Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti iki şirkəti sıralarından xaric edib
Bakı, 14 iyul, AZƏRTAC
Dövlət satınalmaları zamanı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) üzvü olmasına dair saxta sənədlər hazırladığına, “çətir şirkətlər” yaradaraq dövlət tenderlərində süni yollarla rəqabət yaratdığına və bununla da AQC-nin nüfuzuna ciddi xələl gətirdiyinə görə “Uniprice” MMC və “Korall Consulting” MMC Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sıralarından xaric edilib.
Cəmiyyətin ictimai əlaqələr departamentindən AZƏRTAC-a bildirilib ki, AQC-nin İdarə Heyəti həmin şirkətlərin faktiki sahibi Ramil Qasımzadənin əməlindən aidiyyəti dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına şikayət edilməsi barədə qərar qəbul edib.
Ramil Qasımzadənin “Uniprice” MMC, “Korall Consulting” MMC, “Azprice Group” MMC, “Azvalue” MMC, “Morion” MMC, “Açar” MMC və “Sorğu Ekspert Mərkəzi” MMC-nin sahibi olması və bu şirkətlərdən dövlət tenderləri zamanı süni rəqabət yaratması məqsədilə istifadə etməsinə dair əsaslı şübhələr yaranıb. “Azprice Group” MMC-nin dövlət satınalması zamanı saxta möhür, imza və şəhadətnamədən istifadə edərək dövlət orqanlarını aldatması, saxta sənədlərdən istifadə faktı, eləcə də Ramil Qasımzadənin fəaliyyətinə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.