Azərbaycan səfiri etimadnaməsini Bəhreynin Kralına təqdim edib
Ər-Riyad, 19 iyun, AZƏRTAC
Azərbaycanın Səudiyyə Ərəbistanında, eyni zamanda, Bəhreyn Krallığında akkreditə olunmuş səfiri Şahin Abdullayev etimadnaməsini Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifəyə təqdim edib.
AZƏRTAC xəbər verir ki, təqdimetmə mərasimindən sonra Kral Həməd bin İsa Al Xəlifə səfirlə söhbət edib.
Ş.Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Bəhreyn Kralına çatdırıb.
Görüş zamanı Azərbaycan-Bəhreyn əlaqələrinin inkişafına dair faydalı fikir mübadiləsi aparılıb.
Kral Azərbaycanla bağlı məlumatları yaxından izlədiyini və ölkəmizin son dövrlərdə sürətlə inkişaf etdiyini vurğulayıb. O, Bəhreynin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini deyib, iki ölkə arasında birbaşa hava əlaqəsinin yaradılmasını yüksək qiymətləndirib, Azərbaycanın bəhreynli turistlər üçün əsas istiqamətlərdən birinə çevrildiyini qeyd edib, əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Səfir Azərbaycanda gedən inkişaf prosesləri, ölkəmizdə həyata keçirilən iri layihələr və Ermənistanın Azərbaycana hərbi təcavüzü barədə Kralı məlumatlandırıb. O, Bəhreyn Krallığının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin ölkəmizdə yüksək qiymətləndirildiyini bildirib.
Kral Həməd bin İsa Al Xəlifə Bəhreynin bu mövqeyinin bundan sonra da davam edəcəyini bildirib, onun səmimi salamlarını və xoş arzularını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad