AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Çox hörmətli cənab Prezident,
Görkəmli siyasətçi, Azərbaycan xalqının sədaqətli oğlu, ümumbəşəri ideallar uğrunda mübariz, gürcü xalqının böyük dostu, Tbilisi Dövlət Universitetinin fəxri doktoru Heydər Əliyevin vəfatı bizi qəlbimizin dərinliyinədək sarsıtmışdır.
Heydər Əliyevin rəhbərliyi ilə ölkəniz həqiqi müstəqillik qazanmışdır, xalqlarımız, habelə universitetlərimiz arasındakı ənənəvi qardaşlıq münasibətləri onun müdrik və uzaqgörən siyasəti sayəsində yeni məzmun kəsb etmişdir.
Məhz dünya siyasətinə böyük töhfəsinə, gürcü və Azərbaycan xalqları arasında dostluq münasibətlərini möhkəmləndirdiyinə görə, TDU-nun Elmi şurası cənab Heydər Əliyevi fəxri doktor seçmişdir. Biz onun Elmi şura qarşısında çıxışını yaxşı xatırlayırıq. Onun Gürcüstana məhəbbəti hər kəlməsində hiss olunurdu.
Bütün universitet, bütün Gürcüstan kədər içindədir.
Cənab Prezident, TDU-nun Elmi şurası adından şəxsən Sizə, ailənizə və bütün Azərbaycan xalqına başsağlığı verirəm. Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin adı yaddaşımızda əbədi qalacaqdır.
Dərin hörmətlə,
Roin Metreveli,
akademik, Tbilisi Dövlət Universitetinin rektoru.
Tbilisi, 14 dekabr 2003-cü il.