının kifayət qədər geniş olması onun əlaqələrimizin daha da genişlənməsinə mühüm təkan verəcəyini deməyə ciddi əsas verir.
Azərbaycan ilə Litva arasındakı münasibətlər qarşılıqlı maraqlara, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanır. Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri getdikcə inkişaf edir və yeni mərhələyə yüksəlir”, - deyən Aydın Hüseynov fikirlərini yekunlaşdırıb.