Azərbaycan startapı yeni tipli külək enerjisi turbinləri təklif edir
Bakı, 21 iyul, AZƏRTAC
Cari ilin mart ayında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən elan edilmiş 3-cü qrant müsabiqəsi üzrə qalib layihələrin maliyyələşdirilməsinə başlanılıb. “Kuleko” MMC-nin layihəsi olan “Kuleko - yeni tipli külək enerjisi turbinlərin yaradılması” qalib gələn 13 layihənin sırasında yer alıb.
AZƏRTAC xəbər verir ki, yeni külək qurğusu ənənəvi külək generatorlarından fərqli olaraq üfüqi oxlu olubdur və xüsusi stasionar panellərə (patent də bu panellərə alınıb) malikdir. Belə ki, klassik şaquli oxlu külək generatorları “ventelyatora” oxşayan qurğulardan ibarətdir və küləyin istiqamətindən asılı olaraq yerində fırlanmalı, yəni "küləyi tapmalıdır". Nəticədə belə generatorlar küləyi tapmaq üçün əlavə fırlanma mexanizminə malik olmalıdır. Yeni qurğu isə tamamilə fərqlidir və üfüqi şəkildə - yerə paralel yerləşdirilir. Belə olduğuna görə, küləyin istənilən istiqamətində fırlanır və çox yer tutmur. Nəticədə, bir yerdə çoxsaylı belə qurğu yerləşdirmək olur. Generatorun ölçüləri, tətbiq ediləcəyi yerindən asılı olaraq dəyişir. Hazırda 2,5x2,5 metr minimal işlək modeli üzərində işlər gedir.
"Kuleko"nun iki modifikasiyası var - akkumulyatorla (off-grid) və akkumulyatorsuz (on-grid). Akkumulyatorlu variantın üstünlüyü ondadır ki, qurğu işləyən zaman əldə edilən enerji akkumulyatora toplanır, nəticədə külək olmayanda da yığılan enerjini istifadə etmək olur.