AZƏRBAYCAN RESPUBLİKASI İDMAN İCTİMAİYYƏTİNİN BƏYANATI
Özlərini “müxalifət” adlandıran bəzi mətbuat orqanlarında dərc edilmiş məqalələr respublikamızın idman ictimaiyyətinin dərin narazılığına və hiddətinə səbəb olmuşdur. Belə mətbu orqanların yanlış və böhtanla dolu olan məqalələrinə cavab olaraq bildirmək istəyirik ki, ölkəmizin rəhbəri, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev Azərbaycanda inkişafının əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş idmanın, bədən tərbiyəsinin ən böyük qayğıkeşi və himayədarıdır. Möhtərəm İlham Əliyevin ölkəmizdə idmana göstərdiyi sonsuz diqqət və qayğı bu gün beynəlxalq aləmdə idmançılarımızın ardıcıl qələbələr əldə etmələri və neçə-neçə şanlı uğurlara imza atmaları ilə nəticələnir. Məhz bu dahi şəxsiyyətin gərgin əməyinin bəhrəsi olaraq Azərbaycan idmanı çağdaş dövrümüzdə beynəlxalq miqyasda tanınır və qəbul olunur. Böyük idman dövlətləri ilə bu sahədə ünsiyyət tapmış sıx əməkdaşlıq və elə bunun nəticəsində respublikamızda təşkil edilmiş çoxlu sayda nüfuzlu idman yarışları qeyd etdiklərimizin parlaq təcəssümüdür.
Ölkəmizdə idmanın maddi-texniki bazasının son illərdə məhz möhtərəm İlham Əliyevin şəxsi təşəbbüsü ilə daha da möhkəmlənməsi və genişlənməsi kiçik bir yazıda şərh oluna bilən bir məsələ deyildir. Respublikamızın bölgələrinin gündən-günə dünya standartları ilə səsləşən hər bir sahədə insanın bədən tərbiyəsi ilə məşğul olmasına şərait yaradan olimpiya idman kompleksləri ilə təmin edilməsi, eləcə də mövcud olan idman qurğularının günün tələblərinə cavab verən səviyyədə təmir və zəruri avadanlıqlarla təchiz edilməsi belə çirkin mövzulara üstünlük verən yazarlarda vicdan hissi oyatmalıdır.
Ötən ilin sonlarında dövlətimizin rəhbərinin Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK prezidenti vəzifəsini davam etirəcəyini bəyan etməsi bir daha göstərdi ki, İlham Əliyevin Azərbaycan idmanına və bədən tərbiyəsinə diqqəti davamlı olacaqdır.
Bununla bağlı bildiririk ki, hər hansı bir ölkənin idman kulubunun möhtərəm cənab İlham Əliyev tərəfindən maliyyə cəhətdən inkişaf etdirilməsi və bazalarının yaradılması barədə işıq üzü görmüş yazıların heç bir əsası yoxdur. Bu məqalələr idman ictimaiyyəti arasında yalnış fikir oyatmağa səy göstərməkdən və belə qəzetlərin daha çox sayda satışına xidmət etməkdən başqa bir şey deyildir.
Respublikamızın idman ictimaiyyəti bir daha bəyan edir ki, idmansevərlərin dərin rəğbətini qazanmış cənab İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyir və qəzetlərdə belə boş və mənasız söz yığınından ibarət olan yazılara son qoyulmasını tələb edir. İdman ictimaiyyəti bir daha bildirir ki, möhtərəm İlham Əliyevin yürütdüyü siyasətə qarşı yönəlmiş hər bir mövqe onların ciddi etirazı ilə qarşılaşacaqdır.
Zair Məmmədov - cüdo üzrə Azərbaycanın əməkdar məşqçisi
Əbdül Sadıqov - İdman Veteranları İttifaqının sədri
Ağasi Məmmədov - boks üzrə dünya çempionu
Elçin İsmayılov - dördqat Avropa çempionu
İqor Ponomaryov - futbol üzrə əməkdar idman ustası
Zemfira Meftahətdinova -2000-ci il Olimpiadasının çempionu, 2004-cü il Olimpiadasının bürünc mükafatçısı
Ələkbər Qədirov - “Pəhləvan” klubunun sədri, idman ustası və başqaları
Cəmi 24 imza