İQTİSADİYYAT
AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ NAZİRLİYİ ANALİTİK İNFORMASİYA XİDMƏTİNİN MƏLUMATI
Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin yanında ölkə iqtisadiyyatının inkişafı, islahatların aparılması və dövlət büdcəsinin icrası ilə bağlı keçirilmiş müşavirədə dövlətimizin başçısının icra intizamının gücləndirilməsi, rəhbər işçilərin məsuliyyətinin artırılmasının, kadrların düzgün yerləşdirilməsinin zəruriliyi ilə əlaqədar Maliyyə Nazirliyində fevralın 21-də geniş Kollegiya iclası keçirilmişdir.
İclasda maliyyə naziri Əvəz Ələkbərov çıxış edərək, dövlət büdcəsinin icrası zamanı Xəzinədarlıq sistemi vasitəsilə maliyyələşmələrin aparılmasında, dövlət büdcəsinin icrasına dair hesabatların qəbulunda və təhlil edilməsində yol verilən nöqsanları, nəzarət-təftiş işlərinin, mərkəzi aparatda və xüsusən yerli maliyyə orqanlarında olan çatışmazlıqları ətraflı şəkildə qeyd etmişdir.
Kollegiya iclasında mövcud nöqsanların aradan qaldırılması və Maliyyə Nazirliyinə verilən tapşırıqların icrasını təmin etmək məqsədi ilə bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi qərara alınmışdır. Bu məqsədlə dövlət büdcəsinin məxaric hissəsində lüzumsuz xərclərin aradan qaldırılması, büdcə təşkilatlarında israfçılığın və vəsaitlərdən qeyri-qanuni istifadənin qarşısının alınması, mədaxil proqnozunun və büdcə xərclərinin icrasına, sığorta işinə nəzarətin gücləndirilməsi, maliyyələşmə əməliyyatlarının aparılması zamanı şəffaflığın təmin edilməsi, aparılan yoxlama və təftişlərin səmərəliliyinin artırılması, kadrların yerləşdirilməsi, hazırlığı və digər tədbirlər nəzərdə tutulmuşdur.
İşlərində yol verdikləri nöqsanlara görə Nazirliyin Baş Büdcə, Hüquq və Mərkəzi Orqanlar üzrə Xəzinə idarələrinin rəislərinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, Xəzinə Əməliyyatları İdarəsinin rəisinə və Baş Büdcə İdarəsinin rəis müavininə töhmət, Sosial Sahələrin Maliyyəsi Baş İdarəsinin rəisinə, Dövlət Maliyyə Nəzarəti Baş İdarəsinin rəisinə və rəis müavininə, Mərkəzi Orqanlar üzrə Xəzinə İdarəsinin rəis müavinlərinə və maliyyə orqanlarında çalışan bir sıra digər işçilərə intizam tənbehi elan olunmuş və müvafiq tapşırıqlar verilmişdir.
Kollegiyanın qərarı ilə həmçinin Goranboy rayon Maliyyə İdarəsinin rəisi və Xəzinə Əməliyyatları Şöbəsinin rəisi tutduqları vəzifədən azad olunmuş, Bakı şəhər Baş Maliyyə İdarəsinin Xəzinə Əməliyyatları İdarəsinin Maliyyə Proqnozlaşdırılması Bölməsinin rəhbəri, Binəqədi, Sabunçu, Suraxanı və Səbail rayon Maliyyə İdarələrinin Xəzinə Əməliyyatları şöbələrinin rəisləri rotasiya qaydası ilə tutduqları vəzifələrdən azad edilmişlər.
Kollegiya iclasının yekununda respublika maliyyə naziri Əvəz Ələkbərov Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevi əmin etmişdir ki, maliyyə intizamının yüksəldilməsi yolunda ciddi addımlar atılacaqdır.