AZƏRBAYCAN ŞAİRİNİN ŞEİRLƏR KİTABI ALMANİYADA İŞIQ ÜZÜ GÖRMÜŞDÜR
Filologiya elmləri doktoru Holqer Ehrhardtın redaktoru olduğu, Azərbaycanın dostları Dr.Yohann Ştürmer və türkiyəli iş adamı Hüseyn Ülgərin maddi və mənəvi dəstəyi ilə “Werkstattedition” nəşriyyatı tərəfindən buraxılmış kitabda şairin alman dilində yazdığı 55 şeiri və qəzəli verilmişdir. Bu şeirlərin əksəriyyətində şair Vətəni Azərbaycana sonsuz məhəbbətindən, düşmən tapdağı altında inləyən dilbər guşəmiz Qarabağdan, özünün böyüyüb başa çatdığı doğma Xocalıdan ürək yanğısı ilə söhbət açır, erməni məkri, vəhşiliyi, qəddarlığına qarşı haqq səsini ucaldır. Onun “Məzlum” bir xalqmı?” şeri bu cəhətdən daha önəmlidir. Müəllif bu şeirində erməni millətçiləri və şovinistlərinin “Genosid!” deyə bağıraraq özlərini məzlum, yazıq millət kimi qələmə vermələrini döyüşkənlik ovqatında oxucuya çatdırır.
Kitabda bəzi şeirlərə izahatlar da verilmişdir. Fikrimizcə bu çox təqdirəlayiqdir. Məsələn, Novruz bayramına aid qəzəlində müəllif bu bayramın Azərbaycanda lap qədimdən qeyd edildiyini göstərməklə yanaşı, açıqlamasında daha geniş məlumat verir. Çunki Almaniyada mövcud ensiklopediyalarda Novruz bayramı başqa xalqların adına yazılır və Azərbaycanın adı heç yerdə çəkilmir. Bundan əlavə, “Cırtdan” nağılı, ədəbi janrlar barədə açıqlamalar, əzəli Azərbaycan torpağı Qarabağın toponimləri də kitabda yer almışdır.
Müəllif haqqında qısa məlumatda onun atasının, bacısının, bacısı oğlunun və digər yaxınlarının Xocalıda ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsi, azərbaycanlıların ata-baba torpaqlarından qovulması və həmin ərazilərin hələ də erməni işğalı altında olması göstərilmişdir.