AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan xalqına, doğmalarınıza və əzizlərinizə, ailənizə üz vermiş ağır itki – görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin vaxtsız vəfatı ilə əlaqədar ən səmimi başsağlığımı qəbul edin. İstər böyük vətənimiz Sovet İttifaqı olsun, istərsə də suveren müstəqil Azərbaycan olsun, Heydər Əliyevin həyat prinsipi həmişə ədalət, sülh, əmin-amanlıq və xalqın rifahı, dövlətin qüdrətinin və təhlükəsizliyinin möhkəmləndirilməsi olmuşdur. Bu kədərli xəbər sülhü və milli əmin-amanlığı həyatının amalı, ən yüksək mənəvi və insani hünər sayanların hamısının ürəyini ağrıtmışdır. Heydər Əlirza oğlunun böyük nüfuzu gərgin tarixi məqamda regionda sosial və iqtisadi sabitliyin, digər dövlətlərlə və xalqlarla əsrlər boyu bərqərar olmuş dostluğun qorunub saxlanmasını təmin etmişdir.
Fəxr edirəm ki, Heydər Əliyevi tanıyırdım, onunla dostluq edirdim. Onunla görüşlərin xatirəsi mənim üçün əzizdir. Heydər Əlirza oğlunun vəfatından doğan hədsiz kədər kimi onun əziz xatirəsi də uzun müddət qəlbimizdə qalacaqdır.
Hörmətli İlham Heydər oğlu, atanızın işini davam etdirmək, Azərbaycan xalqı qarşısında yüksək borcunuzu yerinə yetirmək, əzizlərinizə dayaq olmaq, həyatdan vaxtsız getmiş milli liderin və əziz insanın nurlu xatirəsini qoruyub saxlamaq üçün bu ağır günlərdə Sizə mətanət, qüvvə, eləcə də əzm arzulayıram.
A.Kulikov
Rusiya Dövlət dumasının deputatı,
ordu generalı
Moskva, 15 dekabr 2003-cü il.