“AZƏRBAYCAN: QAFQAZIN MÜHÜM MƏRKƏZİ”
H.Tava bir tarixçi kimi, Azərbaycanın qədim mənbələrdə Atropatena adlandırıldığını, dilimizin türk dili ailəsindən olduğunu, XII əsrdə Azərbaycan mədəniyyətinin çiçəkləndiyini, İran-Rusiya müharibəsi zamanı 1828-ci ildə iki hissəyə parçalandığını, SSRİ-nin süqutundan sonra müstəqil dövlətə çevrildiyini, dünyanın tanınmış siyasi xadimlərindən olan müdrik dövlət başçısı Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda dünyəvi dövlət qurulduğunu və ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu xatırladır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan jurnalist Ermənistanın işğalçılıq siyasəti nəticəsində ərazimizin 20 faizinin zəbt edilməsindən, bir milyondan artıq soydaşımızın öz doğma torpaqlarından zorla çıxarılmasından, 14 ildən artıq qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuş bu insanların ağır şəraitdə yaşamasından, dövlətimizin onlara hərtərəfli qayğı göstərməsindən söhbət açmışdır.
Hələ ötən əsrlərdən azərbaycanlıları əzəli torpaqlarından zorla çıxararaq, orada erməniləri yerləşdirməyə başlamış çar Rusiyasının apardığı məkrli siyasət nəticəsində 1828-ci ildə və sonralar 500 min erməninin Türkiyə və İrandan köçürülərək, Azərbaycan ərazisində, xüsusilə Dağlıq Qarabağda məskunlaşdırdığını bildirən H.Tava XX əsrin əvvəllərində Bakıda çoxlu sayda erməninin yaşadığını, ərazilərimizdə yaşamalarına baxmayaraq, ermənilərin xalqımıza qarşı dəfələrlə soyqırımı törətdiyini, “Böyük Ermənistan” imperiyası yaratmaq xülyasına düşmüş ermənilərin Dağlıq Qarabağ münaqişəsini başlayaraq, Azərbaycanın tarixi ərazisini ondan qoparıb, Ermənistana birləşdirmək niyyətlərini açıqlamışdır.
Azərbaycanın Qafqazın mühüm mərkəzi olduğunu xüsusi nəzərə çarpdıran müxbir bunu son zamanlar ölkəmizin ictimai-siyasi həyatında baş verən ciddi dəyişikliklərlə əlaqələndirmişdir.
Müəllif Azərbaycanın iqtisadi qüdrətinin getdikcə yüksəldiyini, sosial bazasının durmadan möhkəmləndiyini, dünyanın inkişaf etmiş ölkələri ilə hərtərəfli əlaqələr yaratdığını və beynəlxalq aləmdə imicinin artması sayəsində Qafqazda xüsusi nüfuza malik olduğunu, bu bölgədə aparıcı dövlətə çevrildiyini, Cənubi Qafqaz ölkələri arasında mühüm rola malik olduğunu göstərmişdir. Azərbaycanın apardığı siyasi xətdə Bakı-Tbilisi-Ceyhan neft kəməri də əsas amillərdən biri kimi ön plana çəkilmişdir.
Jurnalda məqalə ilə yanaşı, ümummilli liderimiz Heydər Əliyevin, Prezident İlham Əliyevin şəkilləri dərc edilmiş, paytaxtımızın ümumi görünüşü verilmişdir.
Azərbaycanın xəritəsində Dağlıq Qarabağ və ona bitişik 7 rayon işğal edilmiş ərazi kimi göstərilmişdir.