Azərbaycan regionlararası enerji qovşağı potensialını daha da artırır
Bakı, 16 dekabr, AZƏRTAC
Avropa ilə Asiya arasında sürətlə dəyişən regional dinamika bir sıra strateji sahələrdə özünü göstərir və bu proses iştirakçı ölkələri davamlı birgə fəaliyyət üçün etibarlı tərəfdaş axtarışına sövq edir.
Son onillikdə Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişaf tempi, istiqamətləri və aspektləri digər türkdilli ölkələr üçün bu formatı cazibədar edib. Ən yeni tarixdə Azərbaycan dünyanın bir çox ölkələri ilə iqtisadi əlaqələri ildən-ilə genişləndirərək, dünyanın ticari-iqtisadi həyatına getdikcə daha dərindən nüfuz etməkdədir. Son bir ildə qlobal böhranlara səbəb olan proseslər fonunda isə ölkəmizin etibarlı tərəfdaş statusunu, beləliklə də öz mövqelərini möhkəmləndirdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri politoloq Yeganə Hacıyeva deyib.
Politoloq bildirib ki, Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlıq formatı son illər qlobal çağırışların fonunda yaranıb və mümkün məsələlərin həllində əhəmiyyətli tərəfdaş roluna iddialıdır. Türkmənistanda dövlətlər arasında imzalanmış sənədlər hər üç ölkənin vacib strateji sahələrdə - təhlükəsizlik, siyasi-iqtisadi, energetika, gömrük və digər məsələlərdə qarşılıqlı münasibətlər qurmaq təşəbbüslərinin ifadəsidir. Bu təşəbbüslərin əsasında, heç şübhəsiz, Yaxın Şərq, Mərkəzi Asiya və Avropanı birləşdirən körpü rolunu oynayan Azərbaycanın xarici siyasət prioritetləri istiqamətverici əhəmiyyətə malikdir. Azərbaycan, Türkiyə və Türkmənistan münasibətləri dərin köklərə malik türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın, qardaş ölkələrdir. Azərbaycanın və Türkiyənin xarici siyasətinin əsas elementi olan türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi məqsədində prioritet məsələlərdən biri məhz bu ölkələrlə nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsidir.
Bundan əvvəl üçtərəfli formatda görüşün 2015-ci ildə baş tutduğunu söyləyən Yeganə Hacıyeva qeyd edib ki, ötən yeddi il hər üç ölkə üçün qlobal səviyyədə dəyişən siyasi-iqtisadi və təhlükəsizlik aspektlərinə ortaq baxışların formalaşdırması üçün zəmin yaradıb. “Hazırda türkmən qazının Avropa bazarlarına çıxarılması üçün yeganə mümkün və ən əsası, təhlükəsiz nəqliyyat xətti Trans-Xəzər qaz kəməridir. İnşası planlaşdırılan sualtı marşrut Türkmənistandan təbii qazın Azərbaycandan keçməklə Türkiyəyə və daha sonra Avropa İttifaqına üzv ölkələrə nəqlini nəzərdə tutur. Bu qaz kəməri həm də Cənub Qaz Dəhlizinin genişləndirilməsinin bir hissəsi hesab olunur”, - deyə politoloq qeyd edib.
Politoloq, həmçinin deyib ki, səfər çərçivəsində imzalanan sənədlər hər üç ölkənin ciddi şəkildə iqtisadi və enerji əməkdaşlığını qarşılıqlı inkişaf etdirməyə çalışdığını göstərir. Ölkəmiz coğrafi mövqeyinin verdiyi üstünlüklərlə özünün regionlararası enerji qovşağı potensialını daha da artırmaq imkanları əldə edib.