QAN YADDAŞI
AZƏRBAYCAN SƏFİRİ İNDONEZİYA PARLAMENTİNİN AŞAĞI PALATASININ SƏDRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Azərbaycanın İndoneziyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, fevralın 15-də səfir İbrahim Hacıyev İndoneziya parlamentinin aşağı palatasının - Xalq Nümayəndələri Şurasının sədri Aqunq Laksono ilə görüşmüşdür.
Səfir Milli Məclisin sədri Oqtay Əsədovun Azərbaycana rəsmi səfərə dəvət barədə cənab Laksonoya ünvanladığı məktubun cavabı ilə maraqlanmışdır.
A.Laksono bu barədə Azərbaycan tərəfinin tezliklə məlumatlandırılacağını bildirmişdir.
Səfir Milli Məclisin sədri Oqtay Əsədovun Azərbaycan parlamentinin yaranmasının 90 illiyi ilə əlaqədar iyunun 18-20-də Bakıda keçiriləcək təntənəli tədbirlərə dəvət məktubunu da A.Laksonoya təqdim etmiş, İndoneziya nümayəndə heyətinin tədbirlərdə iştirakının ölkələrimiz arasında parlamentlərarası əlaqələrin genişləndirilməsinə imkan yaradacağını vurğulamışdır.
Palatanın sədrinə Bakıda ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü ilə əlaqədar YAP-ın keçirəcəyi “Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları” mövzusunda beynəlxalq konfransa dəvət məktubu da təqdim olunmuşdur.
İbrahim Hacıyev İndoneziya parlamentində İndoneziya-Azərbaycan dostluq qrupunun yaradılması məsələsi ilə də maraqlanmışdır.
A.Laksono bu məsələnin gündəlikdə olduğunu, daxili prosedurlara uyğun olaraq, 2009-cu il parlament seçkilərindən sonra həll edilə biləcəyini söyləmişdir.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə ətraflı məlumat vermiş, İndoneziyanın ölkəmizin ədalətli mövqeyini dəstəkləməsini yüksək qiymətləndirmişdir.