Azərbaycan-Tacikistan əməkdaşlığının böyük perspektivi var – Şərh
Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycan-Tacikistan əməkdaşlığının bütün digər sahələrdə olduğu kimi, hərbi baxımdan da böyük perspektivi var.
Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin Tacikistan səfərini şərh edərkən bildirib.
Sədr müavini deyib ki, səfər iki dövlət arasındakı əlaqələrin inkişafında yeni səhifə açıb: “Dövlətimizin başçımızın Tacikistana səfəri hər şeydən əvvəl Azərbaycanın dost tacik xalqı ilə əməkdaşlığa verdiyi önəmi göstərdi. Bu səfər sübut etdi ki, Azərbaycan Tacikistanla əlaqələrin inkişafına xüsusi önəm verir, bu əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəltməyə çalışır. Bu baxımdan Azərbaycan Prezidentinin Tacikistan səfəri ikitərəfli münasibətlərin inkişafına ciddi fayda verəcək”.
Polkovnik Cəlil Xəlilov Tacikistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi də Azərbaycanla xoş münasibətlərə malik olduğunu vurğulayıb: “Tacikistan Ermənistanın da daxil olduğu KTMT-nin üzvüdür. Ermənistan hər zaman, xüsusilə də 44 günlük Vətən müharibəsi dövründə təşkilatı Azərbaycana qarşı hərbi əməliyyatlara cəlb etməyə çalışırdı. Lakin dövlətimizin apardığı uğurlu siyasət, o cümlədən bu təşkilata üzv olan ölkələrlə Azərbaycan arasındakı münasibətlərin səviyyəsi İrəvanın bu niyyətini puça çıxardı. KTMT Ermənistanın səylərinə baxmayaraq, müharibəyə qoşulmadı. Ermənistan təşkilatda öz dəst-xəttini, mövqeyini, siyasətini yürüdə və Azərbaycana qarşı hər hansı mövqe formalaşdıra bilmədi. Çünki KTMT-ə üz ölkələrin hər birinin, o cümlədən Tacikistanın Azərbaycanla yüksək səviyyəli münasibətləri var, ölkəmizin onlarla yaxın dostluq və strateji tərəfdaşlıq münasibətləri mövcuddur.
Bu baxımdan dövlətimizin başçısının bu ölkəyə səfəri Azərbaycan-Tacikistan əlaqələrinin daha da inkişafına müsbət təsir göstərəcək və böyük təkan verəcək”.