AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİNİN PLENUMU DAHA BİR KONSTİTUSİYA İŞİNƏ DAİR QƏRAR QƏBUL ETMİŞDİR
Konstitusiya işinə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 2004-cü il 10 may tarixli, 8m-14/02 saylı məktubuna əsasən cavabverən tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmışdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, ərizəçinin nümayəndəsi Leyla Məmmədovanın, şikayətdə hüquqlarına və mənafelərinə toxunulmuş Fəxriyyə Zalovanın çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X hissələrinin, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci, 62-ci, 63-cü, 65-67-ci və 69-cu maddələrini rəhbər tutaraq qərar qəbul etmişdir.
Qərarda deyilir ki, Fəxriyyə Ənvər qızı Zalovanın Sona Xalıq qızı Zalovaya və Aydın Həsənbala oğlu Zalova qarşı mənzilə köçürülmə tələbinə dair əlavə kassasiya qaydasında şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2002-ci il 1 fevral tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 424.1-ci, 429.0.2-ci və 429.0.3-cü maddələrinin müddəalarına uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin.
Bu işlə əlaqədar F.Zalovanın S.Zalovaya qarşı Bakı şəhərinin 5-ci Yasamal küçəsindəki 121 nömrəli evdən istifadə qaydasının müəyyən edilməsinə dair iddia ərizəsi ilə bağlı çıxarılmış məhkəmə qərarları icra olunmasın və bu işlərə Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.
Qərar dərc edildiyi gündən qüvvəyə minir. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.