Azərbaycan səfirinin “Ər-Cəzirə” qəzetində Xocalı soyqırımı ilə bağlı məqaləsi dərc olunub
İstanbul, 26 fevral, AZƏRTAC
Səudiyyə Ərəbistanı Krallığında nəşr olunan nüfuzlu “Ər-Cəzirə” qəzetində səfir Rasim Rzayevin “Xocalı: İllərin qəddarlığı və həqiqətin acılığı” adlı məqaləsi dərc edilib.
Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlılarının keçmiş SSRİ-nin Xankəndidə yerləşmiş 366-cı motoatıcı alayının zirehli texnika və hərbiçilərinin köməyi ilə Xocalı şəhərini yerlə-yeksan etməsi, burada yaşayan mülki əhalini qəddarlıqla qətlə yetirməsindən bəhs olunur. Qeyd edilir ki, bu qəddarlıq və insani vəhşilik baxımından misilsiz sayıla bilinən cinayət nəticəsində Ermənistan dövləti Azərbaycanın Dağlıq Qarabağ bölgəsini özünə birləşdirmək yolunda hər cür qanunsuz hərəkətə yol verib. Erməni təcavüzkarlarının Xocalıda Azərbaycan xalqına qarşı törətdikləri bu növbəti kütləvi qırğın zamanı 613 nəfərin, o cümlədən 63 uşaq, 106 qadın və 70 qocanın qətlə yetirildiyi və 1275 dinc sakinin əsir götürüldüyü qeyd olunur.
Azərbaycan xalqının öz torpaqlarını azad etmək və qanuni hüquqlarını geri qaytarmaq üçün mübarizə apardığını vurğulayan müəllif ermənilər tərəfindən törədilmiş qanlı Xocalı faciəsinin və kütləvi qətliamın XX əsrin ən dəhşətli cinayətlərindən sayıldığını, Ermənistan silahlı birləşmələrinin törətdiyi qətliamın ağlasığmaz qəddarlıqla və vəhşiliklə müşayiət olunduğunu oxucuların diqqətinə çatdırıb. Hadisənin baş verdiyi yerə gəlmiş xarici jurnalistlərin soyqırımı ilə bağlı fikirlərinə yer verən səfir bu dəhşətin miqyasını yerli ictimaiyyətə çatdırmaq üçün Xocalını Xirosima və Naqasaki faciələri ilə müqayisə edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul