Azərbaycan səfiri Pakistanın RTV dövlət televiziya kanalına müsahibə verib
Səfir müsahibəsində Azərbaycan ilə Pakistan arasında siyasi, diplomatik, ticari-iqtisadi, hərbi, hərbi-texniki, mədəni-humanitar sahələrdə ikitərəfli münasibətlərin genişlənməsi ilə bağlı suallara cavab verib. Diplomat 2014-2015-ci illərdə görüləcək işlər, nəzərdə tutulan ikitərəfli rəsmi səfərlərdən söhbət açıb.
D.Şikarov Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin tarixi aspektləri, işğalın nəticələri, Azərbaycan dövlətinin qaçqınların və məcburi köçkünlərin üzləşdikləri problemlərin həlli istiqamətində atdığı addımlar, münaqişənin tənzimlənməsi üçün beynəlxalq vasitəçilərin iştirakı ilə aparılan danışıqların hazırkı vəziyyəti, Xocalı soyqırımı barədə məlumat verib.
Səfir Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində tutduğu mövqeyə görə bu ölkənin rəhbərliyinə minnətdarlığını bildirib.
D.Şikarov Azərbaycanın tarixi, adət-ənənələri, musiqisi, ədəbiyyatı, həmçinin 20 Yanvar faciəsi haqqında da söhbət açıb.
O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə siyasi, iqtisadi və sosial sahələrdə aparılan uğurlar haqqında ətraflı məlumat verib.
Səfir Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun Pakistandakı xeyriyyəçilik fəaliyyəti haqqında da danışıb.
Sonda D.Şikarov Pakistan xalqını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad