Azərbaycan təmsilçiləri “WorldSkills Asia” tərəfindən təşkil edilən beynəlxalq bacarıq yarışında mübarizəyə başlayır
Bakı, 28 iyul, AZƏRTAC
Bu gün Azərbaycan təmsilçiləri “Worldskills Asia 2021” bacarıq yarışlarında “Veb-dizayn və proqramlaşdırma” və “Kibertəhlükəsizlik” istiqamətləri üzrə mübarizəyə başlayır.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, sözügedən yarış gələcəkdə təşkil olunacaq digər bacarıq olimpiadalarında iştirak üçün əhəmiyyətli təcrübə hesab edilir. “Worldskills Asia 2021” namizədlərin bu növ yarışlara hazırlıq səviyyəsinin yoxlanılması baxımından da mühüm rol oynayır.
Qeyd edək ki, təmsilçimiz Kamil Səlimli “WorldSkills Azerbaijan” platforması tərəfindən ölkə səviyyəsində təşkil olunmuş və 100-dən artıq gəncin qeydiyyatdan keçdiyi, 2 mərhələdən ibarət veb-proqramlaşdırma yarışının qalibi olaraq beynəlxalq arenada ölkəmizi təmsil etmək hüququ qazanıb. Hüseyn Qəmbərov isə ötən həftə 30 iştirakçının qatıldığı kibertəhlükəsizlik istiqaməti üzrə Azərbaycanı təmsilçilik üçün təşkil edilən seçim mərhələsində fərqlənərək bu hüququ əldə edib.
Beynəlxalq yarış iyulun 5-dən avqustun 15-dək “WorldSkills Asia” tərəfindən 13 bacarıq istiqaməti üzrə onlayn formatda təşkil edilir. 26 müxtəlif ölkə təmsilçisinin mübarizə aparacağı bacarıq yarışlarına Azərbaycan iştirakçı qismində ilk dəfə qatılır.
Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Azərbaycan 2020-ci ildə peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən “WorldSkills” hərəkatına qoşulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.