SİYASƏT
Azərbaycan-Qırğızıstan əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyur
Bakı, 13 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin Qırğızıstana səfəri, orada yüksək səviyyədə qarşılanması, Azərbaycan, ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev haqqında söylənilən fikirlər Azərbaycanın dünyada və bölgədə artan nüfuzunun göstəricisidir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində bu gün dünyada və regionda Azərbaycana maraq daha da artıb. Hazırda dünyanın əksər ölkələri Azərbaycanla əlaqələri daha da möhkəmləndirməyə çalışırlar.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov söyləyib.
O bildirib ki, Prezident İlham Əliyevin xarici siyasətində türk dövlətləri ilə əməkdaşlıq prioritet istiqamətlərdən birini təşkil edir. Bu gün Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha da güclənməsi üçün davamlı addımlar atır. Bu qurumun təşkilatlanmasında, daha da güclənməsində Türkiyə ilə Azərbaycan hazırda aparıcı rol oynayırlar.
“Prezident İlham Əliyevin Qırğızıstana səfəri həm də bir çox mühüm görüş və ikitərəfli sənədlərin imzalanması ilə yadda qaldı. Qırğızıstan ilə Azərbaycan arasında iqtisadi əlaqələrin istənilən səviyyədə inkişafı baxımından iki ölkə arasında Birgə İnvestisiya Fondunun yaradılması olduqca böyük əhəmiyyətə malikdir. Eyni zamanda, “Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum”unun imzalanması da ölkələrimiz arasında iqtisadi-ticari münasibətləri daha da gücləndirəcək”, - deyə Milli Məclisin deputatı əlavə edib.
Ceyhun Məmmədov, həmçinin deyib ki, bir müddət bundan əvvəl Qırğızıstan Prezidentinin Azərbaycana səfəri, hazırda Prezident İlham Əliyevin Qırğızıstana səfəri iki ölkə arasında əlaqələri daha da möhkəmləndirəcək. Beləliklə tam əminliklə söyləyə bilərik ki, bu səfərlərlə iki dost və qardaş ölkə arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoydu.