AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA MƏHKƏMƏSİNDƏ RUSİYANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ İLƏ GÖRÜŞ
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və məhkəmə-hüquq sistemi haqqında qonağa ətraflı məlumat verən Fərhad Abdullayev, ölkəmizin Rusiya Federasiyası ilə hüquqi sahədə əməkdaşlığını yüksək qiymətləndirdi, dövlətlərimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladı, məhkəmə-hüquq orqanları arasında mütəmadi surətdə təcrübə mübadiləsinin aparıldığını və bunun çox faydalı olduğunu bildirdi. Fərhad Abdullayev Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkinin bir neçə dəfə Azərbaycana səfər etdiyini xatırladaraq, onunla keçirdiyi görüşlərin çox səmərəli nəticələr verdiyini xüsusi vurğuladı.
Daha sonra Fərhad Abdullayev bu ilin noyabr ayında Avropa Şurası Venesiya Komissiyası ilə birgə Bakıda keçiriləcək konfransda iştirak etmək üçün Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədrinə ünvanladığı rəsmi dəvət məktubunu səfirə təqdim etdi.
Səmimi qəbula görə Konstitusiya Məhkəməsinin sədrinə təşəkkür edən səfir Vasili İstratov Azərbaycanın bütün sahələrdə böyük uğurlar qazandığını vurğuladı, respublikamızda baş verən inkişafın onda dərin təəssüratlar yaratdığını bildirdi, ölkələrimizin konstitusiya nəzarəti orqanları arasında mövcud əlaqələrin bundan sonra da genişlənəcəyini söylədi.
Görüşdə noyabr ayında keçiriləcək konfransla bağlı digər məsələlər də müzakirə edilmişdir.