ORDU
Azərbaycan sülhməramlılarının peşəkarlığı yüksək qiymətləndirilib

Bakı, 8 iyun, AZƏRTAC
Əfqanıstan İslam Respublikasında NATO-nun həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyası çərçivəsində Həmid Kərzai adına Kabul Beynəlxalq Hava Limanının (HİKA) təhlükəsizliyini təmin edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının nümunəvi xidməti və peşəkarlığı yüksək qiymətləndirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xidməti vəzifələrini yerinə yetirərkən fərqlənən Azərbaycan sülhməramlıları barədə HKİA Qarnizonu komandanı briqada generalı Murat Selçuk Çol tərəfindən nazirliyə minnətdarlıq məktubu ünvanlanıb.
Məktubda deyilir: “Əfqanıstan İslam Respublikasında NATO-nun həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyası çərçivəsində Həmid Kərzai adına Beynəlxalq Hava Limanının ərazisində xidmət keçən Azərbaycan sülhməramlılarının nümayiş etdirdiyi nümunəvi xidmətin səviyyəsindən böyük məmnuniyyət duyduğumu ifadə etmək istəyirəm.
Sizə Həmid Kərzai adına Beynəlxalq Hava Limanın hərbi hissəsində xidmət edən 52 ölkənin 5 min nəfərədək hərbi qulluqçusu və mülki işçisi adından təşəkkürümü bildirirəm.
Sayıq və intizamlı olmaqla yanaşı, göstərdikləri səylər nəticəsində Azərbaycan hərbçiləri təhlükəsizliyin təmin olunmasına, eləcə də qüvvələrin mühafizəsi qrupunun müvəffəqiyyət qazanmasına böyük töhfə verib. Azərbaycan sülhməramlıları sahib olduqları güclü dəyərlər və böyük məsuliyyət hissi ilə Türkiyə və digər beynəlxalq nümayəndələr ilə dostluq münasibətləri qurublar.
Azərbaycan bölüyünün bütün şəxsi heyəti ölkəsini yüksək səviyyədə nümunəvi şəkildə təmsil etməklə qazandıqları nailiyyətləri daha da önə çıxarmağı bacarıblar”.