SİYASƏT
Azərbaycan-Türkiyə qardaşlığı xoşbəxt gələcəyə hesablanıb- ŞƏRH

Bakı, 27 sentyabr, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri, Prezident İlham Əliyevlə görüşü, səsləndirilən fikirlər, imzalanan sənədlər dövlətlər və xalqlar arasında qardaşlıq və birliyin əbədi, sarsılmaz olduğunun ifadəsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev söyləyib.
Deputatın sözlərinə görə, səfər zamanı İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması, Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolunun, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikintisi haqqında Əməkdaşlıq Sazişinin imzalanması, Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışı dünyaya bir daha göstərdi ki, Azərbaycan - Türkiyə strateji tərəfdaşdırlar. Dövlətlərin, prezidentlərin dostluğu, həmrəyliyi hər iki ölkənin gələcək inkişafına böyük imkanlar yaradır, qüvvələri birləşdirir, birgə mübarizəyə yollar açır. Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi dövlətlərin münasibətlərində tarixi rol oynamaqla, əməkdaşlığı yeni müstəviyə qaldırır və milli təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyət kəsb etməklə əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
Tahir Rzayev vurğulayıb ki, Azərbaycan bu gün nəinki Türkiyə ilə münasibətlərin möhkəmlənməsinə, eləcə də dünya dövlətləri, Avropa ölkələri ilə əməkdaşlığa böyük önəm verir. Öz çıxışında Türkiyə Prezidenti bunu xatırladaraq bildirib ki, İğdır-Naxçıvan qaz kəməri layihəsi Azərbaycan ilə enerji sahəsində ortaqlığımızı daha da dərinləşdirəcəyi kimi, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcək. Uzunluğu 97,5 kilometr olan boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək.
“Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətinin iki dəfədən çox artırılması mümkün olacaq ki, bu da region üçün çox əhəmiyyətlidir.
Azərbaycan Prezidenti Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanmasını tarixi hadisə adlandıraraq bildirib ki, bu layihə orta dəhlizin bir qolu kimi həm Azərbaycan, həm Türkiyə, həm də digər ölkələrə xidmət göstərəcək. Dövlətimizin rəhbərinin çıxışında lokal xarakterli antiterror tədbirlərinə xüsusi önəm verməsi təsadüfi deyil. Prezident İlham Əliyevin bildirildiyi kimi, bu tədbir Azərbaycanın suverenliyinin tam təmin edilməsidir.
Prezident İlham Əliyev türkiyəli həmkarına müraciətlə qürurla qeyd etdi ki, “bu hadisə baş verəndə Siz Amerikada, Nyu-Yorkda idiniz, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmişdiniz və orada dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatlar vermişdiniz, ədalətli bəyanatlar vermişdiniz, tamamilə beynəlxalq hüquqa əsaslanmış bəyanatlar vermişdiniz: Qarabağ Azərbaycan torpağıdır. Bu, həm həqiqətdir, eyni zamanda, beynəlxalq hüquqa tam uyğundur. Eyni zamanda, Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımıdır”. Türkiyə və Azərbaycan prezidentlərinin bəyanatlarında səsləndirilən fikirlər, verilən mesajlar deməyə əsas verir və sübut edir ki, söylənilənlər, qarşıya qoyulan vəzifələr yalnız iki dövlətin xalqlarının mənafeyinə deyil, bəşəri ideyalara əsaslanır. Həmçinin dünya xalqlarının gələcəyi üçün əhəmiyyətlidir. Çünki qardaş dövlətlər separatizmdən, təcavüzdən, ədalətsizlikdən uzun illər əziyyət çəkib, nəhayət öz gücləri bahasına suverenliklərini təmin edib, müstəqilliklərini qoruyublar”,-deyə deputat vurğulayıb.
T. Rzayev əlavə edib ki, Türkiyə və Azərbaycan bu gün dünyada sülhün, əmin-amanlığın, əməkdaşlığın bərqərar edilməsi üçün bütün imkanlardan istifadə edir. Bu amal və əməl hər iki dövləti və rəhbərləri birləşdirir, xalqlarımızı xoşbəxt gələcəyə aparır.