Azərbaycan Turizm İnstitutunun əməkdaşları Rusiyada keçirilən Beynəlxalq fənlərarası elmi konfransda iştirak etmişlər
Bakı, 10 dekabr (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunun (ATİ) əməkdaşları Rusiyanın Mari El Respublikasının Yoşkar-Ola şəhərində keçirilən “İnsan, cəmiyyət, təbiət: qlobal transformasiya dövründə: təhlükəsizlik və inkişaf” mövzusuna həsr edilən Beynləxalq fənlərarası elmi konfransda iştirak etmişlər.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Povoljye Dövlət Texnologiya Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirdə Rusiya, ABŞ, Tacikistan, Azərbaycan və Türkiyənin ali təhsil ocaqlarının nümayəndələri iştirak etmişlər.
Konfrans işini 17 bölmədə davam etdirmiş, 400-dən çox məruzə dinlənilmişdir.
Üç gün davam edən elmi konfransda turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, dosent Bahadur Bilalov, o cümlədən institutun digər müəllimləri - Şəmsiyə Tahirbəyova, Qəhrəman Yusipov və Könül Rəfiyeva “Azərbaycan Respublikasının şimal-şərq regionunda etno-mədəni turizm ehtiyatları”, “Azərbaycanın Lənkəran iqtisadi rayonunun inkişafında turizm sənayesinin əhəmiyyəti”, “Mədəni turizmin inkişafının qlobal aspektləri” mövzularında məruzələr etmişlər.
Konfrans çərçivəsində dosent Bahadur Bilalov ABŞ-dakı Konkord Universitetinin nümayəndələri ilə birlikdə “Turizm və qonaqpərvərlik” bölməsinin işini aparmışdır.
Konfransın sonuncu günündə 2014-cü ilin may ayında turizmə dair beynəlxalq forumun keçirilməsi təklifi iştirakçılar tərəfindən razılıqla qarşılanmışdır.