AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN NÖVBƏTİ İCLASI OLMUŞDUR
İclasda vətəndaş Salatın Ələsgər qızı Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 2004-cü il 28 dekabr tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarda uyğunluğunun yoxlanılmasına dair konstitusiya işi araşdırılmışdır.
Konstitusiya işinə cavabverən tərəfin iştirakı olmadan baxılmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim Ə.Sultanovun məruzəsini, ərizəçi S.Əliyevanın və onun nümayəndəsi K.Əliyevin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.
Qərarda deyilir ki, B.İsgəndərovun S.Əliyevaya və qeyrisinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv olunması və paya görə yeni qeydiyyat vəsiqəsinin verilməsi iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 2004-cü il 28 dekabr tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 416-cı, 417.0.3-cü və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.