AZƏRBAYCAN SƏRHƏDLƏRİ ETİBARLI MÜHAFİZƏ EDİLİR
Keçən ay 20 halda dövlət sərhədinin pozulmasının qarşısı alınmış, nəticədə Əfqanıstanın 11, Gürcüstanın 10, Azərbaycanın 7, İranın 5, Rusiyanın 1 vətəndaşı sərhəd pozucusu qismində tutulmuşdur. Sərhəd rejimi qaydalarını pozduqlarına görə 12 nəfər Azərbaycan vətəndaşı saxlanılmışdır.
İyulda axtarışda olan 41 şəxs saxlanılmış, 2 avtomat silah, 2 avtomat darağı, 7,62 millimetrlik 30 patron, “F-1” markalı 2 əl qumbarası və onun 3 alışdırıcısı müəyyənləşdirilərək götürülmüşdür.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə nəticəsində ay ərzində sərhədlərimizdən 1 kiloqram 11 qram tiryəkin, 15 qram kokainin keçirilməsinin qarşısı alınmışdır. Bunlardan əlavə, sərhədyanı rayonların ərazilərində 15 hektar sahədən ümumi çəkisi 27 ton 880 kiloqram olan 99 min 860 ədəd yabanı çətənə kolu və 0,8 hektar sahədən ümumi çəkisi 3 ton 200 kiloqram olan 5400 ədəd xaş-xaş kolu yığılaraq yerli icra hakimiyyəti nümayəndələri və hüquq mühafizə orqanlarının iştirakı ilə yandırılmışdır.
Qeyri-leqal miqrasiyaya qarşı mübarizədə Azərbaycanın 3, Özbəkistanın 2, Türkiyənin 2, İranın 1 vətəndaşı saxta sənədələrlə, Rusiyanın, Türkiyənin və Gürcüstanın hərəyə bir vətəndaşı başqasına məxsus sənədlərlə, müxtəlif ölkələrin 34 vətəndaşı isə müvafiq sənədləri olmadığına görə saxlanılmışlar.
Həmçinin, Türkiyənin 13, İranın 10, Filippinin 4, Pakistanın, Sinqapurun, İtaliyanın hərəyə 2, Kanadanın, Hollandiyanın, Litvanın, Çinin, Qananın, Polşanın və Malayziyanın isə hərəyə 1 nəfər vətəndaşı vizalarının olmamasına görə saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.
Ay ərzində qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilmiş və nəticədə 284 min İran rialının, 150 ABŞ dollarının, müxtəlif adda 632 dərman preparatının, 1.040 qutu siqaretin, 9.794 ədəd araq şüşəsi qapağının, müxtəlif diametrli 184 qiymətli daşın, dini mövzuda 1.070 kitabın, 6 min jurnalın, 10 min məlumat kitabçasının, 47 audio, 65 video kasetin və 19 SD diskin sərhəddən qeyri-qanuni keçirilməsinin qarşısı alınmışdır.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.